Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

«Azərbaycandakı çinlilər himayə edilir»


Adı Sen olan çinli qız Bakının mərkəzində çanta satmaqla məşğuldur
Adı Sen olan çinli qız Bakının mərkəzində çanta satmaqla məşğuldur
- Azərbaycan dilində danışa bilirsiz?

- «Net», «net».

- Bəs burda necə alver edirsiniz?

- «Ne znayu».

- Hardan gəldin Azərbaycana?

- «Kitay», «Kitay», Çin.

- Sizin adınız nədir?

- Yo.

- Azərbaycan dilində danışa bilməməyiniz ticarətə mane olmur ki?

- Salam, necəsən, nə var, nə yox?

(Azərbaycan dilində bildiyini sübut etməyə çalışır)

Onlar öz ölkələrinə Çonqua deyirlər. Bir milyarddan artıq əhalisi olan Çinin vətəndaşlarına dünyanın hər yerində rast gəlmək olar. Bakıda isə onlardan yalnız üçünü tapa bildik. Adı Sen olan çinli qız Bakının mərkəzində çanta satmaqla məşğuldur. Çox az adamın başa düşdüyü çin dilindən başqa dil demək olar bilmir. Ona görə də müştərilərlə çətin anlaşır. Yo isə çətin anlaşılan rus dilində bizə anlatdı ki, Azərbaycan haqda burada xırda alver, daha doğrusu, küçə ticarəti ilə məşğul olan başqa çinlilərin dilindən eşidib.
O, bura pul qazanmaq üçün gəldiyini deyir.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev də deyir ki, son iki ildə Azərbaycanda Çindən gələn əmək miqrantlarının sayı xeyli artıb. Mərkəzin apardığı monitorinqlər göstərir ki, çinlilərin əsas mərkəzi Azərbaycanın cənub bölgəsindədir. Burada səyyar ticarətlə məşğul olan çinlilərin sayı təxminən 1000-ə yaxındır. Bir neçə ay öncə «Azadlıq» radiosu Astaradan olan qızlarla evlənən iki çinlinin toy mərasimi ilə bağlı xəbər də yaymışdı. Əlövsət Əliyev deyir ki, Azərbaycan vətəndaşlarının özləri işsizlik problemi ilə üz-üzə qaldığı məqamda uzaq bir ölkənin vətəndaşlarının burada özlərinə çörəkpulu qazanmasının bir sıra səbəbləri var:

- Çinlilərin Azərbaycana belə ayaq açması Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır. Rusiya ərazisində məskunlaşan çinlilər Azərbaycana üz tutub. Çünki Azərbaycanın miqrasiya siyasəti Rusiya ilə müqayisədə daha yumşaqdır. Həm də bu insanlar himayə edilməsələr, ölkədə belə geniş yayıla bilməzlər. Onları hələlik gözəgörünməyən qüvvələr idarə edir. Çünki hətta Azərbaycan vətəndaşları belə açıq şəkildə səyyar ticarətlə məşğul ola bilmirlər.

Azərbaycana gələn əcnəbilər 30 gün müddətində ölkəni tərk etməlidirlər. Tərk etməsələr, qanunsuz yaşayan miqrant sayılırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkçi miqrantlarla idarəsinin rəisi Rauf Tağıyev isə deyir ki, Azərbaycanda yalnız hüquqi və fiziki şəxslərin yanında qeydiyyatdan keçən əcnəbilər əmək miqrantı sayılır. Belə şəxslərin sayı isə o qədər də az deyil - 4161 nəfər.

Dövlət Əmək Müfəttişliyindən isə bildirilər ki, Azərbaycanda olan əmək miqrantları ilə bağlı bu idarədə hər hansı qeydiyyat və iş aparılmır.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Azərbaycandakı çinli işçilərin çoxu əmək fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almayıb. Fiziki şəxs kimi VOEN-lə təmin olunmayıblar. İndi Azərbaycan qanunları bu şəxsləri ölkə ərazisində «müvəqqəti olanlar» adlandırır. Ekspert deyir ki, miqrasiya tənzimlənməyəndə dövlətlər üçün bəlaya çevrilir:

- Tənzimlənən miqrasiya isə dövlətlərə inkişaf gətirir. Milli mənsubiyyətindən, etnik mənşəyindən asılı olmayaraq dövlət bütün miqrantlarla bağlı hüquqi məsələləri tənzimləməkdə maraqlı olmalıdır.

Əlövsət Əliyevin sözlərinə görə, indiyə qədər çinlilərlə bağlı ciddi bir cinayət olayı qeydə alınmasa da, bütün hallarda dövlət bü məsələlərə nəzarət etməlidir. Dünya təcrübəsi göstərir ki, əməkçi miqrantlar özləri ilə satlıq mal, böyük mənada mədəniyyətlə yanaşı həm də xəstəliklər daşıyırlar. Elə bircə bu səbəbə görə, dövlətin əməkçi miqrantlarla bağlı vəziyyətə ciddi nəzarət etməsinə dəyər.
XS
SM
MD
LG