Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Sarkozinin dünya liderləri haqqında söylədiyi sensasion fikirlər


Sarkozinin fikrincə, «Obama zəifdir, təcrübəsizdir»
Sarkozinin fikrincə, «Obama zəifdir, təcrübəsizdir»
«Nyu-York Taymz» qəzeti aprelin 17-də Fransa prezidenti Nikola Sarkozinin dünya liderləri haqqında söylədiyi sensasion dəyərləndirmələr barədə məqalə dərc edib.

Aprelin 15-də Fransa parlamentinin deputatları ilə nahar süfrəsi arxasında iqtisadi məsələləri müzakirə edərkən N. Sarkozi bir çox maraqlı fikirlər səsləndirib.

Sarkozinin fikrincə, «prezident Obama zəifdir, təcrübəsizdir və iqlim problemi barədə az məlumatlıdır». Almaniya kansleri Angela Merkel öz ölkəsinin iqtisadi problemlərini başa düşmür və «mənim mövqeyimi dəstəkləməkdən başqa çıxış yolu qalmamışdı». Avropa Komissiyasının lideri Xose Manuel Barrozu isə Londondakı «20-lər»in sammitində sanki iştirak etmirdi».

N. Sarkozi bəzən bir cümlə ilə iki nəfəri də vurur. «İspaniyanın Baş naziri Xose Luis Rodriqes Zapatero ola bilsin, çox da ağıllı deyil. Amma mən adamlar tanıyıram ki, kifayət qədər ağıllı olublar, amma prezident seçkisinin ikinci turundan keçə bilməyiblər», - deyə o, həm də Fransa Sosialist Partiyasının lideri Lionel Jospenə işarə edir.

Sonradan Fransa prezidenti dediklərini tələsik təkzib edib, deyib ki, o, Zapatero haqqında pis danışmayıb, əksinə, onu tərifləyib.

«Nyu-York Taymz» yazır ki, prezident Sarkozi üçün model İtaliyanın Baş naziri Silvio Berluskonidir:

«Demokratiyada əsas şey yenidən seçilə bilməkdir. Berluskoniyə baxın. O, artıq üçüncü dəfədir ki, yenidən seçilir». (hərçənd ki, «Nyu-York Taymz» yazır ki, Berluskoni cəmi iki dəfə yenidən seçilib).

ABŞ prezidenti Barak Obama haqqında da Sarkozinin söylədiyi fikirlər maraqlıdır:

«Cənab Obama çox dərin təfəkkürə malikdir və çox ağıllı, həm də xarizmatikdir. Amma o, prezident seçilməzdən əvvəl həyatı boyu bir nazirliyə belə rəhbərlik etməyib. Bir çox məsələlər barədə onun mövqeyi yoxdur».

Fransanın «L’Ekspress» qəzeti isə yazır ki, Obamanın az qala müqəddəsləşdirilən imici barədə zarafat edən Sarkozi Obamanın Fransaya iyun ayına planlaşdırılan səfəri barədə belə deyib:

«Mən ondan xahiş edəcəm ki, o, La-Manş tunelinin üstü ilə gəzsin (İngiltərəni Fransa ilə birləşdirən 32 kilometrlik sualtı tunel nəzərdə tutulur, suyun üstü ilə gəzmək isə İsa Məsihin möcüzəsinə işarə edir – red.) və o, da gəzəcək».
XS
SM
MD
LG