Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Quantanamodakı azərbaycanlı məhbusun taleyi necə olacaq?


Quantanamonun yeganə azərbaycanlı məhbusunu axırıncı görən Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi olub
Quantanamonun yeganə azərbaycanlı məhbusunu axırıncı görən Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi olub
Amerikanın təzə prezidentinin birinci qərarını Azərbaycanda bir ana yeddi il idi ki, gözləyirdi. Lütfiyyə Siracova. Quantanamo həbsxanasındakı azərbaycanlı məhbus Polad Siracovun anası. Barak Obama prezident olan kimi qərar verdi ki, ABŞ-ın Kubadakı hərbi bazası – Quantanamo bağlansın. Bu bazada terrorda şübhəli bilinənləri saxlayırlar. Keçmiş prezident Buşun vaxtında dünya Amerikanı çox tənqid edirdi ki, buradakı məhbusların hüquqlarını pozur.

Həbsxana bağlanandan sonra ümid yaranıb ki, Siracov da vətəninə qayıda bilər. Amma Avropa Birliyinin Xarici İşlər nazirləri narahatdırlar ki, Azərbaycan, Əfqanıstan, Çin, Əlcəzair, Yəmən, Səudiyyə Ərəbistanı kimi ölkələrin vətəndaşları geri qayıtsalar, onları öz ölkələrində təzədən mühakimə edə bilərlər, ya da ki, məhbuslarla pis davrana bilərlər.

«Assoşeyted Press» Agentliyi Amerikanın Müdafiə Departamentinə istinadla yazır ki, Quantanamoda 240-dan çox məhbus var. Onlardan 60-ı artıq azadlığa buraxıla bilər, amma ölkələrinə göndərilə bilmirlər, çünki ölkələrində təzyiqlə üzləşə bilərlər.

Amerikanın Müdafiə Nazirliyindən «Azadlıq» radiosuna deyiblər ki, azadlığa buraxılacaq 60 nəfərin arasında azərbaycanlı məhbusun olub-olmadığı barədə hələ ki, mediaya məlumat vermirlər.

Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar beynəlxalq İşçi Qrupun koordinatoru Əvəz Həsənov deyir ki, Azərbaycan hökumətinin indiyə kimi əsirlərə münasibəti sərt olub. Məsələn, Ermənistandan geri qayıdan azərbaycanlı əsirlərə «vətənə xəyanət» ittihamıyla 10 ildən çox iş veriblər, ola bilsin ki, Azərbaycan buna görə bu siyahıdadır.

Avropa Birliyi Xarici İşlər nazirləri bu həftənin birinci günü məsələylə bağlı görüşüblər, onlar istəyirlər ki, məhbusların sonrakı taleyi barədə birgə plan qəbul etsinlər.

Hələlik Azərbaycan hökumətinin Quantanamodakı məhbus Polad Siracovdan xəbəri yoxdur. Ədliyyə Nazirliyində beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarov:

«Onun statusu haqda bizdə məlumat yoxdur. Bilmirik ki, cinayətkardır, yoxsa, əsir. Əgər o, əsirdirsə, onda ölkəyə qayıtmağında heç bir problem yoxdur».

Z.Qafarov deyir ki, məhbus cinayətkardırsa, bu haqda indidən bir şey deyə bilməz. Ədliyyə Nazirliyinin şöbə müdiri bildirir ki, Amerika hökumətinə Polad Siracovla bağlı məktub göndəriblər, amma onlara cavab gəlməyib.

BBC-nin məlumatına görə, Polad Siracov 2002-ci ildən Quantanamoda saxlanır. Yerli media yazır ki, o, «əl-Qaidə» terror qrupunun rəhbəri Bin Ladenin tərcüməçisi olub.

Beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli isə deyir ki, Quantanamo həbsxanasındakı əsirlərin əslində hamısını buraxmaq lazımdır, çünki onların həbsxanaya salınmasının özü qanunsuz idi.

Azərbaycan qanunvericiliyinə görə, Polad Siracov Azərbaycana qayıtsa, onu həbs edə bilərlər:

«Bütün hökumətlər cinayət yurisdiksiyasını belə təyin edirlər: Ölkələrin vətəndaşları xaricdə də törətdikləri cinayətlərə görə, öz ölkələrinə qayıtdıqda məsuliyyət daşımalı olurlar. Əgər bu əməl daxili qanunvericilikdə cinayət sayılırsa».

Amma əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar beynəlxalq İşçi Qrupun koordinatoru Əvəz Həsənov deyir ki, Azərbaycan hökumətinin Polad Siracovu həbs etməyə xüsusi siyasi marağı yoxdur. Ermənistandan qayıdan əsirlərlə bağlı vəziyyət başqadır, Azərbaycan bu ölkə ilə müharibə şəraitindədir:

«Ola bilər ki, Azərbaycan Quantanamoda əziyyət çəkmiş vətəndaşına hörmət göstərə bilər».

Əvəz Həsənov deyir ki, Amerika və Azərbaycan hökumətlərinin razılaşması olsa, Siracov vətənində təhlükəsiz yaşaya bilər.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə deyir ki, Polad Siracov istəsə, üçüncü ölkəyə də keçə bilər. Amma indidən demək çətindir ki, hökumət onunla necə davranacaq.

Quantanamonun yeganə azərbaycanlı məhbusunu axırıncı görən Beynəlxalq Qızıl Xaç Komitəsinin işçisi olub. Komitənin işçiləri onu bir ay qabaq həbsxanada görüblər. Komitənin Bakı ofisindən heç bir məlumat vermədilər, bircə onu dedilər ki, onlar Polad Siracovun məktubunu artıq Bakıya, anasına çatdırıblar.
XS
SM
MD
LG