Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Mart referendumunun qaranlıq tərəfləri


Artıq bir dəfə Konstitusiyaya düzəlişlər edilib və bunun nəticəsi də, forması da hamının yadındadır
Artıq bir dəfə Konstitusiyaya düzəlişlər edilib və bunun nəticəsi də, forması da hamının yadındadır
Konstitusiyaya yeni düzəlişlərlə bağlı bu il martın 18-ə təyin olunmuş və cəmiyyət arasında siyasi «populyarlığına» görə heç də sonuncu prezident seçkisindən fərqlənməyən referenduma bir o qədər də çox vaxt qalmayıb.

Gələcək siyasi nəticələrinə görə, bu referendum ötən prezident seçkisindən daha çox önəm kəsb edir, amma etiraf etmək lazımdır ki, cəmiyyətin böyük qismi hələ ki hadisənin mahiyyətinə varmaq istəmir – epizodik halları istisna etsək, insanlar arasında siyasi süstlük və etinasızlıq meylləri müşahidə edilməkdə davam edir. Həmişə olduğu kimi bu dəfə də «siyasi oyunun» iki əsas iştirakçısı var – hakimiyyət və müxalifət. Təbii ki, ayrı-ayrı ziyalı qruplarını, siyasi proseslərin bütün ağırlığını çiyinlərində daşımağa artıq adət etmiş jurnalistləri və QHT nümayəndələrini tamamilə unutmaq niyyətində deyilik. Amma prosesdə «aparıcı siyasi rol»un məhz hakimiyyətə məxsus olduğunu da inkar etmək çətindir.
Əslində sülalə hakimiyyətinə doğru ilk addım hələ Konstitusiyaya birinci dəyişikliklər vaxtında atılmışdı, indi bunun bir az da möhkəmləndirilməsi, «siyasi cəhətdən cilalanması» prosesi gedir. Hələ seçkiləri demirik!


Son günlərin yeniliyi bu, oldu ki, hakimiyyət heç kimin gözləmədiyi halda müxalifətin iki təşviqat qrupunu qeydə aldı. Hadisəni müxtəlif cür yozdular.
Burada hətta Qərbin siyasi təzyiqini qabartmağa cəhd edənlər də oldu. Amma əsas səbəb başqadır. Sözsüz ki, hakimiyyət çox çalışır ki, prosesə demokratik forma və kütləvilik versin. Elə təəssürat yaransın ki, ölkədə demokratik referendum keçirilir. Hətta müxalifət nümayəndələrinin də bəzisi belə hesab edir ki, iki qrupun qeydə alınmasını müəyyən mənada hakimiyyətin geri çəkilməsi kimi qiymətləndirmək olar. Amma ölkədə onlarla siyasi partiya qeydiyyatdan keçib! Onlara normal siyasi fəaliyyət göstərmək, heç olmasa, kiçik siyasi aksiyalar təşkil etmək üçün hər hansı şərait yaradılırmı? Minlərlə qəzetin qeydiyyatı var – ancaq ölkədə periodik olaraq nəşr edilən qəzetləri barmaqla saymaq olar! Eyni sözləri hakimiyyətə yaxın olmayan, onun diktəsi ilə işləməyən QHT-lər haqqında da demək mümkündür! Elə bu səbəbdən cəmi iki təşviqat qrupunun qeydiyyata alınmasını böyük hadisə kimi dəyərləndirmək bir o qədər də siyasi reallıq və məntiqlə uzlaşmır. Ən azı ona görə ki, artıq bir dəfə Konstitusiyaya düzəlişlər edilib və bunun nəticəsi də, forması da hamının yadındadır.

Əslində sülalə hakimiyyətinə doğru ilk addım hələ Konstitusiyaya birinci dəyişikliklər vaxtında atılmışdı, indi bunun bir az da möhkəmləndirilməsi, «siyasi cəhətdən cilalanması» prosesi gedir. Hələ seçkiləri demirik! Bu hakimiyyət əhalinin səsvermədə fəal və ya passiv iştirak etməsindən asılı olmayaraq «böyük nəticələr» əldə etməyin yolunu bilir. Hələ İosif Stalin deyirdi ki, bülletenləri kim sayırsa, seçkini də bir qayda olaraq o, udur! Çox güman ki, cəmiyyətin etinasızlığı ilk növbədə məhz bununla bağlıdır – insanlar artıq demokratik prosedurlara, xüsusən də seçkiyə və səsverməyə inanmırlar!

Təəssüf ki, müxalifətin təşviqat qruplarının problemləri təkjə bunlarla yekunlaşmır. Hətta təşviqat qruplarının harada və necə yerləşəcəyi ilə bağlı çətinliklər mövcuddur. Məsələ bundadır ki, heç də bütün partiyaların mənzil-qərargahı yoxdur. Güman ki, müxalifət bu məsələnin həllini tapa biləcək. Digər problem isə təşviqat qruplarının maliyyələşdirilməsi ilə bağlıdır, seçkilərdən fərqli olaraq qanunda bununla bağlı konkret söz deyilmir-vəsait ayrıla da bilər, ayrılmaya da!

Siyasi reallıq budur. Amma təbii ki, müxalifət də, cəmiyyət də öz mənəvi borcunu yerinə yetirməlidir. Bir Amerika filmində deyildiyi kimi: «mən heç olmasa buna cəhd etdim». Hakimiyyət çox absurd tezislə çıxış edir. Guya ki, söhbət seçki hüququnun «daha da genişləndirilməsindən» gedir. Hətta Avropada belə «analoqlar» axtarırlar. Avropanın cavabı hamıya məlum olduğundan onu bir daha xatırlatmağa ehtiyac yoxdur. Görünür, hakim dairələr bu dəfə də coğrafi cəhətləri səhv salıblar...

Təbii ki, oxucular tənqiddən daha çox çıxış yolları haqqında oxumaq, «nə etməli?» sualına cavab tapmaq istəyirlər. Sadəcə, tənqid etmək bir o qədər də çətin məşğuliyyət deyil. Amma nə edəsən ki, həqiqi siyasi analiz reallıq üzərində qurulmalıdır. Siyasəti bir qayda olaraq tez –tez oyunla müqayisə edirlər. Və qarşıdan gələn «partiyanın» artıq uduzulduğunu demək çox da böyük ağıl tələb etmir. Bəzi nüanslara baxmayaraq, etiraf etmək lazımdır ki, hakimiyyət böyük sosial dayaqlara malik olmasa da, güclüdür. Ancaq bu hələ son demək deyil! Ən azı böyük tarixi təcrübə müəyyən nəticələr çıxarmağa imkan verir. Üstəlik, hələ referendumun nəticələrinin Qərb dövlətləri və təşkilatları, ümumiyyətlə, beynəlxalq demokratik təşkilatlar tərəfindən tanınması problemi var! Bəzən elə olur ki, adi bir təsadüf bütün siyasi situasiyanı dəyişə bilir. Hətta təbiət də statik deyil, dəyişkənliyi sevir, o ki qaldı, cəmiyyət olsun!

Mart ayında baş verəcək hadisə bəlkə də azadlığın, eləcə də əsas müxalifət partiyalarının keçmişdə yol verdiyi siyasi prinsipsizliyin və bağışlanmaz siyasi səhvlərin qisasıdır. Biz bu dövrü də yaşamalıyıq. Hegel yazırdı ki, azadlıq dərk olunmuş zərurətə çevrilməlidir. O, sözün əsl mənasında dərk olunmuş zərurətə çevriləndə hər şey yenidən öz dairəsinə qayıdacaq. Ona görə də azadlığı ürəyinizdə axtarın, onda o, həyatda mütləq sizi tapacaq, mütləq...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG