Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:39

«Bakılı gənclər özlərini yaşlarından böyük aparırlar»


Elnurə Qurbanova və Aida Səmədli
Elnurə Qurbanova və Aida Səmədli
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları xaricdə təhsil alan gənclər idi. Amerikada tələbə-müəllim proqramı üzrə bir il bakalavr təhsili alan Aida Səmədli hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsidir. O, «Bakılı gənclərin hansı tipik özəllikləri var? Məsələn, onların xaricdəki yaşıdlarınızdan fərqi nədir?» sualına cavabı belə oldu:

- Bakılı gənclər özlərini yaşlarından böyük aparırlar. 18 yaşında artıq həyatı ağ və qara görürlər. Amerikadakı 18 yaşlı gənclər üçün isə həyat hələ yeni başlayır. Onlar bütün risklərə gedirlər.

Səidə Hüseynova (Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu. Fransada «Fransız dili və fransız sivilizasiyası» kurslarını bitirib):

- Azərbaycanda belə qəbul olunub ki, əgər qız sakitdirsə, başı aşağıdırsa, çox gülmürsə, deməli, ağıllıdır. Amma Avropada tamam fərqlidir. Belə qızı normal qəbul etmirlər. Ona sərbəst düşünə bilən, kifayət qədər özünü idarə edə bilməyən bir insan kimi baxırlar. Bizdə gənclər sərbəst deyillər. Həm sənət, həm də ailə qurmaq baxımından valideyn çərçivəsindən çıxa bilmirlər. Avropada isə onlar 18 yaşından tam sərbəst yaşayırlar. Öz qərarlarını özləri verirlər.

Elnurə Qurbanova (Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin məzunu.
Səidə Hüseynova
Təhsilini Hamburq və Bavariya universitetlərində davam etdirib):

- Bizim gənclərin Qərb mədəniyyətinin daşıyıcılarından əsas fərqi təşəbbüskarlığın az olmasıdır. Axın necə aparsa, ora da gedəcəklər. Avropalı gənclərdə fərqliliyə meyllilik var. Şəxsən mən Almaniyada təhsil alıb, qayıdandan sonra burada çətinlik çəkdim. Mənə «ala qarğa» kimi baxanlar da vardı. Almaniya gəncləri isə hər şeyə adi yanaşırlar.

- Xaricdə də dərsdən qaçan tələbələr varmı? Yəni, evdən dərs adıyla çıxıb, bütün gününü universitetin çayxanasında çay içməklə keçirənləri nəzərdə tuturam.

Elnurə Qurbanova:
- Almaniyada təhsil almaq prestij və yaxud valideynlərin arzusuyla olan şey deyil. Orada ali təhsil almaq hər bir insanın gələcəkdə iş sahibi olması üçün əsas addımdır. Təhsil ödənişli olduğu üçün tələbələr vaxtlarını boş keçirmirlər. Həm də orda təhsil sistemi elədir ki, istədiyim dərsi özüm seçirəm. Əgər dərs maraqsızdırsa, darıxdırıcıdırsa, müəllim xoşuma gəlmirsə, həmin dərsə getməyə bilərəm. Bunu tələbədən tələb etmirlər. Əsas odur ki, semestr qurtaranda bütün fənlərdən imtahan verəsən.

Səidə Hüseynova:
- Fransada təhsil pulsuzdu. Buna baxmayaraq, orada da tələbə özü seçim edir. Dərsə getməmişdən qabaq bizə cədvəl təqdim olunurdu, müəyyən fənləri seçim hüququ verirdilər.
Rəşad Şirinov
Həm də ki, hər bir kəs özü istədiyi fakültədə təhsil alır deyə, dərsə girməmək söhbəti olmur.

Aida Səmədli:
- Amerikada tələbələr bizdəki kimi mühazirədə məcburi oturmurlar. Mühazirədən qabaq bizə 5 müəllimin bioqrafiyası təqdim olunur. Özüm onlardan birini seçirəm və sevinə-sevinə onun dərsinə gedirəm. Orada təhsil qiymətləri də kifayət qədər yüksəkdir. Məsələn, bir il təhsil almaq təxminən 35-40 min dollara başa gəlir. Ona görə də tələbələr çalışırlar ki, hər dəqiqələrinin qiymətini bilsinlər.

Rəşad Şirinov:
- Mən də Amerikada təhsil almışam. Orada təhsil kitab oxumaqdan ibarət deyil. Universitet gənc insan üçün həyat tərzidir. Əslində, çox bəsitdir. Bizi ora cəlb edən universitetin nə olması, professorun necə olması və s.dir. Sovet vaxtı bizim universitetlərdə sosial, siyasi elmlər tədris olunmayıb. Və yaxud da bu elmlərə çox ideoloji çərçivədən yanaşılıb. Cəmiyyət necə olmalıdır, insanla dövlət münasibəti, cəmiyyətin içində insanlarla davranış necə olmalıdır... bütün bunları Amerika təhsilində öyrəndim. Bakıya dönəndən sonra bu boşluqları görə bildim və çalışıram ki, bu boşluqları sosial işlərlə doldurum.

Buna da bax:

XS
SM
MD
LG