Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Uşaq dəmiryolunun böyük problemi


Növbəti stansiya «Dədə Qorqud»
Növbəti stansiya «Dədə Qorqud»
Bakının yeganə Uşaq dəmiryolunun izinə düşdüm. Gözə ilk dəyən də elə boş qalmış dəmiryollar oldu. Onlar balaca sakinlərini 4 aya yaxındı ki tərkində daşımırdı. Qatar da uşaq səs-küyünə darıxmış kimi, «Dədə Qorqud» stansiyasında onların yolunu gözləyirdi. Gözləməkdən başqa əlindən nə gəlirdi ki?

Metronun «Gənclik» stansiyası yaxınlığından başlayan «Bahar» stansiyasına qayıdaq. Uşaq dəmiryolunun qatarları burda dalana dirənir.

«Bahar» stansiyasına ayaq basanda məni əvvəlcə restoran stol-stulu, sonra isə baş dispetçer qarşıladı. Elə uşaq qatarlarının niyə dayandığını da ilk olaraq ondan soruşdum. O, dəmiryolunu yarıdan kəsən təzə avtomobil yolunu, sonra isə onun kəsilib parkın içinə atılmış qalıqlarını göstərdi:

«Yola görədir, heç bir şey yoxdur. Qatarımız da var, vaqonumuz da. Bax, relslər var ha, görürsən? Yolu açanda 12 metr rels kəsdilər».

Qarşıda isə bu stansiyanı o biri ilə birləşdirən 1 kilometrlik cığır var. Təbii ki, bu yolu ayaqla gedəcəkdik. Bu qısa səfərdə valideyn Cavid Həsənovla yol yoldaşı oldum. Onunla yolboyu söhbət etdik:

«Məşqə getmək üçün qatara minirdik, düz stadionumuzun yanına gedirdi. İndi də qalmışıq belə…»
«Uşaqlar üçün həqiqi əyləncəli bir yer idi. Uşaqlar otururdular, özlərini həqiqi qatarda hiss edirdilər. 5-6 ay bundan qabaq müəmmalı şəkildə bağlanıb. Dedilər ki, təzə yolla əlaqədardır. Amma hələ ki qalıb. Uşaqlar da ağlayır, qatara minmək istəyirlər».

Uşaq dəmiryolunun daimi istifadəçiləri olan idmançı uşaqlar da onun bağlanmasına narazılıqlarını bildirdilər. Onları parkdan keçərkən yaxaladıq:

«- Məşqə getmək üçün qatara minirdik, düz stadionumuzun yanına gedirdi. İndi də qalmışıq belə. Bağlanıbsa, birdə düzələn deyil.
Belə yolla getmək narahatdır. Ondansa qatarla getmək yaxşı idi.

Əvvəl metro ilə gəlib qatara minirdim, indi isə avtobusla gəlirəm, hələ nə qədər yolu da piyada gedirəm.
Bizim üçün əyləncəli idi, istirahət edirdik, yorulmurduq, yaşıllığa baxırdıq».

Yolboyu istifadəsiz qalmış dəmiryolunun bir tərəfində, relslərdən cəmi 3-4 metr aralıda yaşayış evləri səpələnib. O biri tərəfində isə məişət tullantılarından yaranmış zibillikdə toyuqlar eşələnir. Həmsöhbətim Cavid Həsənov valideyn kimi buna da narazılığını bildirdi:

Dəmiryolu bura qədər…
«Düzü burda – bağda baxımsızlıq var. Bu yaşayış evləri isə, mən bilən, qanunsuz tikililərdir. Yəni bu ərazi uşaq dəmiryolunun ərazisidir».

Nəhayət, gəlib «Dədə Qorqud» stansiyasına çıxdıq. Stansiyada dəmiryol işçilərinin gözündə təəssüfə, valideynlərlə uşaqların üzündə isə narazılığa rast gəldim.

«Əvəzində heç nə etmədən parkı bağlamaq düzgün deyil. İndi dəmiryolunu bağlayıblar, bir azdan parkı sökərlər, axırda da göydələn ucaldılar. Yerdə nə qalacaq? Boş çöllük?»

Dəmiryolunun gözləmə otağı, qatarın isə 40 oturacağı gözləmədə idi.

Kəsilmiş reyslərin nə vaxt bərpa olunacağı barədə Uşaq dəmiryolunun rəis müavini Famil Tarverdiyev bunları dedi: «Üzü yaya yəqin tədbir görülər».

Bu parkda həyətdə içi balıqlı hovuzdan və cizgi filmlərinin personajları ilə bəzədilmiş vaqonlardan başqa uşaq əyləncəsinə yararlı bir şey yoxdur. Vaqonlar da ki, indi hərəkətsizdir .

Famil Tarverdiyev də qeyd edir ki, uşaqları cəlb etməyin yollarını tapmaq lazımdır:

«Təkcə uşaq dəmiryolunun bərpası ilə iş keçmir ki! Bütün park düzəlməlidir. Təkcə qatarla uşaqları bura cəlb etmək olmaz».

12 metr relsləri söküb kənara atıblar
Famil Tarverdiyev Uşaq dəmiryolunun ətrafındakı tikililərin də onların işlərinə mane olduğunu bildirdi: «Dəmiryolunun yaxınlığında yaşayış ümumiyyətlə olmamalıdır. Camaat gəlir, uşağı ordan qaçır, biri zibilini parka tökür. Gələcəkdə lazımdır ki, dəmiryolunun sahəsi sərhədlənsin, ora kənar adam keçə bilməsin».

Uşaq Dəmiryolunun yerləşdiyi park Nərimanov Rayon İcra Hakimiyyətinin tabeçiliyindədir. İcra hakimiyyətinin təsərrüfat işləri üzrə şöbənin müdiri Sabir Həsənov parkdakı zibillik və evlərdən xəbərdardır:

«- Tam nəzarətdədir. Keçən həftə iməcilik də olub.

Dəmiryolunun 3-5 aralığında yaşayış evləri də var.

Köçürüləcək hamısı.

Nə vaxt?

Mən dəqiq bilmirəm. Amma bu yaxınlarda başlanacaq».

Amma bizim park ərazisində gəzintimiz də keçən həftəyə təsadüf edirdi, gördüklərimiz də.

Sabir Həsənov onu da bildirdi ki, parkın yenidən bərpası işlərinə başlanacaq. Uşaqların parka marağını artırmaq üçün «Dədə Qorqud» kompleksinin qurulacağı da planda var.
XS
SM
MD
LG