Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Çimərlikdə polis xidməti


Sağlamlıq üçün təhlükəli olduğu deyilsə də, Şıx çimərliyinə gələnlərin sayı çoxdur
Sağlamlıq üçün təhlükəli olduğu deyilsə də, Şıx çimərliyinə gələnlərin sayı çoxdur

Fövqəladə Hallar Nazirliyi qərara gəlib ki, əhalinin təhlükəsizliyini qorumaq üçün xilasedicilərlə birlikdə polislər də çimərliklərdə olmalıdır


Bundan sonra dincəlmək üçün çimərliyə gələnlər polisi də burda görəcəklər. Ancaq onlardan fərqli polis çimərliyə dincəlməyə yox, işə gələcək. Fövqəladə Hallar Nazirliyi qərara gəlib ki, əhalinin təhlükəsizliyini qorumaq üçün xilasedicilərlə birlikdə polislər də çimərliklərdə olmalıdır. Nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Sularda Xilasetmə Xidmətindən verilən məlumata görə, polis əhalinin təhlükəsizliyini xilasedicilər kimi suyun içində yox, sahildə qoruyacaq. Xidmətin sektor müdiri Rafiq Ağayev deyir ki, Daxili İşlər Nazirliyinə müraciət etməyin səbəbi dəniz sahilində dava-dalaş salan, fırtınalı havada suya baş vurmaq istəyən adamların qarşısını almaqdır. «Bir də görürsən adamlar içkili halda, ya da çox külək olan vaxt suya girir. Xilasedicilərin borcu deyil ki, onları dəniz qırağından qovlasınlar. Xilaskarın işi xilas etməkdir. Ancaq fırtınalı havada adamlar gərək suya girməsin, buna hüquq-mühafizə orqanları baxmalıdır. Xilasetmə məntəqələrində bunun üçün polis briqadaları da olmalıdır. Ona görə də bu müraciət edildi».


Daxili İşlər Nazirliyi bu təklifə müsbət cavab verib. Hər rayonun polis şöbəsinə öz əməkdaşlarından ibarət briqadalarını dəniz sahilinə göndərməyi tapşırıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, polis dəniz sahilində əhalinin çimərlikdə sıx olduğu vaxt olacaq. Görəcəyi işə gəldikdə isə: «Həmin ərazilərdə ictimai asayişin mühafizəsinə və əhalinin təhlükəsizliyinə cəlb olunmuş polis əməkdaşları asayişi pozanlara, əhalinin təhlükəsizliyinə xələl gətirən amillərə qarşı mübarizə aparacaqlar».


Polisin onlara nəzarət etməsinə çimərlikdə dincələnlərin isə mövqeyi müxtəlifdir. Bunu alqışlayanlar da var, polisin səlahiyyətini aşdığını deyənlər də.


Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Rafiq Ağayev deyir ki, qərar olsa da polis hələ bütün çimərliklərdə görünmür. «Düzdür, tapşırıq verilib, ancaq o tapşırıq necə yerinə yetirilir, çox yerdə hələ ki, heç kim yoxdur. Bir də görürsən, hansısa çimərliyin ətrafından polis maşını gəlib keçdi, ancaq elə olmalıdır ki, məsələn, fırtınalı havada xilasedicini dinləməyən şəxs olarsa polis işə müdaxilə etsin».


Adı Səhiyyə və Ekologiya nazirliklərinin sağlamlıq üçün təhlükəli olan çimərliklər siyahısında olsa da Bakının bu isti günlərində Şıx çimərliyinə gələnlərin sayı əvvəlki illərdə olduğu kimi yenə çoxdur. Bu çimərliyə nəzarət edən polislər yaxınlıqdakı çayxana çay içirdilər. Səbayel rayon post-patrul xidmətinin əməkdaşı Mahmud Məmmədov deyir ki, hələ ki burda onların müdaxilə edə biləcəyi hadisə baş verməyib.


Həyat Fəaliyyətinin Təhlükəsizliyi İctimai Birliyinin sədri Həbib Ocaqov əhalinin təhlükəsizliyinin qorunması üçün polisin çimərliklərdə olmasını müsbət addım sayır. «Polislər rəsmi formadansa mülki, ya da xilasedicilər kimi başqa bir geyimdə olsalar daha yaxşı olar, adamlar da düşünər ki, onlar kömək eləməyə gəlib. Polis geyimi istər-istəməz fikir formalaşdırır ki, hə, gəlib tutmağa, ya da başqa bir hadisə olacaq».


Həbib Ocaqov bu işdə könüllülərin xidmətindən istifadə etməyi də uğurlu addım sayır.


Azərbaycanda çimərlik mövsümü iyunun 10-da açılıb, sentyabrın sonuna qədər davam edəcək.
XS
SM
MD
LG