Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Hüququ Allah verirsə...


İctimai-siyasi təşəbbüslər bir qrup partiya üzvünün, QHT nümayəndəsinin, jurnalistin mənəvi borcuna çevrilib
İctimai-siyasi təşəbbüslər bir qrup partiya üzvünün, QHT nümayəndəsinin, jurnalistin mənəvi borcuna çevrilib
«Doğulan andan bütün insanlar bərabər hüquqlara malikdirlər!» Bu sətirlər öz sehrli qüvvəsi ilə əsrlər boyu insanları mübarizəyə sövq edib. Düzdür, hüququn mənşəyi ilə bağlı həmişə gərgin mübahisələr olub – fəqət, «təbii hüquqlar nəzəriyyəsi» təsirinə görə həmişə digərlərini üstələyib, əksər beynəlxalq sənədlərin preambulasında və maddələrində öz əksini tapıb.
İndi bu, bir qədər xatirə kimi səslənir, çünki artıq həmin sənədlərin sətir-sətir öyrənildiyi 80-ci illər deyil, hakim partiyanın ömürlük prezident postunu təsdiq etmək üçün heç bir yerli və xarici rəylə hesablaşmadığı, böyük addımlarla öz məqsədinə yaxınlaşdığı 2008-ci il və nə qədər qəribə olsa da 21-ci əsrdir!
Ən Ali Məhkəmə İnstansiyası – Konstitusiya Məhkəməsi də sözünü dedi. Nə demək lazım idisə, onu da dedi! Heç kim başqa cavab gözləmirdi. Bura başqa ölkə, heç Türkiyə də deyil ki, Ana Yasa Məhkəməsi hakimiyyətə zidd getsin, hətta hakim partiyanı qapamaq fikrində bulunsun! Bura Azərbaycan-«analoqu olmayan» ifadəsinin çox-çox sevildiyi, «əzizləndiyi» ölkədir!

Hətta bu boyda hadisə adi bir şou-biznes qalmaqalının qaldırdığı ictmai rezonans qədər əks-səda yaratmadı. Bəlkə bundan sonra olacaq? Bəlkə bundan sonra nəsə baş verəcək? Ziyalılar qalaq-qalaq məktublar göndərəcəklər Prezident Aparatına?! Tələbələr etiraz aksiyaları keçirəcək?! Kim bilir? Amma yanlış gümanlara qapılmaq əbəsdir. Yerlilər bir tərəfə qalsın, AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel deyir ki, son hadisələri bilavasitə izləməmişəm, ona görə də bu mövzunu təhlil etməkdə çətinlik çəkirəm! Eləcə də Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib ki, bu təklifi şərh etməyəcəyəm, Avropa İttifaqının bununla bağlı heç bir tövsiyəsi və ya xüsusi fikri yoxdur!

«Qoy, məhdudiyyət götürülsün, seçkilər ki, qalır! Deməli, mübarizə də qalır». İndi müxalifət arasında bu cür fikirlər dolaşır. Bunu təskinlik, həm də ifrat optimizm kimi də yozmaq olar!
İctimai-siyasi təşəbbüslər bir qrup partiya üzvünün, QHT nümayəndəsinin, jurnalistin mənəvi borcuna çevrilib. Amma onların da cəhdləri getdikcə simvolik xarakter daşıyır, çünki cəmiyyətin müdafiəsini və müdaxiləsini hiss etmirlər.

«Qoy, məhdudiyyət götürülsün, seçkilər ki, qalır! Deməli, mübarizə də qalır». İndi müxalifət arasında bu cür fikirlər dolaşır. Bunu təskinlik, həm də ifrat optimizm kimi də yozmaq olar! Təbii ki, bu fikirlərdə də müəyyən məntiq var. Məhz bu məntiq Nelson Mandelaya 27 il həbsdə qalmağa güc verdi. Sovet düşərgəsinin dissidentləri on illərlə sistemin dəyişməsini, demokratiyanın gəlişini gözlədilər. Amma söhbət tək bir məhdudiyyətin götürülməsindən gedirmi? Heç bir müqavimətlə qarşılaşmayan hakimiyyət siyasi hüdudsuzluğa, mütləq idarəçiliyə can atmayacaqmı? Söhbət bundan gedir!

Artıq əsas müxalifət partiyaları belə prezident seçkisində hakimiyyətlə yarışmağın mənasızlığını başa düşüblər, çünki səbəb aydındır: ölkədə seçki yox, təyinetmə proseduru bərqərar olub! Digər seçkilərə isə ona görə həvəs göstərilir ki, burada hakimiyyət demokratik dövlət imitasiyası yaratmaq üçün müxalifətə kiçik şanslar verir – məsələn, parlamentdəki 125 yerdən 2-3-nü, 20000 yaxın bələdiyyələrdəki yerlərin 5-6-sını müxalifətə verir! Hətta onlardan birini-ikisini seçib Avropa Şurasına da göndərir ki, baxın, görün, Azərbaycanda da müxalifətçi deputatlar var!

Sözsüz ki, insanlar pozitiv analizlər, proqnozlar gözləyirlər. Amma analiz də, proqnoz da real tendensiyalara əsaslanmalıdır. Onu da inkar etmək olmaz ki, sosiologiyanın, politologiyanın, lap fəlsəfənin və tarixin də müəyyən qanunauyğunluqları var, hətta bəzən siyasi və iqtisadi proseslərə adi təsadüflərin böyük təsiri olur! Bunlar mübahisəsizdir. Amma filosoflar, xüsusən də Karl Popper kimiləri çoxdan yazıblar ki, təbiətin qanunlarından fərqli olaraq ictimai qanunlar «konvensional» xarakter daşıyır, yəni insanların iradəsindən asılı olur. Məsələn, Günəşin çıxması hansısa nazirin qərarından və yaxud orta statistik azərbaycanlının sosial-siyasi təşəbbüslərindən asılı deyil. Amma cəmiyyətdə belə olmur. Hansısa müsbət hadisənin baş verməsi üçün orta statistik vətəndaşdan daim hərəkət, sayıqlıq tələb olunur.

Yazının əvvəlində insan haqlarının İlahi mənşəyə malik olduğunu qeyd etdik. Amma Allah daim hərəkət etməyi də tövsiyə edir! Keçmişdə Rusiyada «xalq üçün xalqsız» şüarı ilə mübarizə aparan siyasi qüvvələr var idi. İndi Azərbaycanda analoji vəziyyət yaranıb. Nelson Mandela 27 il ona görə həbsdə qala bildi ki, kənarda on minlərlə adam onun azadlığı uğrunda mübarizə aparırdı! «Tək əldən səs çıxmaz!» - bunu ki, başqaları yox, məhz azərbaycanlıların özləri deyiblər!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG