Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:36

Növbəti beşillik regionlara nə verəcək?


Prezident İlham Əliyev «Qaradağ Sement» ASC-də yeni sobanın təməlqoyma mərasimində, Bakı, 14 aprel 2009
Prezident İlham Əliyev «Qaradağ Sement» ASC-də yeni sobanın təməlqoyma mərasimində, Bakı, 14 aprel 2009
«Mən korluq çəkə-çəkə yaşayıram. Oğlum ali məktəbi qurtarıb, indi evdə yatır. İş yoxdur, bir-iki dəfə bazara çıxdı, gəldi, ağladı ki, ay ana, mən bazarda pomidor sata bilmərəm...».

Şəkili Validə Məmmədova belə deyir. O, Bakıya gəlib ki, pulu çatan qədər pal-paltar alıb, aparıb Şəkidə satsın. Çünki nə özü, nə də onunla birlikdə yaşayan oğlu işləmir. Şəkinin özündə yaşadığından əkib-becərməyə torpağı da yoxdur. Deyir ki, regionların inkişafı deyilən proqram haqqında televizordan ara-sıra nəsə eşidib, ancaq onun nə olduğunu bilmir:

«Eşitməyinə eşitmişəm, ancaq bununla bağlı mən öz həyatımda inkişaf, dəyişiklik görməmişəm».

Regionların sosial-iqtisadi inkişafıyla bağlı 2004-2008-ci illər üçün proqram başa çatandan sonra prezident İlham Əliyev 2009-2013-cü illər üçün yeni fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılır ki, dövlət proqramının maliyyələşdirilməsi üçün investisiyalar cəlb olunsun, beynəlxalq maliyyə institutları, xarici ölkələrin qurumları və iş adamları ilə danışıqlar aparılsın. Rəsmi qəzetlər bu fərmanı ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələ adlandırırlar.

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, yeni proqram başlasa da, bundan əvvəlkini uğurlu saymaq olmaz:

«Regionlarda məşğulluğun səviyyəsi təmin olunmadı, regionla paytaxt arasında disbalans daha da böyüdü. Əvvəldən açılmış iş yerlərinin çoxu yenidən qeydə alındı, yeni iş yerləri kimi təqdim olundu. Əslində statistikanın spekulyasiyası baş verdi. Proqramın əsas istiqamətlərindən biri də infrastruktur layihələri, kommunal təminatın yaxşılaşdırılmasıydı. Paytaxtda bu problemlər həllini tapmırsa, regionlarda yüksək səviyyədə olmasından danışmaq yerinə düşmür. Ancaq o da var ki, növbəti bir proqram hazırlanmalıydı».

İqtisadçı deyir ki, daxili və xarici investorlar üçün bərabər imkanlar olsa, sahibkarlara işləməyə yaxşı şərait yaradılsa, növbəti proqram keyfiyyətlə işləyə bilər.

Prezident İlham Əliyev aprelin 14-də «Qaradağ Sement» zavodundakı çıxışında deyib ki, son beş ildə iqtisadiyyat 2,6 dəfə artıb. Neft, qaz amilindən asılılığın azaldılması istiqamətində böyük işlər görülür, sahibkarlığa dəstək verilir. Beş ildə 766 min iş yeri açılıb, onlardan 547 mini daimidir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev regionların inkişafıyla bağlı tədqiqatlar aparıb. O deyir ki, müxtəlif rayonlarda olanda daha çox kosmetik dəyişikliklərin şahidi olub:

«Rayonlarda daha çox kosmetik xarakterli dəyişikliklər baş verib. Xüsusilə mərkəzi küçələr abadlaşdırılıb, daha bahalı müəssisələr açılıb. Ancaq dövlət büdcəsinə, vergilərin strukturuna baxsaq, belə qənaətə gəlmək olar ki, regionların inkişafından danışmaq hələ tezdir. Əgər vergi yığımının 90 faizindən çoxu Bakı və onun ətraf ərazilərinin hesabına formalaşırsa, rayonlarda yığılan vergilərin çəkisi azdırsa, hansı inkişafdan danışmaq olar».

Ekspert deyir ki, tədqiqatlar nəticəsində açılan iş yerlərinin bağlanması, köhnə iş yerlərinin yeni adla qeydiyyatdan keçməsi faktlarını da aşkar ediblər.

Bakıya hər gün ölkənin müxtəlif bölgələrindən neçə-neçə adam gəlir. Onlardan bəziləri burda iş tapacağına ümid edir, bir hissəsi isə şəkili Validə kimi nəsə alıb aparıb öz rayonunda satır. Onlardan öz bölgələrindəki yaşayışları, iş yerlərinin necə olması haqqında soruşduq. Həmsöhbətlərim əsasən İsmayıllı, Quba, Qəbələ və Balakəndəndir:

- İsmayıllıda iş yerləri yoxdur, yamangünlükdür, işsizlikdən bura gəlmişəm.
- Düzdür, müəyyən problemləri həll eləyirlər, ancaq çoxu həll olunmayıb. Mənim kimi gənclər rayonu tərk eləyir.
- Bizdə - Qubada vəziyyət yaxşı deyil. Mən bura alverə gəlmişəm. 3-4 kilo kələm satmalıyam ki, bir kilo qənd alım, bununla necə yaşamaq olar?!
- Yox, dolana bilmirik, çör-çöp yandırırıq ki, işıq pulu verməyək.
- Başqa regionlarla müqayisə eləyəndə Qəbələdə dönüş olub, yeni iş yerləri açılıb, konserv, kərpic zavodu fəaliyyət göstərir, işləyənlər də çoxdur.
XS
SM
MD
LG