Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Qarabağdakı erməni ordusunun gücü nə qədərdir?


Ermənistan və Dağlıq Qarabağ ordusu «yaxşı təlim görmüş ordular» kimi təqdim edilir
Ermənistan və Dağlıq Qarabağ ordusu «yaxşı təlim görmüş ordular» kimi təqdim edilir
Ermənilər Azərbaycanın işğal altında olan bölgəsində nə qədər canlı qüvvə və silah cəmləşdirib? Bu haqda konkret rəqəmləri ancaq Qərb və rus mənbələrindən əldə edə bildik.

Separatçı Dağlıq Qarabağ rejimi öz hərbi qüvvəsi haqda məlumatı məxfi saxlayır. Azərbaycan hökumətindən isə bu barədə dəqiq məlumat almaq mümkün deyil. Qərb və rus mənbələrindəki məlumatlara inansaq, Azərbaycan üçün Qarabağı işğaldan azad etmək çətin iş ola bilər.

Separatçıların ən zəif tərəfi təyyarələrdi

Son belə mənbə Böyük Britaniya hərbi qüvvələrinin əsas ali təhsil ocağı olan Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun araşdırması ola bilər.

Araşdırma keçən ilin mayında açıqlanıb. Adı belədir: «Azərbaycan: Dağlıq Qarabağa qarşı müharibə realist seçimdirmi?» (Müəllif S.V.Bləndi)


Araşdırmada «Dağlıq Qarabağ Ordusu» yaxşı təlim keçmiş qüvvə kimi təqdim edilir. Əsgər və zabitlərin sayı 18-20 min arasıdır. Bunun 8 min 500-ü Qarabağdandır, qalan 10 mini Ermənistandan gəlib. Separatçıların 177-316 arası tankı, 256-324 arası döyüş maşını, 291-322 arası top, minaatan və 21 «Qrad» qurğusu var.

Qarabağ və Ermənistan ordusu arasında sıx əlaqə var. Ermənistan separatçıları silah və hərbi avadanlıqla təchiz edir. Məlumata görə, «Dağlıq Qarabağ Ordusu»nun 2 təyyarəsi (Su-25) və 4 vertolyotu (Mi-24), eləcə də 5 digər vertolyotu var.

Bu rəqəmləri Azərbaycan Ordusu haqda məlumatlarla müqayisə etsək, Qarabağ ordusunun Azərbaycan Silahlı Qüvvələrindən bəzi sahələrdə xeyli geri qaldığı məlum olar. Məsələn, Azərbaycanın təyyarə və vertolyotları Qarabağdan 10 dəfə çoxdur. Araşdırma qrupu yazır ki, bu, Qarabağ ordusunun ən zəif tərəfidir və genişmiqyaslı əməliyyatların aparılmasına mane ola bilər.
Ermənistan hərbçiləri Azərbaycanın Qazax rayonu ilə üzbəüz, 12 iyul 2008
Amma tankların sayı təxminən bərabərdi, döyüş maşınlarının, topların, raket qurğularının, minaatanların sayı isə Azərbaycan Ordusunda daha çoxdur.

Müharibəyə başqa dövlətlər də qoşula bilər

Amma araşdırmada qeyd edilir ki, müharibə başlasa, Ermənistanın Dağlıq Qarabağı dəstəkləyəcəyi gözlənilir. Azərbaycan Ordusunun gücünü Ermənistan və Dağlıq Qarabağın ümumi qüvvəsi ilə müqayisə edəndə isə, bir qədər başqa mənzərə yaranır.

Araşdırma müəllifi yazır ki, düzdür, Azərbaycanın canlı qüvvəsi yenə də üstün olacaq (95 min – təxminən 75 minə qarşı), bundan başqa, Ukraynadan alınan «Smerç» raket qurğuları Azərbaycanın atəş gücünü xeyli artırıb. Bu qurğular 70 kilometrəcən məsafəni vura bilir və bir dəfəyə 70 hektaracan sahədəki hədəfləri məhv edir.

Araşdırmada deyilir ki, Dağlıq Qarabağ ərazisinin kiçik olduğu nəzərə alınsa, bu silah döyüş meydanında qalib ola bilər. Azərbaycanın döyüş təyyarə və vertolyotlarının sayı Dağlıq Qarabağ və Ermənistanın döyüş aviasiyasından 2-3 dəfə çoxdur. Tank və zirehli maşınların ümumi sayına gəldikdə isə, burda qüvvələr nisbəti təxminən bərabərdi. Top və minaatanlarla bağlı balans isə ermənilərin xeyrinədi.

Amma Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun araşdırmasında Azərbaycan Ordusunun hazırlıq səviyyəsinin yüksək olmadığı, genişmiqyaslı əməliyyatlara yaxşı hazırlaşmadığı iddia edilir. Ermənistan və Dağlıq Qarabağ ordusu isə «yaxşı təlim görmüş ordular» kimi təqdim edilir.

Azərbaycan Ordusunda korrupsiyanın olduğu iddia edilir. Bütün bunların əsasında araşdırmanın əsas sualına isə belə cavab verilir ki, Qarabağa hücum Azərbaycan üçün realist seçim deyil. Üstəlik, uzaqvuran silahların mərmiləri Ermənistan ərazisinə də düşə bilər. Bu isə Ermənistanla müttəfiq olan digər dövlətlərin də münaqişəyə cəlb edilməsi ilə nəticələnə bilər. (Araşdırmada deyilir ki, yazılanlar Birləşmiş Krallığın Hərbi Akademiyasının mövqeyi sayıla bilməz, bu, araşdırma müəllifinin fikriləridir).

Bu araşdırmada Azərbaycan və Ermənistan orduları haqda məlumatlar Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun dünya ölkələrinin hərbi potensialı haqda son hesabatı ilə səsləşir.
Ukraynadan alınan «Smerç» raket qurğuları Azərbaycanın atəş gücünü xeyli artırıb
Araşdırmada Qarabağdakı silahlara aid bölmə isə rus mənbələrində göstərilən rəqəmlərə uyğundur.

«Cəbhənin konfiqurasiyası ermənilərin xeyrinədir»

Eyni rəqəmləri Rusiya Ordusunun əsas təchizatçılarından olan «Voyenno-Promışlennaya Kompaniya»nın (Hərbi Sənaye Şirkətinin) təsis etdiyi vpk-news.ru saytı da gətirir.

Həmin şərhdə də qeyd edilir ki, Azərbaycanın Qarabağı yenidən öz nəzarətinə qaytarması çətindir, çünki cəbhənin konfiqurasiyası ermənilər üçün optimal sayıla bilər. Cənub cinahı İran sərhədinə bitişikdir, şimal cəbhəsi isə çətin keçilən Murov dağ silsiləsinə. Şərq istiqamətində erməni silahlı qüvvələri bir neçə zolaqlı müdafiə qurublar. Çoxlu mina basdırılıb. Qarabağ ordusu mobil və hazırlıqlıdır və tez-tez təlimlərdə iştirak edir. Lazım gəlsə, 1-ci Qarabağ müharibəsinin veteranları da səfərbər edilə bilər. Amma sayt yazır ki, Azərbaycan Ordusu da son vaxtlarda bəzi yeni silahlar alıb. Məsələn, dağlıq ərazilərdə çox effektiv olan «Nona»
minaatanı. Bu silah qaubitsa kimi də istifadə oluna, 80 dərəcəlik bucaq altında atəş aça bilər. Bəzi məlumatlara görə, Azərbaycanın belə minaatanlarının sayı 26-ya çatıb.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə deyir ki, erməni separatçılarının işğal etdikləri ərazilərdə, o cümlədən Ağdərə, Ağdam, Xocavənd, Xankəndi, Xocalı və Şuşada qoşun kontingenti yenidən qurulub və hərbçilərin 63 faizini muzdlular təşkil edir. Bundan başqa, orada Azərbaycana qarşı güclü kəşfiyyat və hərbi əks-kəşfiyyat proqramları icra olunur. Onun sözlərinə görə, Xankəndində bu məqsədlə 470 nəfəri əhatə edən kəşfiyyat departamenti də yaradılıb.

«Erməni əsirin dedikləri adamı dəhşətə gətirir»

Azərbaycan hökumətində isə hesab edirlər ki, ordu Qarabağı azad etməyə tam hazırdır, əgər sülh danışıqları nəticə verməsə, hərbi yol seçilə bilər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlu «Azadlıq» radiosunun müxbiri ilə söhbətində ermənilərin Qarabağda cəmləşdirdikləri silahların sayı haqda konkret rəqəm söyləyə bilməyəcəyini bildirib:

«Nə canlı qüvvənin, nə də texnikanın sayını dəqiq deyə bilmərəm, amma Ermənistan Dağlıq Qarabağda, eləcə də ətrafdakı ərazilərdə kifayət qədər ağır silahlar yerləşdirib. Kifayət qədər də tank, top yerləşdiriblər. Ümumiyyətlə, Gürcüstandan çıxarılan silahların bir hissəsi orada yerləşdirilib».

Eldar Sabiroğlu ermənilərin Dağlıq Qarabağdakı silahlarının müasir olmasını da istisna etməyib. O deyir ki, Ermənistan Ordusunda, o cümlədən Dağlıq Qarabağda yerləşdirilən hissələrdə psixoloji durum çox bərbad haldadır:

«Bizdə onların bir əsiri var. O, Qarabağda dislokasiya olan ordu haqda elə şeylər danışır ki...Cinayətkarlıq, əsgərin əsgəri öldürməsi, rüşvətxorluq, bunlardan başqa, elə iyrənc, əxlaqsız hadisələr baş verir ki, adam dəhşətə gəlir».

Bakıda hərbi parad, 26 iyun 2008
Amma Azərbaycanın özündə də yeni Qarabağ müharibəsinin başlayacağı halda, Azərbaycan Ordusunun tez bir zamanda qələbə əldə etmək şansına şübhə edənlər var.

«Bərabərlik paritet demək deyil»

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hazırda «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyi adlı qeyri-hökumət təşkilatına rəhbərlik edən polkovnik-leytenant Yaşar Cəfərli Dağlı Qarabağdakı qüvvələrin daha çox 30 min civarında olduğunu güman edir.

O, hesab edir ki, Dağlıq Qarabağ separatçılarının qüvvələrinə ayrıca bir ordu kimi yanaşmaq olmaz. Bu, Ermənistan Ordusunun avanqardıdır:

«Ermənistan özünün ən müasir silahlarını, eləcə də Rusiyanın bağışladığı silahların böyük hissəsini orada yerləşdirir».

Yaşar Cəfərli deyir ki, istər 1994-1996-cı illərdə Rusiyanın Ermənistana bağışladığı 1 milyard dollarlıq silahlar, istərsə də bu yaxınlarda bağışlanan 800 milyonluq silahlar (Rusiya bunu təkzib edir– R.Q) əsasən Qarabağa daşınıb.

Ekspert bildirir ki, beynəlxalq ictimaiyyət Azərbaycana daim təzyiq edir ki, Avropada adi silahlar haqda Konvensiyadakı limitini keçməsin, Dağlıq Qarabağ isə belə bir sənədi tanımır.

Y.Cəfərli deyir ki, onlarda olan məlumatlar Azərbaycan və Ermənistan (Dağlıq Qarabağ daxil olmaqla) ordularındakı silahların təxminən bərabər olduğunu deməyə əsas verir, amma bu, paritet sayıla bilməz:

«Ermənistan Dağlıq Qarabağı dairəyə alıb və müdafiəsini qurub. Paritet o vaxt olardı ki, Azərbaycanın silahlı qüvvələri və canlı qüvvəsi onlardan üç dəfə çox olardı. Çünki hücuma keçmək istəyən çoxlu itkilər ola biləcəyini nəzərə almalıdır».

Bütün bu şərhlər hazırkı vəziyyətə aiddir, Azərbaycan isə bildirir ki, öz ordusunu təkmilləşdirməkdə, hərbi büdcəsini artırmaqda davam edəcək.
XS
SM
MD
LG