Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Aprelin 28-i Azərbaycanın qadın futbolçuları üçün həlledici gündür


3-4 il əvvəl Azərbaycanda qadın futboluyla bağlı 4 komanda vardı
«Özün gəl, gəl, sonra mənə ötürərsən…»

Bakıda İdman Akademiyasının stadionunda qan-tər içində olan qızlar, oğlanlar kimi canfəşanlıqla futbol oynayırdılar. Top zərif bədənlərinə dəyib izlər qoysa da, qızlar zədələrə baxmayıb hücuma keçir, cərimə meydançasına daxil olur, yıxılır-qalxır, yenə oynayırdılar…
Azərbaycanda qızlar artıq bir neçə on ildir futbol oynayırlar. Özü də həvəskar kimi yox, peşəkar kimi oynamağa çalışırlar. Onlardan biri də Ayğündür. O uşaqlıqdan məhəllələrində futbol oynayıb:

«Oğlanlarla oynayırdım. Çünki qızlar oynamırdılar. Böyüyəndə də oynayırdım. Əvvəlcə evdən məni qoymurdular. Sonra gördülər ki, bacarmırlar, əl çəkdilər».

O vaxtdan Aygün özünə futbol komandası axtarıb və Bakıda qadın futbol klubları yaranmağa başlayanda özünü sınayıb. Bir neçə klubda oynayıb, hətta bir neçə yaş qruplarında yığmaya da cəlb olunub.

3-4 il əvvəl Azərbaycanda qadın futboluyla bağlı 4 komanda vardı. Düzdür, bu klubların hamısı Bakını təmsil edirdilər. O vaxt mütəxəssislər deyirdilər ki, klubların sayını artırmaq, ölkə çempionatı keçirmək lazımdır. 2006-cı ildə hətta ölkə çempionatı da keçirildi. Ancaq sonradan komandalar dağıldı. İndi qadın futboluyla bağlı ölkədə cəmi iki klub var – «Gömrükçü» və «Ruslan-93». Komandaların sayı az olduğundan ölkə çempionatı da keçirilmir. Ancaq bu iki komandanın oyunçularından formalaşmış yğıma komanda var.

Futbol mütəxəssisi Seymur Ağayev deyir ki, ölkədə qadın futboluna maraq az olduğundan oyunlar maraqlı alınmır. Ona görə də beynəlxalq turnirlərdən uğur gözləmək sadəlövhlükdür:
«Almaniyada, Danimarkada qadın futbolu güclüdür. Bizdə qadın futboluna maraq azdır, gələcəyi isə yoxdur».

Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev isə bu fikirlərlə razı deyil. O deyir ki, düzdür, qızları futbola cəlb eləmək çətindir, təcrübə də azdır. Ancaq inkişafın olmadığını demək düz deyil:

«Bizim qızlar beynəlxalq turnirlərdə çıxış edirlər. Bu cür turnirlər qadın futbolunun inkişafına təkan verir».

Qadın futbolundan danışanda elə kişi futbolunda olduğu kimi bu sahəyə kiçik yaş qruplarından cəlb olunmanın vacibliyi qeyd edilir. Vaxtilə özü futbolçu olmuş Kəmalə İbadova deyir ki, əsas iş məktəblilər arasında yarışlar keçirib onları cəlb etməkdir:

«Bu, olmasa inkişaf da olmayacaq».

Beynəlxalq dərəcəli hakim Venara Muradova isə bildirir ki, Azərbaycanda qadın futbolunun inkişafı üçün çoxlu yarışlar keçirmək lazımdır:

«Düzdür, qızlar məşq eləyir, ancaq təkcə məşqlə deyil axı. Gərək çoxlu yarışlar olsun, qızların təcrübəsi artsın».

Hazırda qadın futbolçuların axtarışı, yığma komandanın formalaşması AFFA-da uşaq və gənclər futbolunun tərəqqisi və turnirlərin təşkili departamentinin rəisi Bəhruz Əsgərovova tapşırılb. O da razılaşır ki, əgər ölkədə qadın futboluyla bağlı çempionat yoxdursa, seçim də yoxdur. Ancaq deyir ki, son vaxtlar İmişlidə, Göyçayda, Lənkəranda istedadlı futbolçu qızlar aşkara çıxarıb. Bəhruz Əsgərovun sözlərinə görə, bu sahədə maliyyə problemi yox, kadr problemi var.

Hazırda Azərbaycanın qadınlardan ibarət yığma komandası Portuqaliyada keçirilən Avropa Çempionatının ikinci mərhələsində iştirak edir. Onlar Çexiya, Şimali İrlandiya və Finlandiya yığmalarına qalib gələndən sonra bu mərhələyə çıxıblar. Azərbaycan yığması Portuqaliya, Uels və Fransa yığmalarıyla bir qrupda mübarizə aparır. Aprelin 23-də Portuqaliyaya 2:0 qalib gəliblər, 25-də Uels yığmasıyla heç-heçə oynayıblar - 2:2. Aprelin 28-də isə Azərbaycanın qadın futbolçuları Fransa yığmasıyla həlledici oyuna çıxırlar. Əgər bu oyundan qalib ayrılsalar, Avropa Çempionatının finalına vəsiqə qazanacaqlar.

Azərbaycanda qadın futbolunun tarixi sovet dövrü ilə bağlıdır. 1980-ci illərdə SSRİ-də qadınlar arasında futbolu inkişaf etdirmək üçün futbol komandaları yaradılmağa başlayanda Bakıda da «Bakılı» adlı komanda yaradılmışdı. Onda Mehparə Əliyeva, İradə Quliyeva kimi futbolçular da vardı. SSRİ dağılandan sonra başqa MDB ölkələrində bu sahədə olan inkişaf Azərbaycanda olmadı. 2003-cü ildə isə Qadın Futbol Federasiyası yaradıldı. İndi ölkə çempionatı keçirilməsə də, yığma komanda var. Komandanın baş məşqçisi Şamil Heydərovdur. Yğımanın üzvləri isə bunlardır:

1. Lyubov Tirina
2. Əlfiyyə Bikbulatova
3. Svetlana Milyukina
4. Olqa Aslanova
5. Yelena Həsənova
6. Nərminə Rzayeva
7. Svetlana Sadçikova
8. Fəridə Babayeva
9. Nərminə Məmmədova
10. Nərgiz Hacıyeva
11. Sədaqət Vəliyeva
12. Yekaterina Qromova
13. Yelena Abbasova
14. Nərgiz Paşayeva
15. Nigar İsmayılova
16. Aysel Bağırova
17. Anna Ələkbərova
18. İrina Süleymanova

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG