Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:35

Rauf Mirqədirov: "Dialoqun aqibətini həm iqtidar, həm də müxalifət əvvəlcədən bilirdi"


Səs: Real audio
«Ciddi ittihamlar mətbuatda deyil, məhkəmələrdə qaldırılmalıdır» Hakimiyyətdə olan Yeni Azərbaycan partiyasının icra katibinin müavini Bahar Muradova deyir ki, onlar bu gün də iqtidar-müxalifət dialoquna tərəfdardırlar, lap günü sabah yenə müxalifət partiyalarıyla bir stol ətrafında otura bilərlər. Bir şərtlə ki, həmin müxalifət təşkilatları arasında Xalq Cəbhəsi partiyası olmasın.



Bahar Muradova bildirir ki, AXCP erməni xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etməkdə günahlandırılan «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlini dəstəkləyir və buna görə də onlar belə bir partiyayla bir stol arxasında oturmaq istəmirlər: «Bu, onların əməllərinə şərik olmaq deməkdir».



Bahar Muradova deyir ki, müxalifət daim dialoqu pozmağa cəhd etsə də, hakim partiya bunun qarşısını almağa çalışıb. Onun bildirdiyinə görə, iqtidar və müxalifət partiyalarının bundan əvvəlki görüşü də Müsavat partiyasının günahı ucbatından baş tutmamışdı.



Amma AXCP-nin sədr müavini Kamil Vəli Nərimanoğlu dialoqun baş tutmamasında iqtidarı günahlandırır və Ruslan Bəşirli məsələsinin burada bir bəhanə olduğunu deyir.



O bildirir ki, hakimiyyətin dialoq təşəbbüsü əvvəlcədən səmimi olmayıb, dialoqlar keçirildiyi vaxtda iqtidara yaxın kütləvi informasiya vasitələrində müxalifətə qarşı qarayaxma kampaniyası davam edib.



Kamil Vəli Nərimanoğlu deyir ki, bundan əvvəlki dialoq hakimiyyətin günahı ucbanıdan baş tutmayıb, hakim partiya müzakirə üçün parlament seçkilərinə aid olmayan mövzu təklif edib.



AXCP-nin sədr müavini hesab edir ki, dialoqun konkret nəticə verməsi üçün dialoqa hakim partiyanın rəhbəri, prezident İlham Əliyev də qatılmalıdır.



Bahar Muradova isə buna ehtiyac duymur və deyir ki, əgər dialoq iştirakçıları hansısa məsələdə ortaq fikrə gəlsələr, bu halda prezident həmin təklifə münasibət bildirə bilər.



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə hesab edir ki, iqtidar-müxalifət dialoqunun nəticəsiz bitəcəyi gözlənilən hadisə idi. Onun fikrincə, bunu həm iqtidar, həm də müxalifət də əvvəlcədən bilirdi. Əsl səbəb nə Ruslan Bəşirli məsələsi, nə də dialoqun gündəliyidir. Rauf Mirqədriov deyir ki, əvvəlcədən müxalifətin əsas tələbi seçki komissiyalarının tərkibinin dəyişdirilməsi idi, iqtidar isə qəti şəkildə buna qarşı çıxırdı və belə olan halda dialoqdan nəticə gözləmək əbəs idi.



O hesab edir ki, sadəcə, hər iki tərəf beynəlxalq təşkilatların dialoq barədə təkliflərinə hörmətlə yanaşdıqları ilə bağlı görüntü yaratmağa çalışıb.
XS
SM
MD
LG