Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:39

«Onlar islam adı ilə bizə farsçılığı təlqin edirlər»


İran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi
İran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi
İran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi barəsində çıxarılan məhkəmə qərarından apellyasiya (təcridi-nəzər) şikayəti verib. Amma bildirir ki, İran məhkəməsi bunu nəzərə almayacaq və onun həbsi qaçılmazdır. Vədud Əsədi həbsindən əvvəl «Azadlıq» radiosuna müsahibə verib.

-Vədud bəy, artıq sizə hökm oxunub?
-10 gün olar hökm kəsilib. Bir il azadlıqdan məhrum ediblər. Rəşt məhkəməsi iddia edir ki, mən sistemin əleyhinə çıxmışam. Guya mən demişəm ki, bu fars nizamıdır, islam nizamı deyil. Bu faşist və zalım nizamdır. İki dostlarım, iki qardaş Hüseyn və Mvsüm Rəhimini də tutublar. Hüseynə 6 ay həbs kəsiblər, balaca qardaşının isə hökmü bəlli deyil.

-Bəs onları nəyə görə həbs ediblər?

- Eyni ittihamlar əsasında. Amma biz həmişə İslama baş əymişik. İranın yarısı türkdür. Amma onlar islam adı ilə farsçılığı bizə təlqin edirlər. Biz öz ana dilimizdə məktəbdən, yazı-pozmaqdan məhrumuq. Dünyada isə fars dilini və mədəniyyətini başqa xalqlar arasında təbliğ etmək, öyrətmək üçün yüzdən çox məktəb yaradıblar. Ya da ki, Çin kitabxanalarına İranın yalançı və qondarma tarixini yazıb hədiyyə verirlər. Həmin tarix kitablarında isə türklər vəhşi, geri qalmış millət kimi göstərilir. Biz yetişən yeni nəsil isə bunu qəbul edə bilmərik.

Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər



30 il əvvəl İslam inqilabında Təbriz və digər şəhərlərimiz qalxıb şahı pəhləvi rejimini yıxdıq ki, islam bayrağı altında, qardaşlıq prinsipi ilə millətimiz inkişaf edəcək. Bu qədər şəhid verdik, millətimiz inqilab yolunda çarpışdı amma bu fədakarlığın cavabını ala bilmədik. Millətimiz öz ana dilində bir məktəbə belə sahib deyil. Fəallarımızın anasını, bacısının gözü yaşlı qoyub, naməlum yerlərdə saxlayır, məhkəmələrə çəkir, zindanlarda çürüdürlər. Mənə deyirlər ki, sistemə qarşı çıxmışam, halbuki mən ancaq milli hüququmu tələb eləmişəm. Əgər milli hüququ tələb etmək sistemə qarşı çıxmaqdırsa, deməli sistem mənim hüququmun əleyhimədir.

- Türklərin aşağılanması hansı kitablarda yazılıb?

-Bütün tarix kitablarında belə yazılır. Xüsusən orta məktəb dərsliklərində. Türkləri, onların dövlət rəhbərlərini qaniçən, geri qalmış şəxslər kimi təqdim edirlər. Yazırlar ki, fars hökmdarları abadlıq işləri görüblər, insan haqlarını tanıyan olublar. İranın əsas şəhərləri İsfahan, Şiraz, Tehran hamısı səfəvilər zamanında abadlaşdıb, indi niyə türk tarixinə qarşı belə iftira atırlar? Bizim tariximizin aşağılanması hələ Rza şah Pəhləvi zamanından başlayıb, indi də davam edir. Hələ o zamanlar analarımıza türkcə layla deməyi yasaqlamışdılar, uşaqlara türk adları qoymağa imkan vermirdilər. Onu da deyim ki, İranda türklər yaşayan regionların sosial vəziyyəti çox gərgindir. Rəştin yarısından çoxu türkdür, amma bir tikə çörəyə möhtacdırlar. Nə günahımız var ki, bir tikə çörəyi öz vətənimizdə tapa bilmirik. Yollarımız xaraba qalıb.

- Belə deyirlər ki, İranın rəhbərliyində xeyli türk var, buna görə də İranda türklərirn vəziyyəti yaxşıdır?

-Bir misal var, deyir ki, «elinə, dilinə yanmayan bir kəs tutaq ki, xandı, sultandı nə faydası». Bəli, sizin fikrinizi qəbul edirəm, İran əhalisinin əksəriyyəti 30 milyondan artığı türkdür. Diqqət yetirsəniz İranın futbolçusundan tutmuş, siyasətçiləri, hərbiçiləri türkdür. Amma təəssüf ki, təfəkkür fars təfəkkürüdür, ona görə də bunların hamısı o sisteminin xidmətindədir.

Ayətullah Xanneyi şüarlarında deyir ki, «Azərbaycan oyaqdı, inqilaba dayaqdı». Amma Əfqanıstan prezidenti gələndə onunla təmiz fars dilində danışır, amma Azərbaycanınkı gələndə tərcüməçi ilə danışır, hansı ki, o türkcəni çox gözəl bilir.

Orta məktəbin ədəbiyyat kitabında yazırlar ki, guya Teymurləng gəlib Firdovsinin qəbrini açır, görür ora gülüstandır, amma öz babasının qəbrin açır görür qan içindədir, tüpürüb geyir qayıdır. Bunu hansı tarix yazır, bunu hansı mənbə təsdiqləyir, yalandı, uydurmadı hamısı. Firdovsinin kitabı İran və Turan arasına ixtilaf salmaq kitabıdır, türkləri aşağılayan, fars şovinizmini təbliğ edən kitabdır. Bütün bunlar təəssüf doğurur. Onların təbliğ etdikləri islamın arxasında mən yaxşı bir şey siyasət görmürəm.

-Vədud bəy sizi necə həbs etdilər?

-Toyumdan dərhal sonra.

- İddiaları da o olub ki, toyda türk mahnıları ifa olunurmuş…

-Bu həbsin səbəbləri əvvəllərə gedir. Mən hələ Ərdəbil universitetdə olanda «Səhər» adlı qəzetim var idi, milli mədəniyyətimizi, yaddan çıxmış folklorumuzu öyrənirdik. Amma bizi həbs edə bilmirdilər, qanunsuz heç nə etmirdik. Universitetdən qayıdıb gələndə isə mənə öz dilləri ilə deyirdilər ki, «biz gözləyirik ki, sən toy edəsən, səni toyunda tutub aparaq».

Biz nə Allaha qarşıyıq, nə də ki, hər hansı başqa bir millətə. Deyirik biz də insanıq, bizim də dilimiz var, bizim haqqımızı tapdamayın.
Əgər, zülmlə, zindanla siyasət olsaydı gərək onda bizin yaşadığımız torpağa bir qapı qoysunlar desinlər ki, Azərbaycan zindandır.

-Vədud bəy sizin ixtisasınız nədir?

-Mən yerşünaslıq ixtisasına yiyələnmişəm, geamorfologiya üzrə. Əvvəlcə Ərdəbildə oxudum, sonra ailə vəziyyətimlə bağlı qayıdıb Rəştə davam etdirdim.

-Bəs təhsilinizi başa vura bildinizmi?

-Bir il olar ki universiteti bitirmişəm. 29 yaşım var, imkan versələr, təhsilmi hələ dəvat etdirmək istəyirəm.

-Məhkəmənin qərarından şikayət verəcəksinizmi?

-Yoldaşlar dedilər ki, vəkil tut. Amma burda məhkəmələr bəllidir necə işləyir. Bizim hüquqlarımız Quranda qorunur. İranın Konstitusiyasının 19-cu maddəsində də yazılıb ki, hamı qanun qarşısında bərabərdir. Amma onlar öz yazdıqları qanunlara məhəl qoymurlar.

Mənim ittihamnaməmdə yazılıb ki, guya mən demişəm ki, İranda rejim faşist rejimidir, bu, iftiradır. İndi məni zindana salmaqla məsələ həll olacaq? Mənim qardaşım var, elim-obam var. Qoy Azərbaycan xalqı bilsin ki, onun balalarını hansı adla aparıb zindanlarda ömürlərini çürüdürlər. Təcridi-nəzərə (apelliyasiya) gəldikdə şikayət hazırlamışam. Amma inanmıram bunun bir faydası olsun, onların verdikləri qərar əvvəldən məlumdur.

***
Milli fəal Vədud Əsədi bundan əvvəldə həbsdə olub. Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.

Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs olunmuşdu.
Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər.

İran konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz dilində təhsil və mədəniyyətlərini qorumaq haqqı tanısa da, azərbaycanlıların ana dilində təhsil tələbləri yerinə yetirilmir. İranda müxtəlif mənbələrə görə 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır.

ABŞ Dövlət Departamentinin İnsan hüquqları hesabatında bildirilir ki, azərbaycanlı iranlılar etnik və linqvistik diskriminasiyaya məruz qalmalarından, o cümlədən, məktəblərdə azərbaycanca təhsilə qoyulan qadağalardan, coğrafi adların dəyişdirilməsindən şikayətçidirlər.

Beynəlxalq Amnistiya Təşkilatı İranda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəalların İranda təzyiqlərə, həbs və işgəncəyə məruz qaldığını, bu fəalları vicdan məhbusu kimi tanıdığını bildirir.
XS
SM
MD
LG