Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:47

Bakı BMT Təhlükəsizlik Şurasının İranla bağlı qərarını dəstəkləyəcək


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirir ki, Bakı BMT-nin Təhlükəsizlik Şurasının İranla bağlı qəbul edəcəyi qərarı dəstəkləyəcək: «Biz demişdik ki, BMT və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) üzvü olan istənilən ölkənin nüvə enerjisini inkişaf etdirməyə haqqı var. Amma BAEA-nın nəzarəti altında».


Elmar Məmmədyarova görə, BMT İrana sanksiya tətbiq edəcəyi halda, ən çox zərər çəkən qonşu dövlətlər ola bilər və yaxın tarixdə buna çoxlu misallar da var. Amma nazir həm də əlavə edir ki, hələlik Təhlükəsizlik Şurasının hər hansı qərarı olmadığından bu mövzuda şərh vermək düzgün olmazdı.


Tehran isə Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya tətbiq etməyəcəyinə ümid edir. İranın Xarici İşlər naziri Manuçöhr Mottaki mayın 4-də Bakıda jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının İranın nüvə dosyesini müzakirəyə çıxarması siyasi qərardı. Əslində, bu məsələ BMT-nin Təhlükəsizlik Şurasında yox, BAEA-da müzakirə edilməlidir: «İranın bu məsələdə mövqeyi aydındır, biz bu istiqamətdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirməyə hazırıq. Təhlükəsizlik Şurasının bu məsələyə baxması siyasi qərardır. Nüvə enerjisi kimi texniki məsələni bəzi ölkələr siyasiləşdirməməlidirlər».


Mayın 4-də İranın Xarici İşlər naziri Bakıda pakistanlı həmkarı və Türkiyənin dövlət naziri ilə görüşüb.


XS
SM
MD
LG