Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Qarabağ ili...


Bizim həll edə bilmədiyimiz problemi başqasının həll edə biləcəyinə təminat varmı?
Bizim həll edə bilmədiyimiz problemi başqasının həll edə biləcəyinə təminat varmı?
Ötən 2008-ci il ölkədə Qarabağ ili elan edilmişdi. Hamı düşünürdü ki, ən azı Minsk qrupunun həmsədrlərinin siyasi leksikonunda müəyyən korrektələr olacaq. Amma il başa çatdı və heç nə baş vermədi. Prinsipcə, buna neytral yanaşmaq olardı, çünki YAP vədlər sarıdan heç də korluq çəkmir.

Doğrudur, cəmiyyət vədlərin arxasınca iş tələb etmək gücündə olsaydı, hakim partiya seçkini 89 faizlik nəticə ilə «başa vurmazdı». Heç yerdə görünməyib ki, 16 il müddətində hər hansı problemi həll etməyən siyasi qüvvəyə bu qədər siyasi dəstək verilsin. Təbii ki, hakim partiya digər ölkələrdəki vəziyyəti misal çəkməklə özünə bəraət qazandıra bilər. Amma artıq bu cür çıxışlar özünün siyasi təsirini itirib. Hakim partiya soruşa bilər ki, bizim həll edə bilmədiyimiz problemi başqasının həll edə biləcəyinə təminat varmı?

Bəlkə də belə bir mürəkkəb vəziyyət həqiqətən də ola bilər. Amma bu tezis insanları azad seçkidən məhrum etmək üçün əsas ola bilməz.

Münaqişə yaşanan ölkələrdə də seçki olur, siyasətçilər cəmiyyətin tələbi ilə istefa verirlər və yeni siyasi qüvvə hakimiyyətə gəlir. Əgər o da problemi həll edə bilməsə, növbəti siyasi qüvvəyə üstünlük verilir. Normal siyasət belə olur.

O qədər hərbi üstünlükdən danışdılar ki, Rusiya bu danışıqların əvəzini çıxmaq üçün Ermənistana böyük miqdarda silah – sursat verdi. Son yarım ildə ölkəyə təsir edə biləcək iki mühüm hadisə baş vermişdi. Biri Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı işğal etməsidir. Digər məsələ isə sərhədlərin açılması məsələsinin müzakirə edilməsidir. Bəlkə də sərhədlərin bağlı qalması Ermənistan üçün çətinlik yaradır. Amma ötən illərin təcrübəsi göstərdi ki, bu detal münaqişənin həllinə hər hansı müsbət impuls vermir. Artıq uzun illərdir ki, Ermənistan öz mövqeyindən əl çəkmir. Rusiyanın himayəsi Ermənistanı əksər problemlərdən qoruyur.

Adi vətəndaşlar bütün bu proseslərin necə bitəcəyini hələ kənardan seyr edirlər. Bu seyrçi münasibət nə qədər ki, mövcuddur, problemin gedişində hər hansı dəyişiklik gözləmək əbəsdir. Azərbaycan vətəndaşları Qarabağla bağlı söz demək haqqını özünə qaytarmalıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG