Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:50

«Azercell» əvvəlki kimi himayə edilmir»


Azercell Plaza
Azercell Plaza
Dünyada elə yerlər var ki, televiziyaya telefonda baxırlar. Həmişə səninlə olan əşyanın bircə düyməsini basmaq kifayət edir ki, sevimli verilişinə dağ başında da tamaşa edəsən. Bu, 3G, yəni, üçüncü nəsil GSM sistemi işləyən ölkələrdə mümkündür. Mobil telefonların üçüncü nəslində informasiyanın yayılması o qədər sürətlidir ki, belə sistemi olanlar qəzeti də telefonda oxuya bilirlər. Üstəlik, 3G-nin maya dəyəri ucuz başa gəlir deyə, xidmətin qiyməti də ucuzdur. Bu sistem Gürcüstana qədər gəlib, amma Azərbaycana hələ çatmayıb.
Mobil rabitə bazarının təqribən 80 faizinə nəzarət edən «Azercell» şirkəti bu sistemi tətbiq etmək istəyir, hətta müvafiq müraciət də göndərib, amma hələ ki, icazə ala bilməyib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovsa deyir ki, hazırda lisenziya sistemini təkmilləşdirirlər:
«Müxtəlif fikirlər var. Düşünürük ki, yaxın vaxtlarda mobil telefondan daha üstün səviyyədə və daha üstün bölümlərə ayrıca lisenziya verilməsi ilə bağlı qərar qəbul ediləcək».
Bir neçə il əvvələ qədər hökumət 3-cü GSM mobil operatoruna da lisenziya vermirdi, deyirdi ki, hələ ki, bu sistemi təkmilləşdirir.
Adının çəkilməsini istəməyən telekommunikasiya üzrə ekspert isə «Azadlıq» radiosuna deyir ki, hökumətin 3G üçün lisenziyanı gecikdirməkdə məqsədi var:
«İstəyir ki, bu lisenziyanı bazarda ona daha yaxın olan şirkətlər alsın. «Azercell» bazarda kifayət qədər güclüdür, əvvəlki illərdə olduğu kimi himayə edilmir».
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev bu məlumatı belə şərh edir:
«Əgər lisenziyanın verilməməsi üçün ciddi əsas yoxdursa, bu, qanun pozuntusudur. Bazarda hansısa az payı olan şirkətin gücləndirilməsinə və «Azercell»in sıxışdırılmasına xidmət edir».
«Azercell» şirkətinin sözçüsü Rüfət Abbasov isə hökumətin ögey münasibəti barədə versiyanı rədd edir. Deyir ki, əksinə, onlar hökumətlə əməkdaşlıqdan razıdırlar.
Müşahidəçilərsə deyirlər ki, 3G kimi yeni texnologiyaların tətbiqi bu sektoru inkişaf etdirərdi. İqtisadiyyatın başqa sahələri kimi bu sahə də azad deyil. İndi dövlət büdcəsində informasiya texnologiyalarından gələn gəlir 0,5 faizdir. Ümumi Daxili Məhsulda bu sektorun payı 2 faizə çatmır. Məsələn, Finlandiyada, Baltikyanı ölkələrdə bu rəqəm 10-12 faizə qədərdir. Post-indrustial cəmiyyətlərdə informasiya texnologiyaları sektoru büdcənin formalaşmasında əhəmiyyətli rol oynayır.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu:
«Kompyuter və telekommunikasiya avadanlıqları ölkədə istehsal olunmur. Bu infrastrukturu təzələmək lazımdır. Amma bunu hökumət etməli deyil, şirkətlər etməlidir. Bunun üçün isə hökumət rəqabətli mühit yaratmalıdır».
Azərbaycan bazarında isə hökumət, konkret desək, informasiya texnologiyaları siyasətini həyata keçirən təşkilat - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həm də bazarın iştirakçısıdır. Məsələn, nazirliyin təşkilatı «Aztelekom» həm idarəedici qurumdur, həm də ki, rayonlarda bütün telekommunikasiya xidmətlərini həyata keçirir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, elə bu səbəbdən də nazirliklə özəl sektorun maraqları toqquşur:
«Dünyada, məsələn, Gürcüstanda və Ukraynada bazarı tənzimləyən müstəqil qurumdur. Xidməti isə özəl sektor göstərir. İndi maraqlar toqquşur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi maraqlıdır ki, büdcəyə pulu özü qazanıb versin. Ona görə də özəl şirkətin bazara girməsinə ehtiyac görmür».
Osman Gündüz deyir ki, bu sahədə çatışmayan cəhətlər çoxdur. Məsələn, internet xidməti Türkiyədəkindən 20 dəfədən də bahadır. Azərbaycanda internetə çıxış imkanı azdır. İstifadəçilərin 60 faizi hələ də internetə modemlə daxil olurlar. Başqa ölkələrdə isə bu üsul çoxdan istifadə olunmur.
Bütün bu problemin kökündə isə hökumətin bazarı azad buraxmaması dayanır.
İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov isə deyir ki, bu sektorda rəqabət hər zaman artmalıdır.
XS
SM
MD
LG