Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Bakı Kazimirovun açıqlamalarından narahatdır


Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Minsk qrupunun keçmiş rusiyalı həmsədrinin bəyanatı ilə bağlı Rusiyaya etirazını bildirib


Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun Qarabağ münaqişəsinə dair son açıqlamalarıyla bağlı etiraz bildirilib.


Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin rəisi Tahir Tağızadənin sözlərinə görə, söhbət keçmiş həmsədrin «Panarmenian» informasiya agentliyinə verdiyi açıqlamadan gedir. Agentliyin yaydığı xəbərə görə, Vladimir Kazimirov Azərbaycan prezidenti İlham Əliyevin müharibə çağırışlarının cəmiyyətin mənəvi dayaqlarını sarsıtdığını və gənc nəslin psixikasına mənfi təsir etdiyini deyib.


Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov keçmiş həmsədrin fikirlərinin qərəzli olduğunu bildirib: «Bu, diplomatik normalara zidd bəyanatlardır. Təhlükəli məqam həm də ondan ibarətdir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlliylə bağlı indi gedən proseslərə mənfi təsir göstərir və nizamlama prosesinə müəyyən mənada mane olur».


Vladimir Kazimirov 2000-ci ildən istefadadır. Amma cənab Kazimirovun şəxsi saytında yazıldığına görə, Rusiyanın Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı davam etdirir. Rusiya Diplomatlar Assosiasiyasının sədr müavinidir.


Xarici İşlər Nazirliyindən bildiriblər ki, Rusiyanın müvəqqəti işlər vəkili Pyotr Burdıkin Azərbaycan tərəfinin fikirlərinin Moskvaya çatdıracağını və atılan hər hansı addım barədə Bakıya məlumat veriləcəyini bildirib.


XS
SM
MD
LG