Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:52

Rusiya uçurum astanasında


Müəllif Rusiyadakı hazırkı siyasi sistemi sadəcə bir avtoritar sistem kimi deyil, Mussolini faşizminə yaxın bir rejim kimi dəyərləndirir
Müəllif Rusiyadakı hazırkı siyasi sistemi sadəcə bir avtoritar sistem kimi deyil, Mussolini faşizminə yaxın bir rejim kimi dəyərləndirir
Yanvarın 23-də Rusiya və keçmiş SSRİ məkanı üzrə ixtisaslaşan tanınmış politoloq, Hudzon İnstitutunun əməkdaşı Aleks Aleksiyev «Front Page Magazine» jurnalına müsahibə verib.

«Rusiya uçurum astanasında» başlıqlı müsahibədə Aleks Aleksiyev Avropadakı son qaz böhranı və Rusiya-Ukrayna qarşıdurması ilə bağlı fikirlərini bölüşüb. Aleks Aleksiyev hesab edir ki, son qaz böhranı Rusiya siyasi rəhbərliyinin təşəbbüsü ilə yaranıb. Mütəxəssisin fikrincə, bu qarşıdurmada Rusiyanın məqsədi «Kiyevdə Yuşenko hökumətinin zəiflədilməsi və əgər mümkündürsə onun devrilməsinə nail olmaq, Ukraynanın tranzit ölkəsi kimi «etibarsız» olmasını dünyaya nümayiş etdirmək və Avropaya zor hesabına başa salmaq idi ki, onlar enerji məsələsində Kremldən asılıdırlar və buna görə də «Qazprom»un planlaşdırdığı daha iki qaz xətti layihəsinə (Şimal Axını və Cənub Axını) razılıq verməlidirlər ki, Ukrayna, Baltikyanı ölkələr və Polşadan yan keçməklə Qərbi Avropaya birbaşa enerji xətləri qurulsun».

«Putinin Rusiyası nefti və qazı olan və bir az da yerin altından tapıb çıxardığı başqa şeyləri olan banan respublikasına dönüb»
Rusiyanın bu böhranda əlavə məqsədləri sırasında Aleks Aleksiyev həmçinin Ukraynaya soyğunçu qiymətlərlə qaz satmağa çalışmasını qeyd edir və bildirir ki, ehtimal var ki, müvəqqəti olaraq Avropaya qaz təminatını dayandırmaqla Rusiya ümid edib ki, yaranan böhran aşağı düşən neft qiymətlərinin artmasına gətirib çıxarar.

Müəllif qeyd edir ki, Rusiya bu məqsədlərdən birinə belə nail ola bilməyib. Avropa indi heç vaxt olmadığı qədər əmindir ki, Rusiyadan olan enerji asılılığından can qurtarmaq lazımdır və Avropa bu istiqamətdə konkret addımlar atmaqda qərarlıdır. Yuşenko Ukraynada hələ də hakimiyyətdədir və Rusiya indi qazı Ukraynaya tələb etdiyi 500 dollara (hər min kub metrə görə) deyil həmin məbləğin yarısından da azına satmalı olur.

Aleks Aleksiyev bu fikirdədir ki, Rusiyanın yaratdığı son qaz böhranı sıradan bir hadisə deyil və Rusiyanın neo-imperialist ambisiyaları üçün sonun başlanğıcından xəbər verən bir siqnaldır. Müəllif qeyd edir ki, son səkkiz ildə Rusiya iqtisadiyyatına axan pullar Qərbdə bəzilərini bu fikrə gətirmişdi ki, Rusiya da Çin və Hindistan kimi getdikcə güclənən dövlətlər sırasındadır. Lakin, belə hesab edənlər unudurdular ki, Rusiyanın iqtisadi sıçrayışı iqtisadi inkişafa deyil, enerji qiymətlərinin dünya bazarındakı qiymətlərinin artmasına əsaslanıb. Aleks Aleksiyevin fikrincə «Putinin Rusiyası nefti və qazı olan və bir az da yerin altından tapıb çıxardığı başqa şeyləri olan banan respublikasına dönüb». Neft qiymətlərinin son illər ərzində fövqəladə artımı Putinə imkan vermişdi ki, «maaşları və pensiyaları 200 % artırmaqla Rusiya əhalisini satın alsın və 600 milyard dollarlıq maliyyə ehtiyatı toplasın». Lakin bu pullarla kommunist erasından miras qalmış sənaye sahəsi yeniləndirilmədi, infrastruktur inkişaf etdirilmədi, bərbad səhiyyə və təhsil sahələrindəki vəziyyət düzəldilmədi. Əksinə normal bazar iqtisadiyyatı sistemi şəxsi siyasi hakimiyyət və «əl kapitalizminin» disfunksional bir simbiozu ilə əvəzləndi. Nəticədə, «bananın qiyməti, vaxtaşırı baş verdiyi kimi, düşəndə Putinin də kağız kartlardan qurduğu evcik dağıldı». Müəllifin fikrincə, sosial-iqtisadi böhran Rusiya əhlisinə və dövlətinə zərbələr vurduqca, çətin ki, bu Kreml üçün təsirsiz ötüşsün.

Aleks Aleksiyev Rusiyanın güclü vaxtlarındakı davranışına ötəri nəzər salaraq qeyd edir ki, azacıq güclənən kimi Rusiya öz hərbini bir qədər modernəşdirib beynəlxalq arenada, xüsusilə də keçmiş sovet respublikalarına münasibətdə aqressiv davranmaq xəttini götürmüşdü. Rusiyanın siyasi cəhətdən aqressiv, iqtisadi baxımdan isə ziyanlı layihələrinə misal olaraq müəllif Şimal axını layihəsini təsvir edir. «Putin və onun Almaniyanın keçmiş baş kansleri Gerhard Şröder kimi pul verdiyi Avropalı əlaltıları bu layihəni irəli verirdilər, ona görə yox ki, bu layihə iqtisadi baxımdan məntiqli idi (bu layihənin heç bir iqtisadi məntiqi yox idi), ona görə ki, bu qaz xətti Polşa və Baltikyanı ölkələrdən yan keçirdi və Kremlə imkan verirdi ki, istənilən vaxt Almaniyanın enerji təminatlarına ziyan vurmadan bu xətti qapada bilsin. Təəccüblü deyil ki, Şərqi Avropada bəziləri Rusiyanın Almaniya ilə bu anlaşmasını keçmiş illərin Molotov-Ribbentrop müqaviləsinə oxşadırdılar».

Müəllifin fikrincə, son qaz böhranı göstərdi ki, Putinin təbii qazdan siyasi təzyiq vasitəsi kimi istifadə etmə cəhdləri qeyri-realdır və Avoropalılar Rusiyanın etibarlı enerji təminatçısı olması məsələsini bir daha nəzərdən keçirməyə başladılar. Aleksiyev hesab edir ki, bu böhrandan sonra yəqin ki, Şimal və Cənub Axını layihələri birdəfəlik durdurulacaq və Rusiyadan tamamilə yan keçən alternativ «Nabucco» layihəsi yeni nəfəs alacaq.

Son qaz böhranı zamanı Ukraynanın 22,5 milyard kub metrlik qaz ehtiyatı ona imkan verirdi ki, hələ altı ay Rusiya qazı olmadan fəaliyyət göstərsin, halbuki Rusiya həmin konfliktin hər bir günündə 120 milyon dollar pul itirirdi. Özünün ən güclü vaxtında «Qazprom»un ümumi dəyəri 350 milyard dollar ilə ölçülürdü və neft qiymətləri artmaqda davam etsəydi, yaxın müddətdə həmin rəqəm bir trilyonu ötəcəkdi. Lakin hazırda «Qazprom»un ümumi dəyəri 75 milyard dollara düşüb və bu rəqəm azalmaqda davam edir.

Neft qiymətlərinin düşməsi ilə qaz qiymətlərinin arasında 6 aylıq təsir fərqi olduğunu qeyd edən mütəxəssis hesab edir ki, hazırkı neft qiymətlərinin 1 barel üçün 35 dollar civarında olması 2009-cu ilin iyununda qaz qiymətlərinin də əhəmiyyətli şəkildə azalması demək olacaq və texniki baxımdan «Qazprom»u artıq bankrot hesab etmək olar
Neft qiymətlərinin düşməsi ilə qaz qiymətlərinin arasında 6 aylıq təsir fərqi olduğunu qeyd edən mütəxəssis hesab edir ki, hazırkı neft qiymətlərinin 1 barel üçün 35 dollar civarında olması 2009-cu ilin iyununda qaz qiymətlərinin də əhəmiyyətli şəkildə azalması demək olacaq və texniki baxımdan «Qazprom»u artıq bankrot hesab etmək olar. Müəllif qeyd edir ki, «Qazprom»un hazırkı müqavilələr üzrə öhdəliklərini yerinə yetirməsi üçün ona növbəti on il ərzində ildə 20 milyard dollar qazanmaq lazımdır ki, bu şirkətin də həmin məbləği haradan və necə qazanacağı sual altındadır. Bundan əlavə Rusiya hazırda rublun inflyasiyasının qarşısını almaq üçün artıq 150 milyard dollar xərcləyib və bu templə davam etsə, artıq 2009-cu ilin ortalarında, bəlkə də ondan daha tez bir müddətdə «Rusiyanın maliyyə ehtiyatları qurtaracaq və Rusiya iqtisadi böhranın ən qızğın çağında bankrot olacaq». Müəllif qeyd edir ki, «böhran artıq Rusiyaya elə təsir edir ki, bu, Kremli artıq narahat etməlidir. İşsizlik səviyyəsi artdıqca, gəlirlər durğunlaşdıqca, yaxud azaldıqca, rublun qiyməti sabit şəkildə aşağı düşdükcə və ərzaq məhsulları qiymətlərindəki inflyasiya 30 %-də qərar tutduqca, Putinin Rusiya əhalisi ilə bağladığı saziş darmadağın olur və fikrimcə, o qədər də çox vaxt keçməyəcək ki, Rusiya əhalisi küçələrə çıxacaq».

Aleks Aleksiyevin fikrincə bütün banan respublikaları kimi Rusiyanın da siyasi sistemi daim qeyri-sabit və böhrana meyllidir, lakin Rusiya siyasi sisteminin özəllikləri bu qeyri-sabitliyi daha da dərinləşdirir. Müəllif Rusiyadakı hazırkı siyasi sistemi sadəcə bir avtoritar sistem kimi deyil, Mussolini faşizminə yaxın bir rejim kimi dəyərləndirir. Aleksiyev hesab edir ki, digər avtoritar sistemlərdən fərqli olaraq aqressiv xarici siyasətə meyllilik, dövlət təbliğat maşınının alovlandırdığı hiper-millətçilik və onu gücləndirən ksenofobiya Rusiya faşizminin xarakterik xüsusiyyətlərindədir.
Bu sistemin iqtisadi böhrana siyasi problemlər əlavə etməsinə diqqəti çəkən müəllif qeyd edir ki, hazırda rus əhalisi Şimali Qafqazda təkrəqəmli faizlə ifadə olunub. Rusların bu əraziləri tərk etməsi sabit hala çevrilib və 30 min əhalinin yaşadığı Cənubi Osetiya uğrunda döyüşən Rusiya bütün Şimali Qafqazı itirmək təhlükəsi ilə qarşılaşdığının fərqində deyil.
Eyni demoqrafik problemin daha geniş miqyasda Sibirdə yaşandığını qeyd edən Aleksiyev qeyd edir ki, Rusiya ilə sərhəd üç Çin rayonunda 150 milyon adam yaşayır, halbuki sərhədin Rusiya tərəfində cəmi 5 milyon əhali var. Çinlilərin Rusiyaya leqal və qeyri-leqal miqrasiyasının Sibir ərazilərinin çinliləşməsi ilə nəticələnəcəyinə işarə edən müəllif qeyd edir ki, əvvəl axır bu boşluq doldurulacaq.
Müsahibənin sonunda Aleks Aleksiyev keçmiş Buş administrasiyasının Rusiyanı sakitləşdirməyə yönəlmiş siyasətini səhv siyasət kimi dəyərləndirərək belə bir qorxu ifadə edir ki, yeni ABŞ administrasiyası da bu səhv xətti davam etdirə bilər.
XS
SM
MD
LG