Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:46

Sorğular Obamann reytinqinin zəiflədiyini göstərir


Sorğu göstərir ki, Obama tərəfdarlarını itirib və müstəqillər arasındakı dəstəyinin də əhəmiyyətli bir hissəsi əriyib.
Sorğu göstərir ki, Obama tərəfdarlarını itirib və müstəqillər arasındakı dəstəyinin də əhəmiyyətli bir hissəsi əriyib.
ABŞ-da iqtisadi böhran dərinləşdikcə ABŞ prezidenti Barak Obamanın komandasına və onun böhrandan çıxış üçün təklif etdiyi yollara inam azalır. Artıq bir neçə gündür ki, ABŞ-da yerli telekanallar, qəzetlər, hətta prezident Obama və ümumiyyətlə demokratları dəstəkləyən media qurumlarında bu məsələ ciddi narahatlıqla müzakirə olunur. Bu baxımdan «The Wall Street Journal»ın martın 13-də dərc etdiyi «Obamanın sorğu reytinqi yerə enir» məqaləsi kifayət qədər simptomatikdir.

Yazı müəllifləri Duqlas Şoen və Skott Rasmussendir. Duqlas Şoen keçmişdə prezident Bill Klintonun sorğu proqramlarının rəhbəri olub. Skott Rasmussen isə «Rasmussen» sorğu şirkətinin prezidentidir.

Yazı müəllifləri məqaləni belə başlayırlar: «Prezident Obamanın yüksək populyarlıq dərəcələrində diqqəti cəmləmək və bundan onun administrasiyasının işinə olan yüksək ictimai inamın mövcudluğu qənaətinə gəlmək sadəcə olaraq səhvdir. Əslində, son sorğu nəticələrinə ətraflı baxış bunun tam əksinin doğru olduğu ehtimalının yüksək olmasını göstərir. Amerika əhalisi getdikcə daha çox onun təşəbbüslərinə şübhə ilə yanaşırlar və belə görünür ki, daha çox Obama administrasiyasının yürütdüyü siyasətdən fərqlənən bir xətti müdafiə edirlər».

Sorğu nəticələri göstərir ki, prezident Obamanın reytinqi müvafiq olaraq 2001-ci ildə Corc Buşun malik olduğu ictimai dəstəkdən daha aşağıda qərar tutub. «Rasmussen» şirkətinin keçirdiyi sorğulara əsasən prezident Obamanın net ictimai dəstəyi (prezidentin qatı tərəfdarlarının sayından onun qatı əleyhdarlarının sayını çıxanda yerdə qalan rəqəm) 6 faiz alınır ki, bu da indiyə qədər Barak Obamanın malik olduğu ən aşağı ictimai dəstək göstəricisidir.

Ümumən «Rasmussen» rəqəmləri prezident Obama üçün 56%-43 %-ə nisbətində ictimai dəstək göstərir və əhalinin üçdə birinin onun siyasətinin qatı əleyhdarı olduğunu əks etdirir. Sorğu nəticələri göstərir ki, prezident Obama demək olar ki, respublikaçılar arasında olan bütün tərəfdarlarını itirib və onun müstəqillər arasındakı dəstəyinin də əhəmiyyətli bir hissəsi əriyib.

Öz prezidentliyinin ilk 50 günü ərzində prezident Barak Obama 20-ci və 21-ci əsrdəki ABŞ prezidentləri ilə müqayisədə əhəmiyyətli dərəcədə tərəfdar itirib. Bu radikal dəyişikliklərin səbəbi əhali arasında yeni administrasiyanın siyasətinə olan inamın azalmasındadır.

Sorğu nəticələri göstərir ki, Barak Obamanın ölkə əhalisinin 95 %-i üçün vergiləri azaldacağına vəd verməsinə baxmayaraq, əhali inanır ki, bütün Amerikalılar üçün vergilər artacaq. Əhalinin dörddə üçü inanır ki, Obama administrasiyası dövründə federal hökumət aparatı şişib böyüyəcək.

Bu yaxınlarda Qellap şirkətinin keçirdiyi sorğular da eyni narahatlıqları ifadə edir. Rəyi soruşulanların 83 %-i belə bir narahatlıq ifadə edib ki, prezident Obamanın iqtisadiyyatı qaydasına salmaq üçün gördüyü işlər fayda verməyə bilər və iqtisadiyyat daha da pisləşə bilər. 82 % büdcə defisitini artıran dövlət xərclərinin artmasından narahatlıq ifadə ediblər. Rəyi soruşulanların 78 %-i inflyasiyanın genişlənməsindən narahatdırlar və 69 % deyir ki, onlar ABŞ hökumətinin iqtisadiyyatın tənzimlənməsində oynadığı rolun getdikcə artmasından narahatdırlar.

Qellap iqtisadi stimul paketi barədə sual verəndə rəyi soruşulanlar 3-ün 1-ə nisbətində bildiriblər ki, onlar istərdilər ki, bu işə çox yox, az pul xərclənsin. Rəyi soruşulanlara seçim veriləndə ki, stimul paketi daha çox defisiti artırır, yoxsa iqtisadiyyatı yaxşılaşdırır, onlar 3-ün 2-yə nisbətində birinci fikri ifadə ediblər.

İqtisadi stimul paketinə olan inam hazırda əhalinin yarıdan azı tərəfindən dəstəklənir. «The Wall Street Journal» və NBC-nın birgə keçirdiyi sorğunun nəticələrinə görə əhalinin 60 % belə düşünür ki, yaxın 2-4 ildə hazırkı iqtisadi stimul planının Amerika iqtisadiyyatına təsiri cüzi olacaq. «Rasmussen» sorğuları isə göstərir ki, Obamanın təqdim etdiyi dövlət büdcəsi əhali tərəfindən dəstəklənmir (46 % 41 %-ə).

Əhalinin yarıdan bir qədər çoxu hələ də ümumən Barak Obamaya və onun tutduğu ümumi yola inam ifadə etsələr də əhalinin 45 %-i yeni administrasiyaya inanmadıqlarını bildirirlər. Yeni prezidentin inauqurasiyasının üstündən cəmi iki ay keçir və bu rəqəm artmaqda olan bir tendensiyanın göstəricisidir.

Əhali arasında olan inamsızlıq ABŞ-ın demokrat administrasiyasının ən iri dövlət layihələrinə də təsir göstərib. Belə ki, səhiyyə proqramlarının genişləndirilməsi planları hazırda əhalinin yarıdan azı tərəfindən dəstəklənir. Bu, Bill Klinton 1993-cü ildə dövlət səhiyyə proqramı ideyasını ortaya çıxaranda ona ifadə olunan ictimai inamdan 17 % azdır.

Əhalinin dörddə birindən azı federal hökumətin doğrudan da xalqın iradəsini əks etdirdiyinə inam ifadə edir.

Yekunda yazı müəllifləri qeyd edir ki, Barak Obama və onun administrasiyasına olan ictimai dəstəyin böyük bir qismi onunla bağlıdır ki, onlar respublikaçı deyillər. «Demək olar ki, bütün amerikalılar - 10 nəfərdən 8-dən çoxu hazırkı iqtisadi çətinliklərə görə respublikaçıları günahlandırır».

Hazırda demokratların konqresdəki liderləri Harri Rid və Nensi Pelosinin reytinqlərindən də aşağı olan reytinqlər yalnız iki nəfərə məxsusdur - respublikaçıların konqresdəki liderləri Miç Mak Konnel və Con Boener.

Yazı müəllifləri qeyd edirlər ki, hazırkı sorğu nəticələri göstərir ki, əhali arasında hökumətə inam aşağı səviyyədədir və sürüşkən xarakter daşıyır ki, bu da Amerika cəmiyyətində ciddi narahatlıqlar üçün əsasdır.
XS
SM
MD
LG