Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Qazaxıstan BTC-nin astanasında


Sənaye və Energetika naziri Natiq Əliyev, 8 iyun 2006
Sənaye və Energetika naziri Natiq Əliyev, 8 iyun 2006

Sənaye və Energetika naziri Natiq Əliyev deyir ki, Qazaxıstanın öz neftini BTC kəməri ilə nəql etməsiylə Azərbaycan böyük bir dəhliz qazanır


Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinə qoşulması ilə bağlı hökumətlərarası saziş hazırdır. Prezident İlham Əliyevin iyunun 16-da bu ölkəyə səfərində sözügedən sənədin imzalanması gözlənilir. Qazaxıstanın BTC-yə qoşulması haqda sazişdən sonra daha bir razılaşma da imzalana bilər. Sənaye və Energetika naziri Natiq Əliyevin sözlərinə görə, həmin sazişdə tikinti işləri, investisiyaların qoyuluşu, vergi və gömrük məsələlərinə dair bütün detallar öz əksini tapacaq. O ki qaldı bu ölkənin BTC-yə qoşulmasının əhəmiyyətinə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, bu, layihəni daha uzun ömürlü və gəlirli edəcək: «Azərbaycana yaxşı tranzit xərcləri ödəniləcək. Bundan tək Azərbaycan yox, həm də Gürcüstan və Türkiyə də qazanacaq».


Sənaye və Energetika naziri Natiq Əliyevin sözlərinə görəsə, bu məsələnin siyasi faydasını da nəzərdən qaçırmaq olmaz. Nazir deyir ki, Qazaxıstanın öz neftini BTC kəməri ilə nəql etməsiylə Azərbaycan böyük bir dəhliz qazanır: «Digər tərəfdən, bu layihənin gerçəkləşməsiylə Azərbaycan Qazaxıstan münasibətləri daha da yaxşılaşacaq. Nəhayət bu, Azərbaycanın regionda bir qədər də güclənməsinə xidmət edəcək».


Bununla belə, cənab Əliyev deyir ki, Qazaxıstan neftinin BTC-lə nəqli bir sıra texniki məsələlərin həyata keçirilməsini tələb edir: «Əgər Qazaxıstan öz neftini bu kəmərlə nəql etmək öhdəliyi götürəcəksə, BTC-nin ötürmə gücü artırılmalıdır».


Nazir bildirir ki, həm texniki, həm də kimyəvi üsullardan istifadə etməklə neftin ötürülmə sürətini artırmaq mümkündür.


Natiq Əliyev söyləyir ki, əgər bu məsələ gerçəkləşərsə, onda Keyfiyyət Bankı yaradılacaq. Hər neftin keyfiyyətinə görə də haqqı ödəniləcək. Bundan başqa, onun sözlərinə görə, müxtəlif üsullarla Bakı neftinin Qazaxıstan neftinə qarışmasının qarşısını da almaq olar: «Ola bilər ki, biz nefti hissə-hissə nəql edək. Onda həmin təhlükə də meydana çıxmayacaq».


Əgər razılıq əldə edilərsə, təqribən 2009-2010-cu ildən etibarən Qazaxıstan neftinin BTC vasitəsiylə nəql edilməsi gözlənilir. İlkin dövrdə Qazaxıstan bu kəmər vasitəsilə Aralıq dənizi hövzəsinə təqribən 7,5 milyon ton neft nəql etməlidir…
XS
SM
MD
LG