Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:52

Maliyyə naziri dəyişdi, maliyyə siyasəti də dəyişəcəkmi?


Sabiq maliyyə naziri Əvəz Ələkbərov, 22 mart 2004
Sabiq maliyyə naziri Əvəz Ələkbərov, 22 mart 2004
Ekspertlər hesab edirlər ki, Əvəz Ələkbərov maliyyə naziri işlədikdə islahatlara meylli olmayıb

Yeddi il əvvəl Əvəz Ələkbərov maliyyə naziri təyin ediləndə, o, daha çox cəmiyyətə yenilikçi və hakim komandaya yaxın bir şəxs kimi təqdim edilirdi. Hətta bir çox müşahidəçilər o vaxt cənab Ələkbərova hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti işləyən İlham Əliyevin komanda üzvü kimi baxırdılar. Ancaq son bir ildə mətbuatda gedən şərhlərdə Əvəz Ələkbərov heç də dövlət başçısına yaxın simalardan hesab edilmirdi. Onun da bir sıra nazirlər kimi, tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda fikirlər səslənirdi.


«Trend» İnformasiya Agentliyinin rəhbəri İnqilab Əhmədov da deyir ki, Əvəz Ələkbərovun maliyyə naziri vəzifəsindən çıxarılacağı bir növ gözlənilən idi.

Əvəz Ələkbərovun karyerasına baxdıqda isə məlum olur ki, o, həm Ayaz Mütəllibovun, həm də Əbülfəz Elçibəyin prezident olduğu dövrlərdə yüksək vəzifələrdə çalışıb. 1991-ci ildə Pensiya Fondunun idarə heyətinin, bir il sonra isə Dövlət Sosial Müdafiə Fondunun sərdi vəzifələrinə təyin edilib. Bu vəzifədə isə o, 1999-cu ilə – maliyyə naziri təyin olunana qədər çalışıb.


İnqilab Əhmədov deyir ki, Əvəz Ələkbərovun maliyyə naziri işlədiyi dövrdə hökumətin maliyyə siyasəti əsaslı islahatlara söykənmədi. Düzdür, onun sözlərinə görə, ölkənin maliyyə sektorunda ciddi islahatlar aparılmamağının məsuliyyəti təkcə Əvəz Ələkbərovun yox, bütünlükdə hökumətin üzərinə düşür. Ancaq o, hesab edir, Əvəz Ələkbərov bu yeddi ildə daha çox mühafizəkar kimi yadda qalıb:

"Olduqca konservativ və təhlükəsiz bir xarici borc siyasəti aparılıb. Faktiki olaraq biz bu illərdə xarici borclanmaya çox az getdik. İndi də keçmiş post-Sovet məkanında ən az xarici borcu olan ölkələrdən biri Azərbaycandır. Əgər bunu maliyyə nazirinin aktivinə yazmaq olarsa, mən müsbət hal kimi bu məsələyə toxunmaq istərdim". Azərbaycanın hazırda xarici borcu 1 milyard 600 milyon dollara yaxındır.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə deyir ki, keçmiş nazir həm də bir qədər ləng işlə yadda qalıb. Bir neçə ildir Maliyyə Nazirliyi Büdcə Məcəlləsi adlı sənəd üzərində işləsə də, bu iş başa çatdırılmır. Qubad İbadoğlunun sözlərinə görə, belə bir sənədin qəbul edilməsi büdcənin şəffaflaşdırılması istiqamətində mühüm addım olardı. Halbuki, istər Rusiyada, istərsə də Belarus və Qazaxıstanda belə bir sənəd çoxdan hazırlanıb.


Qubad İbadoğlu deyir ki, Maliyyə Nazirliyi son 2 ildə büdcə vəsaitinin xərclənməsi istiqamətində yoxlamalarını gücləndirsə də, bu sahədə də problemlər qalmaqdadır:


"Kifayət qədər büdcə vəsaitlərinin oğurlanması halları var və bu halların aşkarlanması daha çox son iki ildə özünü göstərməyə başlayıb. Ancaq yaxın illərə qədər belə hallar kütləvi xarakter daşısa da, yoxlamalarla bağlı əhəmiyyətli nəticələr ortalığa qoyulmamışdı".


Qubad İbadoğlu çox istəyir ki, yeni nazir heç olmasa, Maliyyə Nazirliyinin işini həm şəffaflıq, həm də bütünlükdə islahatların aparılması baxımından beynəlxalq standartlara yaxınlaşdırsın.


Ekspertlər hesab edirlər ki, kadr dəyişikliyi bundan sonra da davam edəcək. Qubad İbadoğlunun sözlərinə görə, son təyinatlar, xüsusilə də Neft Fondunun keçmiş icraçı direktoru Samir Şərifovun maliyyə naziri təyin edilməsi göstərir ki, dövlət başçısı hökumətə nisbətən gənc və işgüzar şəxsləri gətirməkdədir. Ancaq bir qədər fərqli düşünənlər də var. Məsələn, «Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, köhnə maliyyə naziri kimi, yeni maliyyə naziri də heç də əvvəlki işlərinə görə özünü cəmiyyətə islahatçı kimi təqdim edə bilməyib. Onun sözlərinə görə, son kadr dəyişikliyinə də hakimiyyətdaxili qruplaşmaların tərkib hissəsi kimi baxmaq lazımdır:


"Mətbuatda səslənən fikirlərə görə, Samir Şərifov Kəmaləddin Heydərova yaxınlığı ilə seçilir. Əvəz Ələkbərovun isə akademik Cəlal Əliyevə yaxınlığı iddia olunurdu. Bu baxımdan, Əvəz Ələkbərovun işdən çıxarılması gözlənilən idi".


Ancaq ekspertlərin heç də hamısı Əvəz Ələkbərovun tamamilə hökumətdən uzaqlaşdırılacağı fikrində deyil. İnqilab Əhmədov istisna etmir ki, o, yaxın günlərdə başqa bir vəzifəyə də təyin edilə bilər.


XS
SM
MD
LG