Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:47

«Hərə özünə gün ağlayanda, hamının günü qara ola bilər»


Amerikada başlamış böhran dünyanın kredit bazarına 1 trilyon 400 milyard dollar ziyan vuracaq
Amerikada başlamış böhran dünyanın kredit bazarına 1 trilyon 400 milyard dollar ziyan vuracaq
Amerikanın kredit böhranı Avropaya çatanda bu qitənin liderləri elan etdilər ki, bir-birlərinə kömək edə bilməyəcəklər. Bir sözlə hərə özü öz başını saxlasın. «Financial Times» belə yazır.

Bu addım 1997-ci ildə Asiya böhranı vaxtı Yaponiyanın baş naziri Riataro Haşimotonun təcili çağırılmış Asiya sammitindəki məşhur çıxışını xatırladır. Haşomoto demişdi ki, Yaponiya bütün Asiyanı xilas edə bilməz, Yaponiya yalnız özü-özünü xilas edə bilər.

«Financial Times» yazır ki, Avropa Yaponiyanın 10 il əvvəl etdiyi səhvi təkrar edir, beləki, qarşılıqlı kömək olmasa, böhran dərinləşəcək. Məsələn, İrlandiya yeganə Avropa Birliyi ölkəsidir ki, bütün bank əmanətlərinə 100 faiz təminat verib, yəni burda əmanətin batması söhbəti yoxdur. İrlandiyanın bu təkbaşına hərəkəti nəticəsində hamı pulunu o biri ölkələrdən çıxardıb, İrlandiyaya qoymağa çalışa bilər ki, bu da Avropa Birliyi ölkələrinin banklarına böyük problem yaradacaq.

Nobel mükafatı laureatı Cozef Stiqlits Avropa Birliyini İspaniyanın orta əsrlərdəki məşhur «məğlubedilməz armada»sına bənzədir. Yüzlərlə gəmidən ibarət bu armadanı tufan məhv etdi, çünki gəmilər koordinasiya olunmurdu.

Bir neçə il idi ki, dünya iqtisadiyyatında 60 illik iqtisadi inkişaf siklinin başa çatdığını və böyük geriləmə olacağını deyən məşhur Amerika investoru Corc Soros bu dəfə «Wall Street Journal» qəzetində yazır ki, Amerikanın ipoteka sistemi sarsılıb, buna yenidən baxılmalıdır və Danimarka modeli təklif edilir.

1795-ci ildə Kopenhagendəki böyük yanğından sonra həyata keçirilən bu model indiyə kimi bütün böyük böhranlardan salamat çıxıb. Bu modeldə Amerikadakı kimi hökumət nəzarəti yoxdur, bu sistemdə hər şey aşkardır. İpotekaya pullar isə standart şəkildə müəyyən olunan xüsusi istiqrazların satışından əldə olunur. Evi borca alan şərt deyil ki, banka borcunu qaytarsın, o müəyyən olunmuş sayda istiqraz da ala bilər. Bunun fərqi və üstünlüyü nədir? Evin qiyməti düşəndə istiqrazların da qiyməti düşür və ev sahibi lazım olan sayda istiqrazı daha ucuz alır. Bu sistemdə ev sahibi demək olar ki, heç vaxt böyük zərərə düşmür.

«Financial Times» başqa bir məqaləsində yazır ki, Rusiya hökumətinin banklara kömək üçün ayırdığı 37 milyard dolların köməyi olmaya da bilər. Çünki Rusiyanın iqtisadi-siyasi sistemi elədir ki, bu kömək gedib xırda banklara çatmayacaq.

«Economist» jurnalı isə dünyadakı ümumi vəziyyəti belə təsvir edir: «Beynəlxalq Valyuta Fondunun yeni hesablamasına görə, Amerikada başlamış böhran dünyanın kredit bazarına 1 trilyon 400 milyard dollar ziyan vuracaq. Bu, fondun əvvəlki ehtimalından 50 faiz çoxdur. Amerikada ildə 9 faiz sürətilə artan kredit bazarında bu sürət 9 dəfə azalacaq. Kredit azalanda, əhali kredit ala bilməyəndə, mallar satılmayacaq, mal satılmayanda istehsal azalacaq, işsizlik yaranacaq.
XS
SM
MD
LG