Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:29

«Əks fikrə qarşı kolxoz iclası səviyyəsində hücumlar yolverilməzdir»


Xalq yazıçısı Əkrəm Əylisli
Xalq yazıçısı Əkrəm Əylisli
«Yeni Müsavat»: Xalq yazıçısı Əkrəm Əylisli parlamentdə Rüstəm İbrahimbəyovun müsahibəsi ilə bağlı açılan müzakirələr münasibət bildirib. «Deyirlər Rüstəm İbrahimbəyov Azərbaycanın imicinə zərbə vurur. Bu, tamamilə mənasız və məzmunsuz sözdür. Əvvəla, Azərbaycanın imicini bunlar çox primitiv və çox bayağı başa düşürlər. Öz içimizdə kiminsə kiməsə tərif deməsi, başqasına xoş gəlmək üçün canfəşanlıq etməsi Azərbaycana imic yaratmır. Azərbaycanın imicini indiki şəraitdə sağlam, ağıllı, intellektual, təfəkkürlü və demokratik söz müəyyənləşdirə bilər».
Yazıçı daha sonra bildirib: «Elitar təfəkkür əyalətçi təfəkkürə qarşı olan bir şeydir. Əyalətçi təfəkkür coğrafi məfhum deyil. Əyalətçi deyəndə kimin harada anadan olduğunu nəzərdə tutmuruq. Sən kənddə, dağın kəlləsində də doğula, orda yaşaya bilərsən. Amma əyalətçi təfəkkür tərzi var ki, bu, sadəcə, primitiv təfəkkür tərzidir. Bu, şəhərdə də mümkündür, kənddə də. Bir də Rüstəm deyir Azərbaycanda birdən-birə demoqrafik vəziyyət o qədər kəskin şəkildə dəyişdi ki, şəhər öz tərkibini dəyişdi. Yəni şəhər əvvəlki intellektual, əxlaqi şəklindən və ruhi formasından çıxdı. Burda qeyri-adi bir söz yoxdur».

«Üç nöqtə»: Prezident seçkisinin yekunları Madriddə müzakirə ediləcək. Avropa Şurasının (AŞ) xüsusi bürosu və daimi komitəsinin noyabrın sonunda Madriddə keçiriləcək iclasında Azərbaycandakı prezident seçkisinin yekunları nəzərdən keçiriləcək. «Hazırda mənim Madriddə keçiriləcək iclasda təqdim edəcəyim seçki üzrə hesabatın sonuncu hazırlanma mərhələsi gedir». Bunu AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel bildirib. Onun sözlərinə görə, Azərbaycanda prezident seçkisi üzrə yekun hesabat iki həftədən sonra Parisdə iclas keçirəcək xüsusi monitorinq komitəsinə təqdim ediləcək.
«Bizim Yol»: «Növbəti seçkidə başqasını prezident vəzifəsinə gətirə bilərlər». Qəzetə müsahibə verən Qulamhüseyn Əlibəyli belə deyib. O, bildirib ki, prezident seçkilərindən əvvəl təsis etdiyi Aydınlar Partiyasının təsis qurultayına hazırlaşır. O, ölkədə hər hansı dəyişiklik gözləmədiyini deyib: «Hələ ki, başqa bir dəyişiklik yoxdur. Bəlkə gələcəkdə nəsə olsun. Cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışını dinlədikcə, aydın oldu ki, onun sosial-iqtisadi vəzifələrlə bağlı fikirləri artıq köhnəlib. Mahiyyət etibarı ilə bir yenilik görmədim. Həm də Nazirlər Kabinetinin köhnə tərkibinin saxlanılması buna əyani sübutdur. Çünki bir nazirin istefaya göndərilməsi problemləri həll etmir. Mən düşünürəm ki, Nazirlər Kabineti bütövlükdə dəyişilməliydi».

«Yeni Azərbaycan»: «Türkiyə tərəfindən bu yaxınlarda irəli sürülmüş Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının əsas mahiyyəti ondan ibarətdir ki, bu bölgədə yaşayan bütün ölkələr bir-biri ilə normal münasibətlər qura bilsinlər, narahatlıq yaradan bütün məsələlər həll olunsun, qarşıdurmaya son qoyulsun və bölgədə sülh təmin edilsin». Prezident İlham Əliyev Türkiyə rəsmi səfərdə belə bəyanat verib. Dövlət başçısı daha sonra bildirib: «İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Bu məsələnin ədalətli həll edilməsi üçün göstərdiyi səylərə görə biz Türkiyəyə daim minnətdarıq, Türkiyənin bu işlərdə fəal olmasını alqışlayırıq. Qafqazda gedən proseslərdə Türkiyənin fəal olmaq təşəbbüslərinə biz çox böyük ümidlərlə baxırıq. Hesab edirik ki, bunun çox gözəl nəticələri ola bilər və ilkin xoş məqamların əlamətlərini görürük».
XS
SM
MD
LG