Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:32

Hüseyn Arabul Etibar Pirverdiyevi məhkəməyə verdiyini deyir


Şirkət Azərbaycan hökumətindən beynəlxalq məhkəməyə şikayət verəcəyini deyir
Şirkət Azərbaycan hökumətindən beynəlxalq məhkəməyə şikayət verəcəyini deyir

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyət fəaliyyətini dayandırsa, onun xidmət etdiyi ərazilər «BakıElektrikŞəbəkə»yə qaytarılacaq». İqtisadi İnkişaf naziri Heydər Babayev iyunun 8-də keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, artıq həmin hökumət qurumunun enerji paylayıcı şəbəkələri idarəetmə sahəsində təcrübəsi var və bu işin öhdəsindən gələ bilər: «Barmek»lə olan münasibətlər tam başqadır, biz istəyirik ki, o, üzərinə götürdükləri öhdəlikləri yerinə yetirsin».


Barəsində korrupsiya və mənimsəmə faktı üzrə cinayət işi qaldırılmış «Barmek»in prezidenti Hüseyn Arabul isə iyunun 7-də deyib ki, ona olan münasibət dəyişməsə, iyunun 30-da fəaliyyətini dayandıracaq və hökumətdən 291 milyon dollar təzminat istəyəcək. Nazir Heydər Babayev isə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət şirkətin bu rəqəmi necə müəyyənləşdirdiyini bilmir: «Barmek»in prezidentinin rəqəm səsləndirməsi onu göstərir ki, artıq şirkətin narahatçılığı var. Bizim də «Barmek»dən tələbimiz var, amma, bu rəqəmi açıqlamaq istəmirəm».


İqtisadi İnkişaf naziri deyir ki, Hüseyn Arabul artıq Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. «Amma Azərbaycan hökuməti öz haqqını beynəlxalq hüquq normaları çərçivəsində qorumağa qadirdir» - bunu isə İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirir.


«Barmek»in prezidenti isə bu fikirlə razılaşmır, deyir ki, o, hələ ki, beynəlxalq məhkəməyə müraciət etməyib, amma «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevi yerli məhkəməyə verib, 35 milyon dollar tələb edir. Hüseyn Arabulun fikrincə, «Azərenerji»nin prezidenti onun şərəf və ləyaqətini təhqir edib, şirkətinin işgüzar nüfuzuna isə xələl gətirib.


Bakı və ətraf bölgələrdə yeganə elektrik paylayıcı şəbəkə kimi fəaliyyət göstərən Türkiyənin «Barmek» şirkətinə qarşı korrupsiya və mənimsəmə faktı üzrə cinayət işi qaldırılıb. Şirkət ittihamları qəbul etmir və Azərbaycan hökumətindən beynəlxalq məhkəməyə şikayət verəcəyini deyir. Bir neçə nazirliyin birgə Təftiş Komissiyası isə şirkətdə yoxlamalara başlayıb.


XS
SM
MD
LG