Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:31

«Söküntü» planları və tikinti tənəzzülü


«Xruşşovka»
«Xruşşovka»
«Stalinka» və «Xruşşovka»ların söküləcəyi barədə xəbərlər belə binalarda yaşayanları əməlli-başlı narahat etməyə başlayıb. Bir neçə gün əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun köhnə binaların söküləcəyi barədə dedikləri 40 ildən bəri «Xruşşovka»da yaşayan Solmaz Zamanovanın yuxusunu da qarışdırıb. Deyir ki, neçə gecədi yuxuda binalarının söküldüyünü görür:

«Mənim 82, yoldaşımınsa 80 yaşı var. Bizim övladlarımız, nəvələrimiz var, onlar gedib küçələrdə yaşasınlar? Bir neçə il əvvəl zəlzələ olanda bu binaya heç nə olmadı. Nə olub bu evlərə? Yaxınlıqda təzə tikilən bina uçdu, adamlar da qaldı altında, o yaxşıdı?!»

Bir müddət əvvəl metronun «Elmlər Akademiyası» stansiyası yaxınlığındakı beş mərtəbəli binanın qəzalı vəziyyətdə olduğu əsas gətrilərək evlərindən çıxarıldıqlarını deyən Sevinc Babayevanın sözlərinə görə, onlara verilən vədlərdən bir səs-soraq yoxdur. Elə bu səbəbdən də S.Babayeva deyir ki, göz gördüyündən qorxar.

Ötən ilin avqustunda 25 nəfərin ölümüylə nəticələnən bina uçqunundan zərər çəkən digər bir bina isə hələ də sökülməkdədir. Binanı sökən fəhlələrin dediyinə görə, indi bina tikmək sökməkdən qat-qat asandır:

«Bina sökmək asan işdirmi?»

Bakı sakinləri arasında köhnə binaların sökülməsinə münasibətsə müxtəlifdi. Adamlar hesab edir ki, həmişə olduğu kimi, yenə də zərər çəkən sıravi adamlar olacaq.

Köhnə binaların sökülməsiylə bağlı məlumatları hələlik müsbət qarşılayanlar ev alqı-satqı müəssisələridir. Daşınmaz əmlakın alqı-satqısıyla məşğul olanlar hesab edirlər ki, bu, onların işində az da olsa canlanma yaradar.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən isə deyirlər ki, onlar hansısa binanı sökmür və xidmət rəisinin bir neçə gün əvvəl dedikləri bəzi mətbuat orqanlarında yalnış şərh edilməkdədir. Xidmətin hüquq və beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Mustafa Rəşidov deyir ki, bu barədə hökumətdə müzakirələr aparılsa da, onlarda yekun nəticə ilə bağlı məlumat yoxdur:

«Hökumətin hansı qərara gələcəyi hələ məlum deyil».

M.Rəşidov deyir ki, bu problem digər sovet respublikalarında da mövcuddur. Artıq Azərbaycan üçün nümunə ola biləcək addımlar atanlar da var:

«Məsələn, Qazaxıstanda bu tipli binaların sökülməsi yox, yenidən bərkidilməsi və qurulması qərara alınıb».

Mustafa Rəşidov deyir ki, bütün hallarda əgər mülkiyyət sahibləri öz müklərindən məhrum olacaqlarsa, bunun əvəzi tam ödəniləcək, ya mənzil, ya da pul formasında.

Amma «Stalinka» və «Xruşşovka» tipli binalarda yaşayanlar bu deyilənlərə o qədər də inanmırlar. Adamlar deyirlər ki, indiyə qədər belə hallar çox olub və nəticəsi də göz qabağındadır. Öz evləri qalsa daha yaxşıdır.

Amma müstəqil ekspertlər neftin qiymətinin ucuzlaşdığı məqamda belə bir ideyanın reallaşacağına inanmırlar. Azad İqtisadiyyata Yardım Birliyinin rəhbəri Zöhrab İsmayılsa bunu köhnə ideya sayır. Hesab edir ki, bu, ölkədə tikinti tənəzzülünün qarşısını almağa yönəlib.

Ekspertlərin başqa bir ehtimalı da onunla bağlıdır ki, bu bəyanatlar təkcə yeni mənzillərin alıcılarının çoxalmasına deyil, həm də, «Xruşşovka» və «Stalinka»lardakı mənzillərin ucuzlaşmasına hesablanıb. Bu ehtimala görə, indi bütov bir binanı almaq istəyən tikinti şirkətləri mənzillərin onsuz da bir gün söküləcəyini düşünən vətəndaşlarla daha tez dil tapa bilərlər.
XS
SM
MD
LG