Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:49

«Onkoloji xəstələrin sayının artması ekoloji problemlərlə əlaqədardır»


Adil Qeybulla
Adil Qeybulla
«Xərçəngin dərmanı yoxdur və yaxın perspektivdə olmayacaq».

Tibb Universitetinin professoru, onkoloq Adil Qeybulla «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda elə bir dərman tapılmayacaq ki, insanları xərçəng xəstəliyindən qorusun:

«Bu, elə bir situasiyadır ki, orqanizmdə tənzimlənmə mexanizmi pozulur. Ümumiyyətlə, bədxassəli şiş həddən artıq inkişafa və metastaz verməyə meyllidir. Orqanizmdə hər bir hüceyrə nəzarət altında bölünür və müəyyən həddən sonra onun bölünməsi dayanır. Ona görə də orqan və toxumalar müəyyən ölçüdə, müəyyən funksiyanı yerinə yetirirlər. Bunun üçün də orqanizmdə xüsusi mexanizmlər var ki, hüceyrələrin bölünməsinə nəzarət edir, onu təmin edir və dayandırır. Bu mexanizmlər müxtəlif xarici və daxili səbəblərdən pozulduqda, həmin hüceyrələrin bölünməsi nəzarətdən çıxır və xərçəng hüceyrələri şiş əmələ gətirir».

Professor hesab edir ki, insanı xərçəng xəstəliyindən xilas edən heç bir dərman mövcud deyil:

«Gələcəkdə perspektiv bundan ibarətdir ki, xüsusi datçiklər hazırlanır və bədəni skanlaşdırır. Bədənin hansı yerində bir balaca problem varsa, datçik dərhal məlumat verir, orqanizm yoxlanılır və vaxtında tədbir görülür. Xəstəliyi tez aşkar etdikdə, tam sağaltmaq mümkün olmasa da, qarşısını nisbətən almaq mümkündür».

Rəhilə Teymurova
Adil Qeybullanın sözlərinə görə, qadınlarda xərçəng ən çox süd vəzi və uşaqlıq boyununda, kişilərdə isə mədə və ağciyərdə rast gəlinir. Azərbaycanda bu xəstəliyin ən yayılmış forması prostat xərçəngidir. Onkoloqun fikrincə, xərçəngin artmasında ekoloji faktorun rolu çox böyükdür:

«Sübut olunub ki, şəhərlərdə - istehsalat müəssisələri olan yerlərdə bu xəstəliyə yoluxma ehtimalı artır. Havaya, suya buraxılan çirkləndiricilər orqanizmə daxil olur və hüceyrələrin bölünməsinin tənzimlənməsi prosesini pozur. Siqaret çəkən insanlarda ağciyər xərçəngi çəkməyənlərə nisbətən 20 dəfə çox rast gəlinir. Şüa, xarici radioloji, mexaniki faktorlar, kimyəvi maddələr və viruslar da xərçəng yaradır. Bundan başqa, Azərbaycanda qidaların böyük əksəriyyəti aşağı keyfiyyətdədir. Əksər dərmanların də mənşəyi bilinmir».

Professor Azərbaycanda xərçəng xəstəliyinin yaranmasında Bakıda avtomobillərin sayının həddindən artıq çoxalmasını da səbəb kimi göstərir:

«Əksər maşınlar ekoloji standartlara cavab vermədiyi üçün ətraf aləmə zərərli maddələr buraxır ki, bu da birbaşa xərçəng törədir».

Xərçəng Xəstələrinə Kömək İctimai Birliyinin sədri Rəhilə Teymurova da hesab edir ki, Azərbaycanda onkoloji xəstələrin sayının artması ekoloji problemlərlə əlaqədardır:

«Bunun qarşısını almaq bütün ictimaiyyətin borcudur. Rəhbərlik etdiyim birliyi 2005-ci ildə yaratmışam. Həyat yoldaşım uzun illər xərçəngdən əziyyət çəkdiyi üçün belə bir fikrə gəldim. Biz artıq dörd ilə yaxındır ki, xəstəliklə bağlı erkən profilaktik üsullardan istifadə etməkdə onkoloqlara kömək edirik. Bakıda və rayonlarda bununla bağlı layihələr reallaşdırırıq».

Buna da bax:

XS
SM
MD
LG