Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:44

ABŞ Rusiyaya əl uzadır


Jurnalist kameraları qarşısında Klinton və Lavrov qırmızı «reset» düyməsini basdılar
Jurnalist kameraları qarşısında Klinton və Lavrov qırmızı «reset» düyməsini basdılar
Martın 6-da ABŞ-ın Dövlət katibi Hillari Klinton Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. İki ölkə arasında yeni münasibətlərin başlanmasını simvolizə edən bu görüş neytral bir ölkədə - İsveçrənin Cenevrə şəhərində keçirilib.

«Vaşinqton Post» qəzeti bu mövzunu işıqlandıran reportaj dərc edib. «Klinton Rusiyanın Xarici İşlər naziri ilə görüşür» başlıqlı məqalədə müəllif Qlen Kesler yazır ki, bu görüş martın sonuna planlaşdırılan Obama-Medvedev danışıqları üçün hazırlıq xarakteri daşıyır.

Lavrovla görüşdə Klinton ona üstündə qırmızı düymə olan balaca bir qutu bağışlayıb. Düymənin üzərində ingiliscə «reset», rusca isə «pereqruzka» yazılmışdı. Bu qutunun rəmzi mənası olmalı idi. Belə ki, bir qədər əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden bəyan etmişdi ki, Rusiya ilə münasibətlərdə ABŞ artıq «reset» düyməsini basıb. Yəni, bu ölkə ilə münasibətlərdə ABŞ-ın yeni administrasiyası Corc Buşun dövründə olduğu kimi qarşıdurma siyasəti yürütməyəcək.

Jurnalist kameraları qarşısında Klinton Lavrova təklif edib ki, qutunun üzərindəki qırmızı düyməni birlikdə bassınlar və bu da baş verdi. Klinton Lavrova deyib ki, «reset» sözünün tərcüməsi üzərində çox baş sındırıblar, görəsən, tərcüməsini düzmü tapıblar? Diplomatik zərbə imkanını heç vaxt əldən verməyən Lavrovsa bildirib ki, yox, düzgün tərcümə «perezaqruzka» olmalı idi, «zaqruzka» isə rus dilində «həddindən artıq yükləmə» deməkdir. H.Klinton gülərək cavab verib ki, «biz sizin bunu bizə etməyinizə imkan verməyəcəyik».

Hələ bu görüşdən bir neçə gün əvvəl H.Klinton Rusiyaya Obama administrasiyasının təkliflərini əks etdirən mesajlarını çatdırmışdır. Mesajlar isə bundan ibarət olub ki, ABŞ
silahlara nəzarət və İranın nüvə ambisiyalarına dair məsələlərdə Rusiya ilə əməkdaşlıq etməyə hazırdır, lakin Rusiyanın öz qonşuları və enerji marşrutları üzərində dominantlıq etməsinə qarşıdır.

Bu mesajı H.Klinton Lavrovla görüşdüyü günün səhəri Brüsseldə Avropa Parlamentinin binasında gənc fəallarla görüşdə də təkrarlayıb:

«Biz istəmirik ki, ortada anlaşılmazlıq olsun. Biz (Rusiya ilə - red.) bu yeniləşdirilmiş münasibətlərə açıq gözlərlə daxil oluruq».

H.Klinton deyib ki, təbii ki, bəzi məsələlərdə ABŞ və Rusiya arasındakı fikir ayrılıqları qalacaq, lakin bir xeyli vacib məsələlərin həllində ABŞ, Rusiya və Avropa Birliyi əməkdaşlıq edə biləcək:

«Biz həmçinin, enerjidən təhdid vasitəsi kimi istifadə olunmasından narahatıq…».

Daha bir bəyanatı ilə H.Klinton vurğulayıb ki, «Bizim Rusiya ilə əlaqələrimiz azad olmaq istəyən Gürcüstan, yaxud Baltik və Balkan ölkələrinə olan dəstəyimizi hər hansı bir formada azaltmır».

Obama administrasiyası Rusiya ilə münasibətlərdə hərtərəfli təşəbbüslər paketi ilə çıxış etmək niyyətindədir. Bura Strateji Hücum Silahlarına nəzarətə dair danışıqların bərpa olunması və Şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemlərinin (RƏM) quraşdırılmasına yenidən baxılması məsələləri də daxildir.

S.Lavrovla görüşündə H.Klinton bir daha bildirib ki, Polşada və Çexiyada quraşdırılması planlaşdırılan müdafiə sistemləri Rusiya deyil, İran əleyhinə yönəlib. İranın nüvə iddialarına bir çarə tapılsa, bu məsələyə yenidən qayıdıla bilər. Bununla ABŞ administrasiyası ona eyham vurur ki, Rusiya İran məsələsində ABŞ-a effektiv dəstək versə, Çexiya və Polşada RƏM sistemləri quraşdırılmaya bilər.

Bundan əlavə, ABŞ-ın yeni administrasiyası Rusiyaya yeni iqtisadi əməkdaşlıq planları təklif etmək niyyətindədir. ABŞ rəsmiləri qeyd edirlər ki, iki cavan lider - Obama və Medvedev birgə işləyə bilərlər. ABŞ rəsmiləri ümid edirlər ki, heç vaxt Kommunist Partiyasının üzvü olmamış Dmitri Medvedevlə daha asan əlaqələr qurmaq mümkün olacaq.

Klintonla Lavrovun görüşünə toxunan «İnterfaks» agentliyi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən bildirib ki, Rusiya da «bu danışıqların nəticələrinə ehtiyatlı optimizmlə baxır». «Vaşinqton Post» H.Klintonun Milli İctimai Radioya müsahibəsində dediklərinə istinad edərək yazır ki, «silahlara nəzarət və nüvə silahlarının yayılmaması ABŞ-ın xarici siyasətinin nüvəsini təşkil edir».

1991-ci ildə Rusiya ilə ABŞ arasında imzalanmış Strateji Hücum Silahlarının ixtisarı haqqında müqavilənin müddəti bu ilin sonunda başa çatır. Buş administrasiyası bu müqavilənin müddətinin uzadılmasına nail ola bilməyib. Obama administrasiyası konkret bir rəqəm deməsə də, hazırda qüvvədə olan müqavilədə nəzərdə tutulduğundan daha çox silahın ixtisar edilməsinin tərəfdarıdır.

Qəzet yazır ki, Rusiya bu məsələdə daha az ixtisarın tərəfdarı olsa da, hər iki tərəf prosesi başlamaq istəyir.
XS
SM
MD
LG