Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Əmanətlər iyulun 1-nə kimi qaytarıla bilərmi?


Ekspertlər əmanətlərin 8-10 ilə qaytarılacağını proqnozlaşdırır
Ekspertlər əmanətlərin 8-10 ilə qaytarılacağını proqnozlaşdırır

Bunun üçün qanun layihəsi ay yarım ərzində parlamentə təqdim olunmalı, deputatlar onu 3 oxunuşda qəbul eləməli və Prezident də təsdiqləməlidir…


Ötən ilin parlament seçkiləri ərəfəsində prezident İlham Əliyev əhalinin sovet dövründən əmanət banklarında qalan vəsaitlərinin qaytarılmasının təşkili üçün dövlət komissiyası yaradılması haqqında fərman imzaladı. Həmin fərmanda deyilirdi ki, yaradılan komissiya 1 yanvar 1992-ci ilə qədər Əmanət Bankındakı vəsaitlərin qaytarılması üçün qanun layihəsi və mexanizmi hazırlayıb, prezidentə təqdim etsin. Eyni zamanda banklardakı hesabların inventarizasiyasını aparıb - vətəndaşlara olan borcu hesablaması da tapşırılmışdı. Bütün bu prosedurun yerinə yetirilməsi üçün 3 ay vaxt verildi. Həmin 3 aylıq vaxt da bu il fevralın əvvəlində tamam oldu. Elə həmin vaxt mətbuat konfransı keçirən sabiq maliyyə naziri Əvəz Ələkbərov 1 iyuldan əmanətlərin qaytarılmasına başlana biləcəyini bildirdi. Daha sonra müxtəlif səviyyələrdə dövlət rəsmiləri də iyul ayı üzərində dayandılar. Artıq iyula cəmi ay yarım qalıb, amma hələ ki, nə sözügedən qanun nə parlamentə təqdim olunub, nə də mexanizmlər açıqlanır. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov deyir ki, əmanətlərin qaytarılmasına başlanması üçün qanun gecikərsə, ola bilsin ki, bu proses prezident fərmanı ilə başlansın.


Nazirlər Kabinetinin Maliyyə şöbəsinin müdiri Oqtay Haqverdiyev isə qanun qəbul edilmədən əmanətlərin qaytarılmasına başlanması haqda səslənən fikirləri düzgün saymır.


Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, əmanətlərin qaytarılması üçün qanun layihəsi və mexanizmlər hazırdır və Prezident Aparatına (PA) təqdim olunub. PA-nın maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Mayıl Rəhimov isə layihə ilə bağlı yekun fikrin olmadığını deyir. Onun sözlərinə görə, əmanətlərin qaytarılmasına parlament müvafiq qanunu qəbul edəndən sonra başlana bilər.


Bir sözlə əmanətlərin qaytarılması prosesinin iyulun 1-də başlaması üçün, lazımi qanun layihəsi qalan ay yarım ərzində parlamentə təqdim olunmalı, deputatlar onunla az vaxtda tanış olub 3 oxunuşda da qəbul eləməli və Prezident də onu təsdiqləməlidir. Bu nə qədər realdır, onu ancaq iyulun 1-də demək olacaq. Əgər əmanətlərin qaytarılmasına bu il başlanarsa, bunu gerçəkləşdirmək mümkün olacaq. Bunun üçün dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub, Maliyyə nazirliyinə əmanətlərin indeksləşdirilməsi üçün 50 milyon yeni manat ayrılıb.



XS
SM
MD
LG