Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

2050-ci ildə doyunca yemək asan iş olmayacaq


Dünyada doyunca qidalana bilməyən adamların sayı 110 milyona çatıb
Dünyada doyunca qidalana bilməyən adamların sayı 110 milyona çatıb
BMT xəbərdarlıq edir ki, son 100 ildə davam etmiş ərzağın ucuzlaşması tendensiyası artıq başa çatır. Qarşıdakı onilliklərdə ərzaq məhsulları 30%-dən 50%-ə qədər bahalaşa bilər. Bu da gəlirinin 90%-ə yaxınını ərzağa xərcləyən insanlara olduqca təhlükəli perspektivdir.

Dünyanın indiki ərzaq mənzərəsi

BMT-nin Ətraf Mühit Proqramının dünyada ərzaq istehsalı və mümkün qida çatışmazlığı barədə hesabatı fevralın 16-dan 20-nə qədər Kenyada keçirilən forumda elan edilib. Həmin hesabata görə, mənzərə belədir:

  • Son illər müxtəlif ərzaq malları 50%-dən 200%-ə qədər bahalaşıb. Bu da dünya üzrə doyunca qidalana bilməyən adamların sayını 110 milyon nəfərə çatdırıb.
  • 2008-ci ilin iyulundan bəri ərzağın qiyməti bir qədər ensə də, bəzi əsas məhsulların qiyməti hələ də 2004-cü ildəki qiymətindən daha yuxarıdır.
  • Zəruri tədbirlər görülməsə, 2050-ci ilə qədər dünya ərzaq istehsalı imkanlarının 25%-ni itirə bilər. Elə indidən dünya miqyasında taxıl zəmilərinin sahəsi və balıq ovu azalır.
  • Inkişaf etməkdə olan ölkələrdə əkinlə məhsul yığımı arasındakı dövrdə ziyanvericilər və müxtəlif xəstəliklər üzündən itkilər 20-40%-ə çıxır.

Ərzaq təkcə yeyilmir

  • Hazırda istehsal olunan ərzağın yarısı insanların onunla düşünülməmiş davranışı sayəsində atılır.
  • Hazırda dənli bitki istehsalının üçdə-biri heyvan yemi kimi istifadə edilir. 2050-ci ilə qədər bu rəqəm 50 faizə çata bilər. İstehsal olunan ərzaq məhsullarının əhəmiyyətli bir hissəsindən bioyanacaq alınmasında istifadə edilir.
  • Bəzi hesablamalara görə, məsələn, ABŞ-da ərzaq tullantıları 40-50 faizə qalxa bilər. Bu ölkədə yeni meyvə və tərəvəzin 1/4-i tarla ilə stolun arasında itir. Adamlar aldıqları ərzağın 1/3-ü yemirlər.
  • Avstraliyada ölkə zibilliklərinin yarıdan çoxu ərzaq tullantılarıdır.
  • Afrikada ovlanan balığın 30%-ə yaxını ondan düzgün istifadə edilmədiyindən atılmalı olur.

Ötən il dünyada taxıl qıtlığı yarananda Azərbaycanda da ərzaq təhlükəsizliyi mövzusu rəsmi təbliğatın gündəliyində ön sıraya çıxdı. Atılan addımlar barədə bir statistika da var:

  • Azərbaycan Ərzaq Təhlükəsizliyi barədə proqram qəbul edib.
  • Fövqəladə Hallar Nazirliyinin nəzdində Taxıl Fondu Yaradılıb.
  • Bölgələrdə ehtiyat ərzaq anbarları tikilir.
  • Kəndlilərə maliyyə yardmları edilir və s.

Amma bu işlərin nəticəsi barədə ekspertlər o qədər də optimist əhvalda deyillər. İqtisadçı Azər Mehtiyev deyir ki, hökumət ərzaq təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər gördüyünü desə də, azərbaycanlıların daha çox istifadə etdikləri un və ətin əsas hissəsi yenə ölkəyə kənardan gətirilir:

- İstifadə etdiyimiz unun əsas hissəsi başqa ölkələrdən gətirilir. Baxmayaraq ki, hər il Azərbaycanın özünü taxılla təmin etdiyi deyilir. İndi ət satanlardan soruşsaq, onlar deyəcəklər ki, Azərbaycana ətin əhəmiyyətli bir hissəsi Gürcüstandan gətirlir.

Nə etməli?

Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün isə BMT-nin dünya ölkələrinə öz təklifləri var. Yeddi bəndlik bu təkliflər belədir:
  1. Ərzağın qiymətinin nizamlanması və yoxsullaşmış regionlarda ərzaq təhlükəsizliyi şəbəkəsi yaratmaq.
  2. Əkin sahələri və su mənbələrinə təsir etmədən ekoloji cəhətdən təmiz bioyanacaq istehsalını genişləndirmək.
  3. Dənli bitkilərdən daha heyvan yemi kimi istifadə etməmək.
  4. İstehsalın artırılması üçün kiçik fermerlərə maliyyə yardımları etmək.
  5. Bazara çıxış yolunda bütün maneələri, ticarət məhdudiyyətlərini, silahlı münaqişələri və korrupsiyanı aradan qaldırmaq.
  6. Qlobal istiləşməni məhdudlaşdırmaq.
  7. Əhali artımı və istehlak arasında uyğunluğa diqqəti artırmaq.
XS
SM
MD
LG