Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:49

Daha bir əfsanəvi layihə: o reallaşacaqmı?


Elə sadə insanlar da lap «Nabucco» layihəsinin özünə də sadəcə iş yeri kimi baxırlar
Elə sadə insanlar da lap «Nabucco» layihəsinin özünə də sadəcə iş yeri kimi baxırlar
İndi hamının – həm siyasətçilərin, həm də ekspertlərin də diqqəti növbəti böyük enerji layihəsinə yönəlib. Söhbət «Nabucco»dan gedir. İlk baxışda bir qədər mübaliğəli görünsə də, kommunizmin süqutundan sonra ən çox yadda qalan detal məhz alternativ enerji imkanlarının artırılması, onların ixracı üçün yeni kəmərlərinin çəkilməsi olub. Həmin hadisələr bir çox hallarda dramatik geosiyasi və geoiqtisadi çalarlarla müşayiət olunub. Bəzi hallarda enerji problemləri nəinki digər təhlükəsizlik məsələlərini, hətta demokratiya və insan haqları ilə bağlı qayğıları da arxa plana keçirib.

İndi dünyada sözün əsl mənasında «qaz müharibəsi» gedir. İnhisarçı qaz ixracatçısına çevrilən Rusiya bununla nəinki Avropanı təhdid edir, hətta bu amildən müəyyən geosiyasi dividentlər götürmək istəyir. Məsələnin qəlizliyi də ondadır ki, neftin dünya bazarında qiymətinin düşməsinə rəğmən «mavi yanacağ»ın qiyməti nəinki azalmır, əksinə ona olan tələbat günbəgün artır.

Artıq qeyd edildiyi kimi, böyük enerji layihələrinin gerçəkləşməsi həmişə müəyyən siyasi və iqtisadi çətinliklərlə qarşılaşıb. Əvvəlcə hətta «Nabucco»nun ən azı yaxın dövr üçün real olmayacağı bildirilirdi. Amma Macarıstan görüşü müəyyən ümidlər üçün əsas verir, baxmayaraq ki, problemin tam həlli eyni zamanda bir neçə amildən asılıdır. Avropa dövlətləri nə qədər israrlı olacaqlar? Rusiya öz ərazisindən yan keçən, xüsusən indi əsasən ixrac etdiyi Orta Asiya qazının tamamilə başqa kəmərlə nəql olunmasına imkan verəcəkəmi? Bəs Azərbaycanın məsələyə münasibəti hansı şərtlər çərçivəsində formalaşacaq? Suallar çoxdur və onların hamısını təkcə bir yazıda əhatə etmək kifayət qədər çətindir.
Azərbaycana gəldikdə, onun mövqeyində müəyyən ciddi tərəddüdlər hiss olunur. Bu tərəddüdlər özünü çoxdan büruzə verib. Bunu müəyyən mənada «balanslaşdırılmış siyasət»in böhranı kimi də səciyyələndirmək də olar: bir tərəfdən Rusiyanı, o biri tərəfdən də Qərbi narazı salmaq istəmirlər!
Təkcə borularla Avropaya, dünyaya inteqrasiya olunmaq mümkün olsaydı, onda hər şey bir anın içində dəyişərdi! Bakı-Ceyhan kəmərinə də «dənizdən dənizə tuşlanan əfsanə» - deyirdilər. Nə dəyişdi?
Rusiya əvvəldən Azərbaycan qazına iddialı idi, «Qazprom» ölkənin bütün qazını hətta dünya qiymətləri ilə almağa hazır olduğunu bildirmişdi. «Nabucco»da Azərbaycanın həm tranzit, həm də qaz təchizatçısı kimi iştirakı arzu edilir.

Azərbaycan isə hələlik mürəkkəb münasibət təzahür etdirir, birmənalı şəkildə nə «yox» - demir, nə də layihənin əleyhinə çıxmır, amma onun mövqeyində qeyri-müəyyən çalarlar hiss olunur. Düzdür, bütün bunların hamısı daha çox kommersiya amilləri ilə şərtlənir, ilk baxışda belə təəssürat yaranır ki, ölkə öz qazını sadəcə baha və sərfəli qiymətə satmaq istəyir. Təbii ki, bu yanaşmada müəyyən məntiq tapmaq olar.
«Amma böyük enerji qarşıdurması»ndan yan keçmək arzusu da nəzərə çarpacaq dərəcədə güclüdür. Sanki Gürcüstan-Rusiya müharibəsindən sonra Azərbaycan rəhbərliyi Rusiyanı yenidən «kəşf edib»! Hətta Dağlıq Qarabağla bağlı əvvəlki «hərbi ritorika» yoxdur. Elə əvvəldən də məlum idi ki, bu «ritorika» daha çox daxili auditoriyaya, onu sakitləşdirməyə, ona təskinlik verməyə yönəlib. Təbii ki, Azərbacyan – Rusiya münasibətlərini bəsit və birmənalı şəkildə qiymətləndirmək çətindir. Amma Rusiyanın timsalında Azərbaycan «avtoritarizmin sarsılmaz dayağı»nı tapıb. Dövlətlər arasındakı münasibətlər ideal olmasa da, hakim siyasi elitalar arasında kifayət qədər analaşıqlı münasibətlər mövcuddur. Hətta hakim elitanın səsləndirdiyi siyasi tezislərin bir çoxu rusiyalı texnoloqların hazırladıqları ştamplardır.
Ən çox dilxorçuluq yaradan detal isə budur ki, Azərbaycanın dünyada neft və qaz ixracatçısı kimi imici artdıqca, ölkənin öz əhalisi enerji, xüsusən də qaz qıtlığından əziyyət çəkir. Bu hal əyalətlərdə, Bakıdan bir qədər uzaqlarda da daha çox hiss olunur. Qlobal iqtisadi böhran nəticəsində bütün dünyada yanacağın qiyməti düşdü. Amma Azərbaycanda bu, baş vermədi, dövlət məmurları «ağla gələn və gəlməyən» arqumentlərlə əsaslandırdılar ki, buna ehtiyac yoxdur. Neft və qazla zəngin ölkələrdə ilk növbədə daxili tələbat önə çəkilir. Azərbaycanda isə hər şey əksinədir. Gürcüstanın, Avropanın qazla təmin edilməsi çox yaxşı haldır. Amma Azərbaycanın elə rayonları var ki, hətta isinməyə odun belə tapa bilmirlər!

Elə sadə insanlar da lap «Nabucco» layihəsinin özünə də sadəcə iş yeri kimi baxırlar, ümid edirlər ki, müvəqqəti də olsa yeni iş yerləri açılacaq!
Səbəb də sadədir: təkcə borularla Avropaya, dünyaya inteqrasiya olunmaq mümkün olsaydı, onda hər şey bir anın içində dəyişərdi! Bakı-Ceyhan kəmərinə də «dənizdən dənizə tuşlanan əfsanə» - deyirdilər. Nə dəyişdi?

Bəlkə Azərbaycan dönüb Avropa ölkəsi oldu, yoxsa insanların həyat səviyyəsi ciddi şəkildə dəyişdi? Deməli, təkcə zəngin ölkə olmaq hələ çox azdır, çox az...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG