Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Referendumdan sonrakı Azərbaycan


Qarabağ problemi də nə vaxtsa və hansısa formada həll olunmalıdır. Amma necə?
Qarabağ problemi də nə vaxtsa və hansısa formada həll olunmalıdır. Amma necə?
İndi siyasi futurologiyaya qapılmağın, dəqiq siyasi proqnozlar verməyin heç də məqamı deyil. Referendum hələ ki baş tutmayıb. Amma bu, xüsusi düşüncə tələb edən məsələ də deyil, çünki bu vaxta qədərki seçkilərin və səsvermələrin nəticələri müəyyən qənaətə gəlməyə əsas verir. Və əsas olan da budur ki, ölkə referendumdan sonra prinsipial olaraq yeni siyasi fazaya daxil olacaq. Nə baş verəcək? Ölkənin siyasi idarəetməsində hansı ciddi dəyişikliklər həyata keçiriləcək? Bu suallar heç də az əhəmiyyət kəsb etmir.

Söhbət əsas qanuna ümumilikdə 40-dan çox dəyişiklikdən gedir. Bütün bunlar ali siyasi hakimiyyətin formalaşması prosesindən tutmuş azad mətbuata və qanunvericilik təşəbbüsünə qədər böyük spektri əhatə edir. Elə buradaca kiçik bir detalı da qeyd edək ki, adətən dünya praktikasında səsverməyə bu qədər düzəliş çıxarılmır, hətta çıxarılırsa belə, bunun üçün kifayət qədər izahat və təşviqat işi aparılır. Amma artıq indidən təşviqat qrupları ayrılan efir vaxtının azlığından gileylənirlər, elə martın 18-nə də bir o qədər çox vaxt qalmayıb.

Təbii ki, azad mətbuatla bağlı məsələləri istisna etsək, siyasi hakimiyyətin
mahiyyətində dərhal ciddi dəyişikliklər baş verməyəcək. Sözsüz ki, ölkə prezidentinin səlahiyyətləri əvvəlkilərlə müqayisədə bir qədər də artacaq. Düzdür, prinsip etibarilə prezident seçkisi qalır. Bu detalı əsas götürərək bəzi siyasi xadimlər hətta cəmiyyətə müəyyən mənada «təskinlik» verməyə çalışırlar. Amma təbii ki, bu xüsusda deyilənlər «əlacsızlıqdan törəyən optimizmdir».

Hakimiyyətin özünün də müəyyən problemlərinin yaranacağını istisna etmək olmaz. Referendumun nəticələrinə beynəlxalq dəstəyin alınması problemi var. Sözsüz ki, MDB ölkələri ilə, xüsusən də Rusiya ilə belə bir problem yaşanmayacaq.

Amma bunu da birmənalı iddia etmək çətindir. Rusiyanın regional iddiaları günbəgün artır və uzunmüddətli siyasi dəstəyin müqabilində hansısa əlavə güzəştlərin tələb olunması mümkündür. Bu vaxta qədər Azərbaycanın NATO-ya ciddi şəkildə can atmaması Rusiyanı bir qədər qane edirdisə və o, enerji resurslarının alternativ xətlərlə ötürülməsinə dözümlü yanaşırdısa, indi vəziyyət dəyişə bilər. Artıq qazla bağlı müəyyən tələblər var. Kollektiv Təhlükəsizlik Müqaviləsi iştirakçısı olan ölkələrin daha ciddi hərbi Alyansa çevrilmək perspektivi gündəlikdədir, baxmayaraq ki, bəzi MDB ölkələri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsinin iştirakçıları buna bir qədər ehtiyatla yanaşırlar.

