Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:34

«Amnesty International»ın hesabatında Azərbaycan hökuməti tənqid olunur


«Amnesty International» 2006-cı il hesabatını açıqladı
«Amnesty International» 2006-cı il hesabatını açıqladı

«Amnesty International» təşkilatının illik hesabatında Azərbaycan hökuməti müxalifət fəallarını və siyasətçiləri təqib etdiyinə görə tənqid olunur. Baş verən hüquq pozuntularının çoxu siyasi azadlıqlarla bağlıdır. Nəzərə alaq ki, 2005-ci ildə Azərbaycanda parlament seçkiləri keçirilib.


«Amnesty International» hesab edir ki, Azərbaycanda vətəndaşların söz və sərbəst toplaşmaq azadlığı pozulub. Təhlükəsizlik qüvvələri müxalifətin dinc nümayişlərini dağıtmaq üçün həddən artıq gücdən istifadə ediblər. Çoxlu sayda müxalifət fəalı və jurnalist döyülüb. Bir neçə müxalifət üzvünə və hökumət rəsmisinə qarşı dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb. Məlumatlara görə, onların bəziləri həbsxanada işgəncəyə məruz qalıblar.


Sənəddə bildirir ki, seçki şəraitinin yaxşılaşdırılması məqsədi ilə prezident İlham Əliyevin 2005-ci ilin may və noyabr aylarında verdiyi sərəncamlara baxmayaraq, müxalifətin seçki kampaniyasına davamlı olaraq müdaxilələr olub. Beynəlxalq müşahidəçilər seçkinin beynəlxalq standartlara uyğun gəlmədiyi bildiriblər.


Təşkilatın hesabatında qeyd olunur ki, 2005-ci ilin mart ayında «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib. Lakin ilin axırına kimi bu qətlə görə heç kəs məsuliyyətə cəlb olunmayıb.


YAP-ın İcra katibinin müavini, Parlamentin deputatı Mübariz Qurbanlı deyir ki, beynəlxalq təşkilat bu hesabatı hazırlayarkən birtərəfli məlumatlara, xüsusi ilə də müxalifət mətbuatında gedən yazılara istinad edir. Ona görə də, verilən qiymət qərəzlidir.


Qeyri hökumət təşkilatı, Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Çingiz Qənizadə isə bu fikirdədir ki, hesabat Azərbaycandakı reallığı əks etdirir. Onun sözlərinə görə, hesabatda qeyd olunan məqamlardan biri də jurnalist Elmar Hüseynovun qətlidir. Bu cinayətin açilmaması insan haqları müdafiəçilərini dərindən narahat edir.


XS
SM
MD
LG