Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:27

Ömrü boyu kitab oxuyanlar kimlərdir


Kitab
Kitab

Hamımızın ətrafında kitab oxumağı sevən insanlar var. Kənardan onlar kimi olmaq asan görünə bilər. Əlinə bir kitab götürüb oxuyursan, vəssalam. "Ancaq bu sadə prosesin arxasında motivasiya məsələsi dayanır. Görəsən, niyə bəzi insanlar böyüyüb oxumaqdan böyük həzz alır, digərləri isə yox?" – "The Atlantic" jurnalında dərc edilmiş məqalədə deyilir.

Bildiyimiz kimi, asudə vaxtda kitab oxumaq insanı akademik və peşəkar həyatda çox irəli apara bilər. İnsanın kitabsevər kimi böyüməsinin çoxlu səbəbləri olsa da, onun böyüdüyü ailə və valideynlərin yaratdığı oxu mədəniyyəti ən mühüm amil sayılır.

"Oxuyanlar sinfi"

ABŞ-ın Şimal-Qərb Universitetində çalışan sosioloq Wendy Griswold deyir ki, hər bir cəmiyyətdə asudə vaxtında çoxlu kitab oxuyan müəyyən bir qrup var. Bu qrupun sayı çox kiçik, yaxud cəmiyyətdə yetkin insanların yarısını təşkil edəcək qədər böyük ola bilər. Griswold bu qrupu "oxuyanlar sinfi" adlandırır. Onun sözlərinə görə, ABŞ-da "oxuyanlar sinfi" yetkin insanların 20%-ini təşkil edir. Onun sözlərinə görə, XIX əsrin ortalarından XX əsrin ortalarınadək ABŞ-da kitab oxuyanların sayı daha böyük olub. O zaman çap texnologiyaları sürətlə inkişaf edirdi. XX əsrin ortalarında kitab oxuyanların sayının azalması isə televiziyanın insanların həyatına daxil olması ilə bağlıdır.

Griswold deyir ki, insan nə qədər təhsilli olsa, oxumağa bir o qədər meylli olacaq. Bundan başqa, şəhər sakinləri kənd sakinlərindən daha çox oxuyur. Maddi imkanı qaydasında olan insanlar da daha çox oxuyur. Qızlar oğlanlardan daha tez oxumağa başlayır və böyüyəndə də oxumağa davam edirlər.

Ancaq bu da hamısı deyil. İnsanın xarakteri ilə kitab oxuması arasında əlaqə var. "İntrovertlər asudə vaxtlarında daha çox kitab oxuyurlar", - Virciniya Universitetinin psixologiya professoru Daniel Willingham jurnala müsahibəsində deyib.

Willingham insanın böyüdüyü evdə olan kitabların sayının əhəmiyyətini də vurğulayıb. Araşdırmalar göstərir ki, kitabların əhatəsində böyüyən uşaqlar təhsilin daha yüksək pillələrinə çatır və daha çox oxumağa meylli olur. Əlbəttə, kitabların sayı hər şeyi həll etmir. Uşağın məktəbdə necə oxuması, evdə kitabla keçirilən vaxt çox əhəmiyyətlidir.

Üç amil

Willingham özünün "Kitab oxuyan uşaqları necə böyütməli" (Raising Kids Who Read) adlı kitabında insanın ömür boyu kitab oxuyub-oxumayacağına təsir edən üç amili göstərib. Birincisi, uşaq səlis oxumağı bacarmalıdır. Yəni, çap olunmuş sözdən beyindəki şifahi sözə keçid çox rahat olmalıdır. Bunu, əsasən, məktəb öyrətsə də, valideynlər uşaqlarla birgə çoxlu kitab oxumaqla bu bacarığı daha da inkişaf etdirə bilərlər.

İkinci amil uşağın ətraf aləm haqqında geniş biliyə malik olmasıdır. "Uşağın, yaxud böyüyün mətni anlayıb-anlamaması onun bu mövzu haqda nə qədər çox bilməsi ilə bağlıdır", - Willingham deyir. Buna görə də valideynlər uşaqlarını ətraf aləm haqda məlumatlarla tanış etməyə çalışmalıdırlar.

Üçüncü komponentsə motivasiyadır. İnsanın kitab oxumağa baxışı müsbət olmalı, özünü kitab oxuyan insan qismində təsəvvür edərkən həvəslənməlidir. Sözügedən kitab da, əsasən, bu komponentə fokuslanıb.

Məlumdur ki, uşaqlar şokoladlı tortu tərəvəzlərdən daha çox sevirlər. "Əgər valideynlərin özləri oxuma prosesində həvəslə və müntəzəm iştirak edərsə, kitab oxumaq şokoladlı tort kimi görünəcək", – məqalədə deyilir.

"Mən divanda oturub kitab oxuyarkən uşaqlar də öz işləri ilə məşğul olanda düşünürəm ki, bu an onları tərbiyə edirəm. Onlar məni kitab oxuyarkən görürlər", – uşaq kitabları naşiri Maria Russo deyir. Naşir Pamela Paul isə deyir ki, "əgər mən şam yeməyindən dərhal sonra telefonuma, kompüterə, yaxud televizora baxıramsa", uşaqlar mütləq bunu nəzərə alacaqlar. Valideynlər daim uşaqlara asudə vaxtı necə keçirməkləri haqda mesaj ötürürlər.

XS
SM
MD
LG