Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:45

Rəsulzadənin unudulan nəvəsi unudulmaz babasından danışır [Dinlə]


Məmməd Əminin nəvəsi Firuzə Məmmədova
Məmməd Əminin nəvəsi Firuzə Məmmədova

-

31 yanvar - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin doğum günüdür

Firuzə Məmmədova: «Ona-buna su daşıyır, kömək göstərib bir tikə çörək qazanırdım. Mən sağ qala bildim. Amma anam yox. Gələndə gördüm ki, donublar...»

​«Aşpaz sümükləri verirdi ki, aparın sümürün».

Məhəmməd Əmin Rəsulzadənin 2004-cü ildə vəfat edən sonuncu qız nəvəsi – Firuzə Məmmədova ilə müsahibəni diqqətinizə çatdırırıq.

DİNLƏ

«Bu Məmməd Əmin Rəsulzadənin özüdür, bu da onun övladları…»

Ötən əsrin əvvəllərində çəkilmiş, artıq rəngini itirməyə başlayan şəkillərdən danışan 75 yaşlı Firuzə Məmmədova və oğlu Həsəndir.

Xatırlamağa çalışmayın. Yəqin yadınıza sala bilməyəcəksiz.

O, Məmməd Əmin Rəsulzadənin qızı Lətifə xanımın böyük övladıdır. Haqqında danışdığı şəkilləri də Qazaxıstanda keçirdiyi sürgün düşərgələrindən, uşaq evlərindən qoruya-qoruya gətirib.

«Anam öləndə bircə şəkilləri götürdüm…»

Bu şəkillərdə onun üzünü görmədiyi babası, nənəsi, dayıları və xalası əks olunub. Bu şəkillərdə səsini, özünü yadına salmağa çətinlik çəkdiyi atası, anası, bacıları var. Bu şəkilləri nə vaxtsa yaradılacaq Məmməd Əmin Rəsulzadə muzeyi üçün qoruyub saxlayır.

Amma Firuzə xanımın sürgün düşərgələrində itirməməyə səy göstərdiyi həm də ana dili olub. Deyir ki, Azərbaycan dilində kəlmə kəsməyə adam tapmadığından gecələr yorğanı başına çəkib öz-özünə danışırmış. Bu dil 13 yaşlı qızın güman yeriymiş.

«Azərbaycan dilini yaddan çıxartmaq istəmirdim. Axı mən əvvəl-axır vətənə qayıdacaqdım. Səhərsə uşaqlar mənə dəli deyib göstərirdilər. Onda yanıb-yaxılırdım, axı dəli deyildim, mən dilimi yaddan çıxarmaq istəmirdim».

Rəsulzadənin ailəsi
Rəsulzadənin ailəsi

Firuzə Müslümzadə (bu onun qızlıq familiyasıdır) 1931-ci ildə Daməd Müslümzadənin ailəsində dünyaya gəlib. Ondan kiçik iki bacısı da olub. Onları 1941-ci ildə Qazaxıstana sürgün edəndə 3 yaşlı bacısını anasından ayırıb uşaq evinə verirlər. Balaca Firuzəni əmisi saxlamaq istəsə də, anası Lətifə xanım etiraz edir. Atasını onlardan bir qədər əvvəl Rusiyaya, Lətifə xanımla iki qızını isə Qazaxıstana sürgün edirlər.

«Bizə balaca daxma verdilər. Yorğan-döşəyimiz də yox».

Lətifə xanım qızıl mədənlərində işləməyə başlayır.

«İşləməsən çörək kartoçkası vermirdilər. Məni də məktəbə qoydu. Çünki məktəblilərə geyməyə çəkmə verirdilər. Sonra da anam xəstələndi. Bir gün gəldim ki, anamla bacım yanaşı yatıblar. Ona-buna su daşıyır, kömək göstərib bir tikə çörək qazanırdım. Mən sağ qala bildim. Amma anam yox. Gələndə gördüm ki, donublar. Həm aclıq, həm soyuq işini görmüşdü…»

Sözlər, ifadələr Firuzə xanımın yadından çıxsa da, altmış-altmış beş il öncə baş verənləri olduğu kimi xatırlayır. Ən ağrılı xatirələri uşaq evi ilə bağlıdır. Aclıq, soyuq, təklik… Danışır ki, uşaqlarla kolxoz bostanına gedirdik. Kartof oğurlayırdıq ki, acından ölməyək.

«Qoruqçular atla bizi qovurdular. Bəzən də papağımızı başımızdan alır, səhər məktəbə gətirirdilər. Müəllimə də bizi bir sütka ayaq üstə, ac-susuz saxlayırdı».

«Aşpaz sümükləri verirdi ki, aparın sümürün. Danışmalı deyil ey, uşaqlar növbə tuturdular ki, səndən sonra mən sümüyü soracam. Gecə yatanda Allaha yalvarırdıq ki, səhər bizə yağ-çörək və çay versinlər. Ancaq Allahdan bunu istəyirdik. Başqa heç nə istəmirdik».Müharibə illəri, üstəlik də xalq düşməninin övladları. Ona görə internatda heç vaxt doyunca yediklərini xatırlamır. Anasını əlləri ilə dəfn etmiş, atasından əlini üzmüş qızın bircə böyük arzusu varmış, yağ-çörək yemək:

Rəsulzadənin qızı və kürəkəni
Rəsulzadənin qızı və kürəkəni

Allah ona yağ-çörək göndərməsə də, bu internatdan qurtarmaq üçün ümid göndərir. Bakıdan qohumları dayısı Azərin müharibədən qayıtdığını yazırlar. O da dayısına onu gəlib aparmasını xahiş edir.

Firuzə xanım danışır ki, uşaq evindəki çətinliklər geridə qalsa da, başqa çətinliklərlə üzləşir. Qazaxıstanda yaşayan dayısıgildə darıxdığından Azərbaycana qaçır. 18 yaşında gənc qız sənədsiz, pulsuz-parasız Bakıya üz tutur. Balıq vətəgələrində işləməyə başlayır. Hətta oxumaq qərarına gəlir.

«İmtahanları verdim, bir yaşlı müəllim vardı, üç gün məni get-gələ saldı. Sonra mənə görüş təyin edəndə barmağımı dişlədim».

Özünü «damğalı» saydığından qapısını nadir hallarda döydüyü qohumlarından biri ona 21 yaşında ailə qurmağı məsləhət görür. Xalq düşməninin övladı olduğunu hamıdan gizlətsə də, bircə ömür-gün yoldaşına həqiqəti deyir. Məmməd Əmin Rəsulzadənin nəvəsi olduğunu isə babasına bəraət veriləndən sonra, 1963-cü ildə qohumlarından öyrənir.

«O bəraət alanda mən də həqiqəti bildim».

Buna görə də, babası haqda o da yalnız qohumlardan, bir də kitablardan nəsə öyrənə bilib. Övladlarına isə babası haqda yalnız 1989-cu ildə söz açıb. Oğlu Həsən Məmmədov:

«Anam yalnız onda bizə babasından danışdı. Heç birimiz heç nə bilmirdik». Həsən Məmmədov əvvəlcə bu xəbərə inana bilməyib, amma zamanla babası ilə fəxr etməyə başlayıb. «Biz onunla fərəhlənirik, amma həm də bunu əldə bayraq etməməyə çalışırıq. Adam öz işiylə öyünə bilər...»

Nəhayət 1992-ci ildə Firuzə xanım prezident Əbülfəz Elçibəyin başçılıq etdiyi nümayəndə heyəti ilə Türkiyəyə gedib babasının qəbrini ziyarət edir. «Burdan zəfəran gülü apardım. Bir ovuc da Novxanı torpağı…»

Amma ürəyindən nə qədər keçsə də, Qazaxıstanın Semipalatinsk vilayətinə qayıda, anasının dəfn olunduğu yeri ziyarət edə bilməyib. Deyir ki, qəbrisitanlığın yerini bilsəm də, qəbrin üstündə nişanə olmadığından tapa bilmərəm. Ancaq anasının yadigarı olan, uşaq evinə verilmiş bacısını çox axtarsa da, «gördüm» deyən olmayıb. Atasının izinə isə Rusiyanın ucqar vilayətlərindən birində rast gəlib.

Bunlar bir ailənin sağ qalmış yeganə övladı Firuzə Məmmədovanın bildikləridir.

Bir vaxtlar Məmməd Əmin Rəsulzadəyə görə, darmadağın olmuş ailəsindən, haqqında çox şey bilmədiyi babasından, nənəsindən bildiklərini, bütün yaşadıqların indi nəvələrinə danışır. «Nə uşaqlıq gördüm, nə də cavanlıq. Qurban olum nəvələrimə. Onlar mənə dəstək verirlər». Bəlkə buna görə də, balaca Lətifə üçün Rəsulzadə hər şeydən öncə nənəsinin babasıdır, yalnız daha sonra siyasi xadim.

«Məmmədin Rəsulzadə nənəmin babasıdır. Bizim bayrağı yaradandır…»

Belə görünür ki, Firuzə xanımın haqqında danışdığı şəkilləri Məmməd Əmin Rəsulzadə muzeyi yaradılana kimi bu uşaqlar qorumalı olacaqlar. Bu haqda, eləcə də başqa mətləblər haqdasa Firuzə xanım susmağa üstünlük verdi.

"Portretlər" proqramı
XS
SM
MD
LG