Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:51

Yol polisindəki rüşvət Avropa Məhkəməsində


Gürcüstan vətəndaşı Soin Seidiyev
Gürcüstan vətəndaşı Soin Seidiyev
Azərbaycanda miqrant kimi yaşayan Gürcüstan vətəndaşı Soin Seidiyev Azərbaycan yol polisinin ondan rüşvət tələb etməsilə bağlı iki dəfə Avropa Məhkəməsinə müraciət edib. S.Seidiyev İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı maddəsilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayətlənib. Onun ilk dəfə üzləşdiyi hadisə Azərbaycanın Avropa Konvensiyasına qoşulmasından əvvəl baş verdiyindən Avropa Məhkəməsi müraciəti geri qaytarıb. Amma 2004-cü ildə üzləşdiyi qanun pozuntusuyla bağlı bu günlərdə Azərbaycan hökumətinə sorğu göndərilib.

S.Seidiyevlə yol polisi arasında ilk münaqişə 2001-ci ildə, Bakıya qohumlarının toyuna gələndə baş verib. Seidiyev deyir ki, sürdüyü maşının qeydiyyata düşmədiyini əsas gətirən yol polisi ondan rüşvət tələb edib. Polisin tərtib etdiyi protokolu imzalayanda, ondan rüşvət istənilməsini protokolun arxasına yaza bilib. S.Seidiyevin iddiasına görə, bu zaman yol polisləri güclə həmin protokolu onun əlindən alıblar və öz fikrini tamamlamağa imkan verməyiblər. O, polislərin qanunsuz hərəkət etdiyini və onların bu hərəkətindən məhkəməyə şikayət edəcəyini deyəndə, vəziyyət dəyişib:

«Dedim sən mənə qanunsuz protokol yazırsan, sizin bu hərəkətinizdən şikayət edəcəm. Bu zaman həmin polis getdi və öz polis yoldaşının poqonunu qoparıb gəldi üstümə ki, sən polisin poqonunu qoparmısan».

Nəsimi rayon 22-ci Polis Bölməsinə aparılan Seidiyevi növbəti gün sərbəst buraxmaq istəsələr də, o, bundan imtina edib:

«Səhərisi gün poqonu cırılan polis gəldi ki, çıx get, baxıram sən qanunları bilirsən. Dedim ki, çıxmaq fikrində deyiləm, əgər mən polisin poqonunu cırmışamsa, cinayətkaram və mənim haqqımda qoy cinayət işi qaldırılsın. Mən bunu tələb edirəm».

Bundan sonra iş Nəsimi rayon Prokurorluğuna göndərilib. Soin Seidiyev deyir ki, o qoparılan poqonla bağlı ekspertiza aparılmasını tələb edib, amma buna əməl olunmayıb:

«Mənim dediklərimə məhəl qoyulmadı. Şahid tapdılar. Şahidlərin biri «bomj» idi, heç yerdə qeydiyyatı yox idi. Biri isə taksi sürücüsü idi. Onların ikisini də tanıyıram».

Zakir Axundov etiraf edir ki, ifadəni yazmağı ondan yol polisləri xahiş edib
Sonda məhkəmə S.Seidiyevin iki aylıq həbsilə bağlı qərar çıxarıb. Amma Bayıl təcridxanasında da hüquqlarının bərpasına çalışan Seidiyev təcridxanadan Baş prokuror Zakir Qaralova polislərin onu şantaj edərək pul almaq istədiklərini və buna razı olmadığı üçün həbs olunduğu barədə məktub yazıb.

S.Seidiyev deyir ki, 48 günlük həbsdən sonra onun işilə bağlı məhkəmə prosesi başlayıb. Yenə poqonun kim tərəfindən cırılması üzrə ekspertiza aparılmasını tələb edib:

«Axı ekspertiza olanda barmaq izlərilə müəyyənləşdirmək olur ki, poqonu kim cırıb. Amma buna yenə də əməl etmədilər».

Bu dəfə S.Seidiyev 40 manat cərimə edildikdən sonra sərbəst buraxılıb. Amma o, yenə haqsız yerə cərimə olunduğunu, əsassız yerə həbs edildiyini bildirib və ona bəraət verilməsini istəyib. Soin Seidiyev deyir ki, halbuki polisin poqonunu cırmağa və polisə müqavimətə görə, ən azı üç il iş düşür.

Arayış:

Soin Seidiyev Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəndə polislərə şahidlik edən taksi sürücüsü notarial qaydada ilkin ifadələrini təkzib edən məktubu məhkəməyə təqdim edib. 2002-ci il iyunun 1-də rus dilində yazılan həmin məktubda taksi sürücüsü Zakir Axundov etiraf edir ki, belə bir ifadəni yazmağı ondan yol polisləri xahiş edib. Amma əslində, o, belə bir hadisənin şahidi olmayıb. Həmçinin həmin polislər ona yaxınlaşanda onların poqonları yerində olub.

S.Seidiyev deyir ki, məsələnin ən faciəli tərəfi odur ki, nə polislər onu saxladığı müddətdə, nə də həbsxanada yatdığı zaman onun ailəsinə, yaxınlarına bu barədə heç bir məlumat verilməyib. Hətta onun həyat yoldaşı ərinin bir müddət əvvəl Azərbaycana toya getdiyini, amma geri qayıtmadığı barədə hüquq-mühafizə orqanlarına müraciət də edib:

«Faktiki bunlar məni oğurlamışdılar. Nə səfirliyə, nə də yaxınlarıma mənim saxlanmağım, həbsim barədə heç bir məlumat verilməyib».

S.Seidiyev növbəti dəfə 2004-cü ildə eynilə əvvəlki hadisəyə oxşar daha bir hadisə ilə üzləşib. Bu dəfə hadisə Nərimanov rayonunda olub. Yenə də yol polisləri ona qaydanı pozduğunu bildiriblər.

Avtomobili sağdan vurulub əzilsə də, Binəqədi rayon Məhkəməsinin qərarında maşının soldan əzildiyi qeyd olunub
Amma qaydanı pozmadığını iddia edəndə, onu üç yol polisini döyməkdə ittiham ediblər. Nərimanov rayon Prokurorluğu haqqında Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) cinayət işi açıb. Və sonda ona il yarım şərti cəza verilib.

Soin Seidiyev yenə də bəraət üçün Azərbaycandakı bütün məhkəmə instansiyalarına müraciət edib. Amma bu dəfə də müsbət nəticəyə nail olmayıb. Yerli məhkəmələrdə müdafiə hüququ tükəndikdən sonra cənab Seidiyev Avropa Məhkəməsinə müraciət edib. Bu günlərdə həmin müraciətlə bağlı Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib.

S.Seidiyevin son dəfə daha bir hadisə ilə ötən ilin yanvarında üzləşib. Onun idarə etdiyi «Ford» markalı maşını digər bir avtomobillə toqquşub. Sürücü günahın onda olduğunu etiraf edib və bütün zərəri ödəyəcəyini bildirib. Amma polisin məsələyə müdaxiləsindən sonra Seidiyev deyir ki, onun maşınını əzən sürücü fikrini dəyişib. İş sonda məhkəməyə gedib çıxıb.

S.Seidiyev deyir ki, budəfəki qanunsuzluq onu lap dəhşətə gətirib. O, günahkar hesab edilib. Həmçinin avtomobili sağdan vurulub əzilsə də, Binəqədi rayon Məhkəməsinin qərarında maşının soldan əzildiyi qeyd olunub.

Soin Seidiyev 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
XS
SM
MD
LG