Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:31

Prokuror «Yeni Fikir»in zamində olan sədr müavininin də həbsini tələb edib


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin, onun müavinləri – Ramin Tağıyevlə Səid Nurinin aprelin 7-də keçirilən məhkəmə prosesi qalmaqallı olub

Təqsirləndirilənlərdən biri, hazırda zamində olan Səid Nurinin verdiyi məlumata görə, məhkəmə müttəhimlərin məcburi vəkillə təmin olunmaları barədə qərar verib. Bundan əvvəl müttəhimlər prosesin qapalı keçirilməsinə etiraz edərək öz vəkillərindən imtina etmişdilər. Təqsirləndirilənlər dövlətin təyin etdiyi vəkilləri qəbul etməyəcəklərini bildiriblər. Bundan sonra onlar hakimin və dövlət ittihamçısının suallarına cavab verməyərək prosesi boykot ediblər.


"Yeni Fikir"in sədr müavini Səid Nuri
Səid Nurinin bildirdiyinə görə, dövlət ittihamçısı onun haqqında da həbs-qətimkan tədbirinin seçilməsini tələb edib: «Məhkəmə bizə üç vəkil təyin etdi. Biz onlardan imtina etdik. Hakim isə dedi ki, sizin istəməyinizlə deyil, məcburidir, onlar sizin hüquqlarınızı müdafiə edəcəklər. Biz prosesin qapalı keçirilməsinə etiraz edirik. Demirlər cinayət etmişik, proses açıq olsun, hamı da görsün».


Hakim Tofiq Paşayev isə Səid Nurini məhkəmə prosesi ilə bağlı ictimaiyyətə yanlış informasiya verəcəyi təqdirdə haqqında həbs-qətimkan tədbirinin seçiləcəyi barədə xəbərdar edib.


Ruslan Bəşirli və Ramin Tağıyev istintaq dövründə həbsdə olsalar da, prokurorluğunu qərarı ilə Səid Nuri məhkəmə hökmünə qədər azadlıqdadır.


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin atası Cəlil Bəşirli isə bildirir ki, istintaq dövründə oğluna işgəncələr verilməsiylə bağlı Baş Prokurorluğa etdiyi müraciətə hələ cavab verilmir: «Oğlum fevralın 11-də döyülüb. İndiyə qədər təcridxananın tibb məntəqəsindədir. Müraciətlərimə isə prokurorluq cavab vermir. İstəyirdim ki, proses açıq olsun».


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən növbəti iclasın aprelin 12-ə təyin olunmasından başqa məlumat vermədilər.


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və müavinləri – Ramin Tağıyev və Səid Nuri dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunur. Onların işiylə bağlı məhkəməyə hazırlıq martın 31-də başlayıb. Elə hazırlıq iclasında da hakim dövlət sirri olduğu üçün prosesin qapalı keçirilməsi haqqında qərar verib. Məhkəmənin qapalı keçirilməsinə yerli və beynəlxalq hüquq müdafiə təşkilatları etiraz edirlər.


Parlamentin aprelin 7-də keçirilən iclasında millət vəkili Cəmil Həsənli «yeni fikir»çilərin məhkəməsinin qapalı keçirilməsini insan haqlarının kobud pozuntusu adlandırıb. Bundan əvvəl ATƏT-in Bakı Ofisi də bu məhkəmənin qapalı keçirilməsindən narahatlıq ifadə edən bəyanat yaymışdı.


XS
SM
MD
LG