Düzdür, prinsip etibarilə prezident seçkisi qalır. Bu detalı əsas götürərək bəzi siyasi xadimlər hətta cəmiyyətə müəyyən mənada «təskinlik» verməyə çalışırlar. Amma təbii ki, bu xüsusda deyilənlər «əlacsızlıqdan törəyən optimizmdir».
Hər halda daha ciddi problemlər Qərb dövlətləri və təşkilatları ilə münasibətdə təzahür edə bilər. Məsələn, ABŞ-ın referendumun nəticələrinə münasibəti necə olacaq? Avropa Şurası nə deyəcək? Dünyada geosiyasi polyarlaşma o qədər dərinləşib ki, manevr imkanları xeyli məhdudlaşıb, daha «balanslı xarici siyasət» yürütmək bir o qədər də asan məsələ deyil.

Məsələn, ABŞ-da yenidən siyasi təsiri artan politoloq Zbiqnev Bjezinski ölkəsini Çinlə alyans yaradaraq Rusiyanı daha da zəiflətməyə çağırır. Bütün bu proseslərin fonunda hamı ilə normal münasibətlər qurmaq çətin olacaq. Həm də dünyada «demokratik etika» deyilən bir anlayış var. Heç bir demokratik dövlət bir nəfərin hakimiyyətinin qeyri- məhdud şəkildə artırılmasını, faktiki olaraq monarxiyanın bərqərar olmasını təqdir edə bilməz. Onu da qeyd etmək lazımdır ki, «neft amili» daha əvvəlki rolunu oynamır, düzdür, ortada «Nabucco» layihəsi var, amma bu layihədə də bütün tərəfləri eyni zamanda razı salmaq çətin məsələdir. Dünyada açıq-aşkar «qaz müharibəsi» gedir və bu savaşın önündə dayanan məhz Rusiyadır.

Problemlər təkcə sadalananlarla yekunlaşmır. Son müsahibələrinin birində Azərbaycan prezidenti demişdi ki, ilk beşillikdə verilən vədlərin hamısı yerinə yetirilib. Həll olunmayan məsələ təkcə Qarabağ problemidir. Deməli, bu problem də nə vaxtsa və hansısa formada həll olunmalıdır. Amma necə?

Diplomatik danışıqlar heç bir nəticə vermir, bunu hamı etiraf edir. İlk beş ildə yeri gələndə Azərbaycan hakimiyyəti hərbi ritorikadan istifadə edir, «lazım gələrsə» problemin güc yolu ilə həll olunacağını bildirirdi. Amma indi Rusiya hakimiyyətinə yaxın olan ekspertlər xəbərdarlıq edirlər ki, Azərbaycan Gürcüstanın səhvlərini təkrar etməməlidir. Bu isə o deməkdir ki, hərb yolu da gündəlikdən çıxır. Rusiyanın hakim siyasi elitası ilə Azərbaycanın siyasi elitası arasında hələ ki mövcud olan anlaşmaya və isti münasibətlərə baxmayaraq şimal ölkəsi Dağlıq Qarabağ problemini ən azı ədalətli şəkildə, Azərbaycanın maraqlarına cavab verəcək formada həll etmək fikrində deyil. Belə olan təqdirdə on illərlə hakimiyyətdə qalaraq hər dəfə cəmiyyətə nəsə yeni vədlər tapıb demək, ümidlərlə yaşatmaq da çətin məsələdir.

Sadalanan qlobal problemlərdən savayı sırf daxili sosial–iqtisadi problemləri də unutmaq olmaz. İnsanların həyat şəraiti pisləşməkdə, qiymətlər isə artmaqda davam edir. Hətta bir sıra müstəqil iqtisadçı ekspertlər, referendumdan sonra manatın kursunun sərbəstləşdiriləcəyini istisna etmirlər, bəzi ölkələrdə artıq bu addımı atıblar. Bu, isə yenidən inflyasiya, bahalaşma və sosial–iqtisadi problemlər deməkdir.

Beləliklə, referendum indiki hakimiyyətə təkcə əbədi hakimiyyət kürsüsü vəd etmir, həm də ciddi problemlərin yarana bilməsi ehtimalını ortalığa qoyur. Bu isə çox güman ki, hakimiyyəti ciddi şəkildə düşünməyə vadar edən amillərdən biri olmalıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG