Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:39

«Əmək Məcəlləsində qadınlarla bağlı həddən artıq imtiyazlar var»


Sahib Məmmədov
Sahib Məmmədov
«Əmək Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi vacibdir».

Deputat Elmira Axundova «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsi haqqında qanun 1999-cu ildə qəbul olunub:

«Əslində, təzə layihə də hazırlamaq pis olmazdı. Amma indi söhbət Əmək Məcəlləsində bir sıra mühüm dəyişikliklərdən gedir. Məsələn, götürək 77-ci maddənin 9-cu bəndini. Hərbi xidmətdən qayıdan insanlar öz əvvəlki iş yerlərinə 30 gün müddətində bərpa oluna bilərlər. Biz təklif edirik ki, bu müddət 60 günə kimi uzadılsın. Və yaxud, bayram günlərində işləyən insanların əməkhaqları ikiqat ödənilir. Belə bir təklif irəli sürdük ki, matəm, referendum, seçki günlərində işləyənlər də ikiqat əməkhaqqı alsınlar. Hamiləliklə bağlı məsələyə də toxunum. İndi qadınlar hamiləlikdən əvvəl 70 gün, doğuşdan sonra isə 56 gün analıq məzuniyyətinə çıxırlar. Belə təklif etdik ki, bu məzuniyyət 250 təqvim günü hesab olunsun, yəni, 180 gün uzadılsın. Mən bunu inqilabi dəyişiklik sayıram».

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bu dəyişiklikləri texniki xarakterli hesab edir. Onun fikrincə, qadınların əksəriyyəti özəl sektorlarda çalışırlar:

«İşəgötürən fikirləşəndə ki, ana olmağa hazırlaşan qadına 250 günün pulunu verməlidir, onu işə götürməkdən vaz keçə bilər. Hələ ikinci, üçüncü uşaq da olsa, 3-4 il həmin qadına pul verməlidir. Onsuz da qadınlarla bağlı Əmək Məcəlləsində həddən artıq imtiyazlar nəzərdə tutulub. Bu imtiyazların dərinləşməsi məni narahat edir.
Elmira Axundova
Düzdür, bu pulu Dövlət Sosial Müdafiə Fondu ödəyir. Amma işəgötürən işçini uzun müddətə məzuniyyətə buraxırsa, onun yerinə müvəqqəti başqa işçi tapmalıdır. Yəni bu dəyişiklik işəgötürən üçün əlavə problemlər yaradacaq. İşəgötürənlər potensial ana olan qadınları işə götürməyə maraqlı olmayacaqlar Bundan başqa, bu qanun yalnız dövlət idarələrində tətbiq olunacaq, özək sektorda çalışan qadınlara isə şamil olunmayacaq».

S.Məmmədov deyir ki, Azərbaycanda demoqrafik situasiya yaxşıdır. Amma Elmira xanım onunla razılaşmır:

«Hətta kənd yerində də gənc ailələr iki uşaqla kifəyətlənirlər. Çünki ikidən artıq uşaq böyütməyə maddi imkanları çatmır. Dövlət daima analara qayğı göstərməlidir ki, uşaqları sağlam böyütsünlər. Lakin Azərbaycanda qadın doğuşdan sonra cəmi 50 manat birdəfəlik müavinət alır. Rusiyada bu rəqəm 350, Qazaxıstanda isə 155 dollardır».

Sahib Məmmədovun fikrincə, Əmək Məcəlləsinə əlavə və dəyişikliklər etməkdənsə, yeni layihə hazırlanmalıdır:

«Bu layihə 1999-cu ildə qüvvəyə minib və indiyədək dəfələrlə dəyişiklik olub. Amma vaxt çatıb ki, Əmək Məcəlləsi yenidən işlənsin. Çünki layihədə çoxlu boşluqlar, açıq qalan məsələlər var. Ölkədə əmək münasibətləri xeyli dəyişib. Dövlət sektorunun payı azalıb, özəl sektorun payı artıb».

Buna da bax:

XS
SM
MD
LG