Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

İşgəncələr Əleyhinə Təşkilat «Yeni Fikir»çilərin məhkəməsinin ədalətlə aparılmasını tələb edir


İşgəncələr Əleyhinə Beynəlxalq Təşkilat Azərbaycan hakimiyyətini «Yeni Fikir»çilərin fiziki və psixoloji toxunulmazlığına təminat verməyə, qanuni ittihamlar yoxdursa, onları dərhal azad etməyə, əgər varsa, ədalətli məhkəməsini təmin etməyə çağırır.

Təşkilatın aprelin 13-də yaydığı bəyanatda belə deyilir. Qurum «Yeni Fikir» sədrilə bağlı hadisəni əvvəldən tam və qərəzsiz araşdırmağa, olay üçün məsuliyyət daşıyanları mühakimə edib, onlara qanuni cəza kəsməyə çağırır.


Aprelin 13-də isə, «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin məhkəmə prosesi davam edib. Təqsirləndirilənlərdən biri – hazırda zamində olan Səid Nurinin bildirdiyinə görə, prosesdə şahidlər dindirilib. Şahidlərin ifadələrinə görə, «Yeni Fikir»çilər parlament seçkisinin nəticələrindən asılı olmayaraq kütləvi iğtişaşlar yaradacaqlarını, hakimiyyəti zorla ələ keçirəcəklərini bildiriblər. Başqa bir şahid isə, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin təşkilata kompyuter bağışladığını deyib.


Səid Nuri onu da əlavə edir ki, aprelin 12-dəki məhkəmə prosesindən sonra halı pisləşən Ruslan Bəşirli müalicə aldığı tibb məntəqəsinə deyil, kameraya qaytarılıb.


Hakimin qərardadı ilə qapalı keçirilən məhkəmə aprelin 14-də davam edəcək. Prosesin qapalı keçirilməsindən ATƏT-in Bakı Ofisi də narahatlığını ifadə edib.


«Yeni Fikir»çilər isə prosesin qapalı keçirilməsinə etiraz olaraq vəkillərindən imtina etsələr də, hakimin qərarı ilə onlara dövlət hesabına müdafiəçi təyin edilib.


«Yeni Fikir» Gənclər Təşkilatı 2005-ci ilin parlament seçkisi ərəfəsində fəal siyasi aksiyalar keçirib və müxalifətin kütləvi tədbirlərinə dəstək verib. Seçkidən az əvvəl isə onun rəhbərləri dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edilərək həbs olunublar.


XS
SM
MD
LG