Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Gözdən əlillər işə düzəlmələri üçün hökumətə təkliflər verdi


Laləzar və Məhərrəm Məmmədovlar
Laləzar və Məhərrəm Məmmədovlar

Məhərrəm və Laləzar Məmmədovlar yaşadıqları yataqxananın 9 kvadratmetrlik otağında onlara iş təklif ediləcəyi günü səbirsizliklə gözləyirlər


Məhərrəm və Laləzar Məmmədovlar 7 il əvvəl gözdən əlillərin «Dan Ulduzu» qəzetində bir yerdə işləyiblər. Qəzet bağlanandan bu ailə işsizdir. Neçə illərdir özlərinə uyğun iş sorağındadırlar. Ancaq hələ onlara iş verən tapılmır. Özü də gözdən əlil olan Laləzar ümidini itirmir. Nə vaxtsa özlərinə uyğun iş veriləcəyini gözləyir:


«Həyat yoldaşımla mən ali təhsilliyik, işsizik. Hökumətin verdiyi pensiyayla dolanırıq, başqa işimiz yoxdur, qiymətlər də tez-tez qalxır. Dolanışığımızda yaxşılığa doğru heç nə yoxdur. Biz vaxtilə «Dan Ulduzu» qəzetinin mətbəəsində işləmişik, bu cür işləri yenə görə bilərik. Hələ heç bir təklif yoxdur. Ümid edirəm ki, nə vaxtsa yenə işləyəcəyəm».


Laləzarın həyat yoldaşı Məhərrəm də gözdən əlildir, xəstəlikdən bir neçə gündür ayağa durub. İnsult keçirib. Müalicəsi üçün lazım olan dərmanlar baha olduğu üçün hamısını ala bilmir. Deyir, ona dostları kömək edir:


«Mart ayında insult keçirmişdim. Çoxlu iynə-dərman yazmışdılar. Apteklərə müraciət edəndə dedilər ki, əlillərə güzəşt dayanıb, mayın ortasında bərpa olunacaq. Dərmanlar da hamısı bahalıdır. Çörək pulundan kəsdim, dostların yardımıyla müalicə olunuram».


Məmmədovlar ailəsi birinci qrup əlil olduqlarından, ikisi ayda köhnə pulla 700 min manata yaxın pensiya alır. Ancaq bu ailədə məktəbli oğlan da böyüdüyündən, bu pulun onlara zorla çatdığını deyirlər.


Azərbaycan Gözdən Əlillər Cəmiyyəti isə mayın 2-də işləyə biləcək gözdən əlillər üçün iş yerlərinin açılması təklifini hökumətə göndərib. Cəmiyyətin vitse-prezidenti Bəybala İbadullayev deyir ki, əvvəllər də belə təklifləri olub. Ancaq baxan yoxdur:


«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu vaxta qədər çox təkliflərimiz olub. Büdcədən sosial xərclər üçün nazirliyə böyük vəsaitlər ayrılsa da, bizim üçün bir manat pul xərclənməyib. Ancaq ildə bir-iki dəfə yardım ayrılır. İstədiyimiz odur ki, gözdən əlillər üçün dayanıqlı infrastruktur qurulsun. Belə olsa, əlillər də işləyib-dolanar».


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məsləhətçisi Şahbaz Xələfov isə deyir ki, nazirlikdə əlillər üçün təklif edilməli olan iş yerləri kvotası, sayı müəyyən edilib. Hazırda kvotayla işə götürülən əlillərin sayı çox olmasa da, gözdən əlillər də daxil olmaqla bütün əlillər üçün bu kvotanın artırılması planlaşdırılır:


«Əlillər imkan daxilində işə düzəldilir. Məşğulluq haqda qanun imkan verir ki, bu kvota artırılsın. Prezident məşğulluq strategiyasını da təsdiq edib. Dövlət proqramı hazırlanır. Bu proqramda yeni bəndlər var ki, əlillər də işlə təmin olunsun. Gözdən Əlillər Cəmiyyətinin təklifləri də proqrama daxil edilib».


İqtisadi İnkişaf Nazirliyinin sosial-iqtisadi şöbəsinin müdiri Camaləddin Quliyev də gələcəkdə gözdən əlillərin məşğulluğu üçün planın işə düşəcəyini dedi.


Məhərrəm və Laləzar Məmmədovlar isə yaşadıqları yataqxananın 9 kvadratmetrlik otağında onlara iş təklif ediləcəyi günü səbirsizliklə gözləyirlər.


XS
SM
MD
LG