Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Dini icmalar peyğəmbərin karikaturalarına etiraz edirlər


Səs: Real audio
«Cümə» Məscidi məsələyə Azərbaycan hökumətinin də münasibət bildirməsini vacib sayır Bakıda fəaliyyət göstərən dini icmalar Avropa qəzetlərində Hz. Məhəmməd peyğəmbərin karikaturasının çap olunmasına etiraz edirlər. Onlar etiraz bəyanatlarının Avropa ölkələrinə çatdırılması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edirlər.



Komitənin sədr müavini Elçin Əsgərov deyir ki, müxtəlif dini icmalardan müraciətlər daxil olmaqda davam edir. Elçin Əsgərov əlavə edir ki, başqa vaxt Avropa və Amerikanın beynəlxalq təşkilatları, dövlət strukturları qəzetlərdə gedən materiallara əsaslanaraq ölkələrdə dini dözümlülüyü müəyyən edirlər. Həmin vaxt onlar nədənsə söz azadlığı və mətbuatın müstəqilliyindən danışmır, orada dərc olunan neqativ materialı əsas götürürlər. Ona görə də bu hadisədə söz azadlığının əsas gətirilməsi səmimi görünmür.



Təzəpir Məscidinin axundu Hacı Faiz Nağızadə isə deyir ki, Avropa qəzetlərində dərc olunan materiallar təkcə İslam dininə, müsəlmanlara yox, bütün bəşəriyyətə hörmətsizlikdir. Onun fikrincə, bu, söz azadlığı yox, təxribatdır. Axund deyir ki, bu hadisədən hiddətlənən bir qrup gənc yanvarın 3-də Təzəpir Məscidinə gələrək etirazlarını bildiriblər. Axund əlavə edir ki, məscidə namaz qılmağa gələn əhali də bu məsələdən hiddətləndiyini bildirir.



İçərişəhər «Cümə» Məscidi isə yanvarın 3-də bəyanat yayıb. Bəyanatda baş vermiş hadisə insan hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirilir. Sənəddə bu hadisənin söz azadlığı ilə izah istəyi əsassız sayılır. Qəzetlərdə dərc olunanlar bir milyard insanın inancına təcavüz və xəyanət adlandırılır. Bəyanatın sonunda məsələyə Azərbaycan hökumətinin də münasibət bildirməsi zəruri hesab edilir.



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev isə deyir ki, bu hadisə ilə əlaqədar bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Avropadakı bir sıra təşkilatlarla telefon əlaqəsi saxlayıb və öz etirazını bildirib.



Mətbuat xidmətinin rəhbəri deyir ki, QMİ bəzi Avropa ölkələrində İslam dininə edilən bu hörmətsizliyi pisləyən bəyanat yayacaq.
XS
SM
MD
LG