Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:47

«Yeni Fikir»çilərin məhkəməsi açıq keçirilir


Bu haqda qərar dövlət ittihamçısı Şahin Rüstəmovun vəsatəti əsasında qəbul olunub

Hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunan «Yeni Fikir» Gənclər Təşkilatı rəhbərlərinin məhkəməsi aprelin 20-dən açıq keçirilir. Bu haqda qərar dövlət ittihamçısı Şahin Rüstəmovun vəsatəti əsasında qəbul olunub. Cənab Rüstəmov bildirib ki, dövlət sirrinə aid bütün məlumatlara baxıldığından artıq məhkəmənin qapalı keçirilməsinə ehtiyac yoxdu. Vəsatətlə çıxış edən «Yeni Fikir»in sədri Ruslan Bəşirlisə bildirir ki, məhkəmə açıq keçirilirsə, o zaman şahidlər də yenidən dindirilməlidir. Amma hakim onun vəsatətini təmin etməyib.

Ruslan Bəşirlinin vəkili Osman Kazımov isə məhkəmənin açıq keçirilməsi qərarını gecikmiş sayır: «Qalır dövlət ittihamçısının və müdafiəçilərin çıxışı, təqsirləndirilənlərin son sözü və hökm. Bundan sonra məhkəməni açıq keçirməyin nə mənası var ki?»


«Yeni Fikir»in rəhbəri Ruslan Bəşirli, onun müavinləri Səid Nuri və Ramin Tağıyevin məhkəmə prosesi bu il martın 31-dən başlayıb və bu müddətdə qapalı keçirilib. Buna etiraz olaraq «Yeni Fikir»çilər vəkillərindən imtina etmişdilər. Amma bundan sonra vəkillərin məhkəmədə iştirak edib-etməyəcəyi bəlli deyil. Səid Nuri: «Yekun qərar verməmişik. Ola bilsin biz yenə vəkillərdən imtina etdik. Ortada sübut olmadığından özümüzü yenə də müdafiə edə bilərik».


ATƏT-in Bakı Ofisi və ABŞ-ın Dövlət Departamenti də bu məhkəmənin qapalı keçirilməsindən narahatlıq ifadə etmişdilər. Dövlət Departamentinin bəyanatında həmçinin dövlət başçısı İlham Əliyevin ABŞ səfərində bu məsələnin onun nəzərinə çatdırılacağı bildirilmişdi.


Aprelin 20-də keçirilən məhkəmədə «Yeni Fikir»in sədri Ruslan Bəşirlinin müstəqil həkim ekspertizasından keçirilməsi haqda da qərar verilib. O, dəfələrlə istintaq zamanı döyüldüyünü və bu zaman kəllə-beyin zədəsi aldığını iddia edərək səhhətində problemlər olduğunu bildirib. Bu müddətdə Ruslan Bəşirli təcridxana xəstəxanasında müayinə də alıb, burdakı həkimlərsə onun səhhətinin kafi olduğunu, amma təzyiqinin tez-tez aşağı düşdüyünü deyiblər.


XS
SM
MD
LG