Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Seçkiöncəsi müxalifətdə qarşılıqlı etimadsızlıq artır


Parlament seçkiləri, Bakı, 6 noyabr 2006
Parlament seçkiləri, Bakı, 6 noyabr 2006

Müsavat partiyası başqanının müavini Arif Hacılı Xalq Cəbhəsi partiyasının bəzi funksionerlərinin çox ciddi tənqidləri ilə qarşılaşmalı olub


Mayın 13-də 10 dairədə keçiriləcək təkrar seçkilərin təşviqat mərhələsi əvvəlki seçkilərin təşviqat mərhələsindən fərqlənir. İstər 6 noyabr, istərsə də ondan əvvəlki seçkilərdə rəqabət əsasən hakimiyyət namizədləri ilə müxalifətçilər arasında gedirdi. Bu zaman kəskin platforma fərqləri meydana çıxırdı. Düzdür, indi də bu hal müəyyən mənada özünü göstərməkdədir. Ancaq bu seçkilərdə ən çox diqqət çəkən məqam platforma mübarizəsinin bir növ unudulması və qarşılıqlı ittihamların daha çox müxalifətçilərin dilindən bir-birlərinə qarşı eşidilməsidir. Məsələn, 110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini irəli sürən Müsavat partiyası başqanının müavini Arif Hacılı Xalq Cəbhəsi partiyasının bəzi funksionerlərinin çox ciddi tənqidləri ilə qarşılaşmalı olub.


Xalq Cəbhəsi partiyasının mətbuat Xidmətinin rəhbəri İsaq Əvəzoğlu mətbuata müsahibələrinin birində qeyd edib ki, seçki demokratik keçirilsə belə Arif Hacılı qələbə çalmaq şansını itirib. Onun sözlərinə görə, Arif Hacılının «Yeni Müsavat» qəzetinə müsahibəsində Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlini tənqid etməsi də həmin həqiqəti dərk etməsindən irəli gəlir. İsaq Əvəzoğlu deyir ki, Əli Kərimlini tənqid etməklə Zaqatala seçicilərinin yox, hakimiyyətin rəğbətini qazanmaq olar:


"Arif Hacılı «Azadlıq» blokunun namizədi olduğu üçün seçicilərin əksəriyyətinin səsini qazanmışdı. İndi nə müxalifət blok şəklində seçkilərə gedib, nə də seçici fəallığı var. Belə olan halda demokratik yolla seçkini udmaq şansı yoxdur".


İsaq Əvəzoğlu deyir ki, indi hakimiyyət namizədlərinin qələbəsi şəksizdir. Çünki müxalifətdən fərqli olaraq onların elektoratı parçalanmayıb.


Müsavat partiyasına yaxın olan «Yeni Müsavat» qəzetinin 27 aprel tarixli sayında isə İsaq Əvəzoğlu Arif Hacılıya qarşı sifarişli mövqe tutmaqda günahlandırılır.


Arif Hacılı isə görünür, tək keçmiş müttəfiqləri ilə yox, həm də ənənəvi rəqiblərlə mübarizə aparmaq məcburiyyətindədir. Hər halda Arif Hacılının deməsinə görə, namizədliyini verdiyi 110 saylı Zaqatala Seçki Dairəsində icra hakimiyyəti işçiləri hakim Yeni Azərbaycan partiyasının namizədinin təbliğatını aparmaqla onun qələbəsini əngəlləmək istəyir:


"İcra hakimiyyətinin, verginin, polisin, gömrüyün əksər işçiləri Yeni Azərbaycan partiyasının namizədinin görüşlərinə qatılır, onun təbliğatında iştirak edirlər".


6 noyabr seçkiləri zamanı da Zaqatala rayon İcra Hakimiyyətinin seçki prosesinə müdaxilə etməsi ilə bağlı iddialar səslənmiş və seçkidən bir neçə gün sonra icra başçısı prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilmişdi.


Ancaq indi Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramazan Məmmədov seçki prosesinə qanundan kənar müdaxiləni inkar edir:


"O bütün ömrü boyu ara vurmaqla məşğuldur. İcra hakimiyyətinin seçkidə işi ancaq dairə və məntəqələrə texniki baxımdan yardım etməkdir".


10 dairədə keçiriləcək təkrar seçkilərin monitorinqini aparan təşkilatlar da bütünlükdə prosesin gedişiylə bağlı fərqli mövqelər söyləyirlər. Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, 13 may seçkilərinin demokratik keçiriləcəyinə inam çox azdır. Onun sözlərinə görə, müxalifət düşərgəsində parçalanmalardan asılı olmayaraq, yerli hakimiyyət orqanları və bir sıra namizədlər ənənəvi metodlardan istifadə etməklə seçicilərin səsini saxtalaşdırmaq istəyirlər. Anar Məmmədli deyir ki, üstəlik, bu seçkilərə nə ictimaiyyətin, nə də beynəlxalq təşkilatların marağını yetərli saymaq olar. Bunu təkrar seçkilərin keçiriləcəyi dairələrin azlığı ilə izah edən seçki mütəxəssisinin sözlərinə görə, hakimiyyətin hələ də güzəştsiz seçki siyasəti yürütməsi başa düşülən deyil:


"Bir halda ki, 10 dairədə keçiriləcək seçki vəziyyəti dəyişməyəcəksə, hakimiyyət daha diqqətli ola bilərdi. Çünki 10 dairədə azad və ədalətli seçkilərlə həm ictimaiyyətin, həm də xalqın rəğbətini müəyyən mənada qazanmaq olardı".


Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyli isə deyir ki, 13 may seçkilərinə indidən qiymət vermək yanlışlıq olardı. Vəli Əlibəyli düşünür ki, seçkilərə cəmi iki həftə qalmasına baxmayaraq, ciddi qanun pozuntuları müşahidə edilmir. O, eyni zamanda 10 dairədə keçiriləcək təkrar seçkilərə beynəlxalq təşkilatların marağını da kifayət hesab edir. Vəli Əlibəylinin sözlərinə görə, əgər belə olmasaydı, nə ATƏT-in, nə də Avropa Şurasının seçki prosesini müşahidə edəcək missiyası indidən fəaliyyətə başlamazdı.


XS
SM
MD
LG