Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

İstək, inam və iradə


Həbsdə olan jurnalistlər yenə əfv olunmadı
Həbsdə olan jurnalistlər yenə əfv olunmadı
«Siyasətçilər və məmurlar ona hazır olmalıdırlar ki, onlara qarşı tənqidin sərhədləri digər vətəndaşlarla müqayisədə daha geniş ola bilər». Bu fikir Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrində ifadə olunub. Onu təsadüfən xatırlamadıq. Qurban bayramı ərəfəsində növbəti əfv fərmanının imzalanacağı və həbsdə olan jurnalistlərin azad olunacağı haqda xəbərlər dolaşırdı. Ümidlər böyük idi, çünki çoxlu sayda müraciətlər də olmuşdu. Qənimət və Sakit Zahidovlara atalarının dəfnində iştirak etmək üçün yeddi günlük icazə verilməsi bu ümidləri daha da artırmışdı.
Amma əfv fərmanı verilmədi. Böyük məyusluq yarandı, xüsusən də həbsdə olan jurnalistlərlə bağlı. Hakimiyyət növbəti dəfə azad sözə və müstəqil mətbuata qarşı dözümsüzlüyünü büruzə verdi və ölkədəki siyasi mühitin mülayimləşməyəcəyi ilə bağlı ehtimalları bir daha təsdiq etdi.
Hər yerdə olduğu kimi, Azərbaycanda da İnsan Haqları Bəyannaməsinin 60 illiyi qeyd edilir. Ombudsman İnstitutu fəaliyyət göstərir. Konstitusiyanın maddələrinin böyük bir qismi insan hüquq və azadlıqlarına həsr olunub. Ölkədə insan haqlarının vəziyyətilə bağlı BMT-yə hesabat göndərilir! Amma bütün bunların real faydası varmı? İnsanlar gündəlik həyatda demokratik ölkədə yaşadıqlarını hiss edirlərmi?
Söz və mətbuat azadlığı bütün digər azadlıqların fundamentidir. Bəli, formal olaraq həbsdə olan jurnalistlərin hamısı qeyri-siyasi maddələrlə məhkum olunublar. Guya ki, onlar yazılarına görə, məsuliyyətə cəlb olunmayıblar! Amma bu formalizm heç kimi inandırmaq iqtidarında deyil - nə cəmiyyətin özünü, nə də beynəlxalq təşkilatları! Dünyada elə bir beynəlxalq demokratik təşkilat və institut yoxdur ki, həbsdə olan azərbaycanlı jurnalistlərlə bağlı etirazını bildirməsin. Amma bütün bu etirazları və iradları hakimiyyətin ən yüksək zümrəsi nəzərə almır, onları «qeyri-obyektiv» adlandırır, dünyanın nüfuzlu beynəlxalq təşkilatları «müxalifətin dostları» kimi qiymətləndirilir.

Tarixdə azad sözə və fikrə qarşı mübarizə həmişə ən gülünc məşğuliyyət olub. Min illər ərzində nə qədər diktatorlar və müstəbidlər olub dünyada! İndi onların heç biri yoxdur. Amma azad söz olub, var və həmişə olacaq!..

Jurnalistlərin əfvi ilə bağlı hakimiyyətin maraqlı mövqeyi var: «Əvf olunan jurnalistlər islah olunmurlar!».
Jurnalistin «islah olunması» nə deməkdir? Bəlkə jurnalistika nə vaxtdansa kriminal mahiyyət kəsb etməyə başlayıb? «İslah olunmaq» anlayışı bir qayda olaraq kriminal ünsürlərə, həqiqətən də cinayət törətmiş insanlara aid edilir! Bəlkə hökumətin yanlış siyasətini tənqid etmək, insanları məlumatlandırmaq, onlara öz fikirlərini ifadə etmək üçün şərait yaratmaq da kriminal fəaliyyət sferasına daxil edilib?
«İslah olunmaq» fikrinin arxasında hansı niyyətin dayandığı aydındır. Hakimiyyət susmağı və itaət etməyi tələb edir. İlk baxışda belə təəssürat yaranır ki, müstəqil mətbuat artıq tamamilə öz təsirini itirib. Əslində isə belə deyil. Sözsüz ki, problemlər böyükdür. Mətbuat kütləviliyini itirib, jurnalist peşəsi daha əvvəlki kimi cəlbedici deyil. Amma təsir qalıb. Mətbuatın oxucuları elə ilk növbədə məmurların özləridir. Əgər belə olmasaydı, jurnalistlərə qarşı təqiblər, məhkəmə prosesləri, həbslər azalardı. Bu hakimiyyətin ən maraqlı xüsusiyyətlərindən biri də həm də budur ki, öz təbliğat maşınının heç kimi inandırmaq iqtidarında olmadığını başa düşür və elə bu səbəbdən də daim təlaş keçirir. Bu gün orta statistik vətəndaşı səciyyələndirən iki əsas xüsusiyyət var: inamsızlıq və ümidsizlik.Yerli telekanallara baxanların sayı gündən-günə azalır, hakimiyyət qəzetlərini heç kim oxumur! Üstəlik, insanlar sadəlövh də deyillər. Ölkədəki siyasi sistem bəzi xüsusiyyətlərinə görə, orta əsrləri xatırlatsa da, hər halda indi 21-ci əsrdir! Zaman həm də davranış tərzi və dünyagörüşü deməkdir...
Həbsdə olan jurnalistlər əfv olunmadı. «Diffamasiya haqqında» qanun qəbul edilmədi. Mətbuat üzrə ombudsman bu vaxta qədər təyin olunmayıb. Mətbuat və jurnalistika ilə bağlı real vəziyyət budur. Getdikcə belə təəssürat yaranır ki, Azərbaycanla Türkmənistan arasındakı fərq ondadır ki, sadəcə biri Xəzərin qərb, digəri isə şərq sahilində yerləşir. Bəlkə Türkmənistanda da İnsan Haqları Bəyannaməsinin 60 illiyi qeyd olunub?! Niyə də olmasın ki!
Amma bütün çətin situasiyalardan bir çıxış yolu olur. ABŞ prezidenti Kennedinin məşhur sözü var: «Soruşma ki, Amerika mənim üçün nə edib? De ki, sən Amerika üçün nə etmisən!». Bu sözləri dövlətə və hökumətə qarşı təmənnasızlıq kimi yozmaq lazım deyil. Söhbət ondan gedir ki, hətta öz hüquqları uğrunda mübarizə aparan və öz həyatını qurmağa cəhd edən insan son nəticədə cəmiyyətin ümumi durumuna təsir etmiş olur. Bunun üçün istək, inam və iradəyə ehtiyac var.
Tarixdə azad sözə və fikrə qarşı mübarizə həmişə ən gülünc məşğuliyyət olub. Min illər ərzində nə qədər diktatorlar və müstəbidlər olub dünyada! İndi onların heç biri yoxdur. Amma azad söz olub, var və həmişə olacaq!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG