Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Ötən il 231 nəfər insan alverinin qurbanı olub


İnsan alverinin qurbanı olan Özbəkistan qadınları, 19 mart 2004
İnsan alverinin qurbanı olan Özbəkistan qadınları, 19 mart 2004

Azərbaycanda qurbanlarla daha çox vasitəçilər məşğul olurlar. Onlar qurbanların arzularını öyrənirlər, sonra bu təkliflərlə adamları şirnikləndirirlər


«İki uşaq anası idi, Gəncədən. Özü də hüquqşunasdır. Qohumu onu tam əmin edib ki, Türkiyədə yaxşı iş tapa biləcək, o da gedib. Azərbaycana 5 ildən sonra qayıda bilmişdi, o qədər yerə satmışdılar ki, çox pis vəziyyətdə idi…Ona hətta narkotika satdırıblar, əlləri kəsilmiş və əsəbləri pozulmuşdu».


İnsan alveri problemini tədqiq edən «Təmiz Dünya» təşkilatının eksperti Vəfa Salehin haqqında danışdığı həmin gənc qadın insan alverinin azərbaycanlı qurbanlarından biridir. Belə qurbanların sayı müstəqilliyin ilk illərində daha çox imiş. Hər halda bu işlə məşğul olan hökumət və qeyri-hökumət təşkilatları da deyirlər ki, 2000-ci ildən sonra Azərbaycanda iqtisadi vəziyyət nisbətən yaxşılaşandan sonra insan alverinin qurbanlarının sayı azalmaq üzrədir.


İnsan alveri gəlir əldə etmək üçün adamları zorla istismar etməkdir. Ekspertlər deyirlər ki, Azərbaycanda insanlar əsasən, üç yolla qurbana çevrilirlər. Əməkləri istismar olunur, cinsi zorakılığa məruz qalır və zorla surroqqat ana olurlar. Surroqqat analar zorla uşaq dünyaya gətirən, sonra uşağı əlindən alınıb evdən qovulan, uşağı isə cinayətkar məqsəd üçün istifadə olunan analar hesab olnur. Dünyada insan alverinin başqa bir üsulu kimi məşhur olan daxili orqanların satışı isə Azərbaycanda o qədər də geniş yayılmayıb.


«Təmiz Dünya» təşkilatının rəhbəri Mehriban Zeynalova deyir ki, Azərbaycanda insan alveri ilə bağlı vəziyyət Cənubi Qafqaz ölkələri ilə müqayisədə yaxşıdır, bu da ona görədir ki, ölkədə əhalinin yaşayış səviyyəsi getdikcə düzəlir.


Azərbaycanda qurbanlarla daha çox vasitəçilər məşğul olurlar. Onlar qurbanların arzularını öyrənirlər, sonra bu təkliflərlə adamlarlı şirnikləndirirlər. Bunların arasında müalicə olunmaq və ya yaxşı iş tapmaq, əlverişli nikah bağlamaq kimi hallar daha geniş yayılıb.


Azərbaycanda 15 yaşından 65 yaşına qədər hamı insan alverinin qurbanına çevrilə bilər. Bu, ölkə üçün müəyyən olunmuş risk qrupudur. İndi cinsi istismarın qurbanı daha çox qadınlar olurlar. Mehriban Zeynalova deyir ki, azərbaycanlı qadınları daha çox Türkiyəyə, Yunanıstana, Ərəb Əmirliklərinə, Avropanın ayrı-ayrı ölkələrinə aparırlar.


Qadınlar cinsi zorakılığa məruz qalırlarsa, kişilərin əməyi istismar olunur. Bu da insan alveri sayılır. Ekspertlər deyirlər ki, Azərbaycanda kişilər çox vaxt alverin qurbanı olduqlarını başa düşmürlər, ya da ki, bunu etiraf etmirlər. Kişiləri xaricə, əsasən də Rusiyaya qrup halında aparırlar. Orada onlara əzab verilir, zorla işlədirlər.


Uşaq alveri məsələsi də Azərbaycanda aktuallaşır. Daxili İşlər Nazirliyinin məlumatına görə, axırıncı iki ildə 13 uşaq alveri faktı aşkarlanıb, 23 nəfər bununla bağlı məsuliyyətə cəlb olunub.


Deputat Məlahət Həsənova isə deyir ki, hökumət insan alverinin qarşısını almaq üçün xeyli iş görüb, bu istiqamətdə Milli Fəaliyyət Proqramı təsdiqlənib, qanunlar qəbul olunub: «Əvvəllər insan alveri faktlarının sayı ilə bağlı artım var idi, indi isə yoxdur. Əksinə, indi Koordinasiya Şurası var, xeyli də nailiyyət əldə olunub».


İndi hökumət insan alverinin qurbanı olan adamlar üçün sığınacaq tikir. Belə adamların anonimliyi saxlanılacaq, onlara həkimlər, psixoloqlar kömək göstərəcəklər. Polislər binanı mühafizə edəcəklər. Daxili İşlər Nazirliyində insan alverindən əziyyət çəkənlər üçün «qaynar xətt» də var – nömrəsi 490-90-15-dir.


Daxili İşlər Nazirliyinin məlumatına görə, keçən il 231 nəfər insan alverinin qurbanı olub. İnsan alveri ağır cinayət sayılır, bu işlə məşğul olanları 15 ilə qədər cəza gözləyir.


XS
SM
MD
LG