Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

«Neft və qaz, neftayırma və neft kimyası» sərgisi açılır


Mütəxəssislər bu dəfəki sərginin daha maraqlı və səmərəli olacağını bildirirlər
Mütəxəssislər bu dəfəki sərginin daha maraqlı və səmərəli olacağını bildirirlər

Mütəxəssislərin əksəriyyəti bu sərgini həm də gələcək alıcıların tapılması baxımından önəmli sayırlar


İyunun 6-da Bakıda 13-cü beynəlxalq «Neft və qaz, neftayırma və neft kimyası» sərgisi keçiriləcək. Sərgi və tədbir çərçivəsində keçiriləcək konfransın iqtisadi faydasından danışarkən həm təşkilatçılar, həm də enerji sahəsiylə bağlı mütəxəssislər bunun əvvəlki sərgilərdən daha maraqlı və səmərəli olacağını bildirirlər. Səbəb kimisə Azərbaycanın bu ildən etibarən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Avropa bazarlarına daha da yaxınlaşmasını qeyd edirlər. Üstəlik bu ilin sonuna qədər Azərbaycan həm də Bakı-Ərzurum qaz kəməriylə də Avropa bazarına bağlanacaq ki, mütəxəssislərin əksəriyyəti bu sərgini həm də gələcək alıcıların tapılması baxımından önəmli sayırlar. Düzdür, sərgini təşkil edən «İteca Caspian» şirkətinin rəhbərliyi də bildirir ki, bu sərgilər zamanı çox az halda konkret müqavilələr bağlanır. Amma, şirkətin direktor müavini Bəhruz Hidayətzadənin sözlərinə görə, sərginin ildən-ilə daha böyük maraq cəlb etməsi və böyüməsi onu göstərir ki, bu sərginin həm iştirakçılara, həm də Azərbaycana faydası var.


«Turan-Enerji» dərgisinin redaktoru İlham Şabanın fikrincə isə, bu sərginin Azərbaycan iqtisadiyyatına birbaşa faydası məhz iştirakçıların sayından asılıdır. Sərgiyə maraq və iştirakçıların sayı nə qədər çox olarsa, onların yerləşdirilməsi, xidmət və başqa işlərlə əlaqədar olaraq yerli şirkətlər və Azərbaycan büdcəsi bir o qədər çox xeyir görər. Üstəlik, cənab Şabanın fikrincə, budəfəki sərgi əvvəlkilərdən daha maraqlı olacaq. Çünki sərgidə və bu tədbir çərçivəsində keçiriləcək konfransda iştirak edəcək Qazaxıstan, Rusiya, İran, Türkiyə, Gürcüstan, Amerika, Britaniya, Çin və İsrail kimi dövlətlər Azərbaycanın enerji layihələrinin potensial iştirakçılarıdır.


İlham Şaban bu sərginin bəzi ölkələrlə gələcək əməkdaşlığın konturlarının cızılması baxımından da əhəmiyyətli olduğunu düşünür. Onun sözlərinə görə, bu ölkələr arasında perspektivdə Odessa-Brodı kəməri vasitəsiylə Azərbaycan neftinin alıcısı ola biləcək Polşa və bu ilin dörd ayı ərzində artıq 100 milyon dollarlıq Azərbaycan nefti alan İsrailin xüsusi yeri var.


13-cü beynəlxalq «Neft və qaz, neftayırma və neft kimyası» sərgisində enerji sektoruyla əlaqəsi olan demək olar ki, bütün xidmətlər təmsil olunacaq. İstər avadanlıq istehsalı, istərsə də müasir texnologiyalar, kəşfiyyat, geologiya, sığorta şirkətləri və s.


İyunun 7-də Bakıda bir çox ölkələrin nazirləri və yüksək səviyyəli məmurlarının qatılacağı beynəlxalq konfrans da işə başlayacaq ki, həmin tədbirdə enerji təhlükəsizliyi və perspektivdəki beynəlxalq layihələrin müzakirəsi nəzərdə tutulub.


XS
SM
MD
LG