Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Neft Akademiyasındakı faciə universitetləri hərəkətə gətirdi


Tələbələr deyir ki, mühafizə xidmətində elə tələbələr çalışır
Tələbələr deyir ki, mühafizə xidmətində elə tələbələr çalışır
Memarlıq və İnşaat Universitetinin tələbələri aprelin 30-da Neft Akademiyasında baş verən faciədən çox həyəcanlanıblar. Onlar deyirlər ki, universitetlərdə mühafizə xidməti normal olsa, belə hallar da baş verməz. Universitetin mühafizə xidmətinin rəisi hər hansı informasiya verməkdən çəkindi. Tələbələr isə deyir ki, mühafizə xidmətində elə tələbələr çalışır:

- Hesab edirəm ki, tələbələrin orda durmağı pisdir. Gərək silahlı-zadlı xüsusi mühafizə olsun. Görkəmindən idmançı olan tələbələri qoyurlar orda dayansın. Nə qədər adam olsa da, silahın qarşısında acizdir.

Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höccətov isə deyir ki, Neft Akademiyasında qətl gücləndirilmiş iş rejimində işləməyi tələb edir:

- Hər korpusda mühafizəçimiz var. Səhər-səhər tələbələri və işçiləri özümüz qəbul edirik. Kənar şəxslərin vəsiqələrini alıb jurnalımıza yazırıq.

Bakı Dövlət Universitetinin tələbələrinin bir çoxu deyir ki, dərsə gələrkən mühafizə xidməti tələbə biletini yoxlayır. Amma buna heç də hər zaman əməl olunmur:

- Elə vaxt olur ki, istəmirlər. Bir həftədən bir, nəzarət olanda istəyirlər...Hər dəfə tələbə biletini göstərib keçirik. Çantamıza da baxırlar, əlavə «veş»lər olanda.

Digər universitetlərdən fərqli olaraq Texniki Universitetin həyətində isə polis maşını vardı. Yasamal rayonu mühafizə xidmətinin polis serjantı Qalib Şahmarov deyir ki, bu gündən gücləndirilmiş iş rejimində çalışırlar:

- Kənar şəxslərin içəri buraxılması ciddi nəzarətdədir. Bu gün gücləndirilmiş iş rejimindəyik ki, hər hansı xarici müdaxilə, terror hadisəsi olarsa, yerimizdə olaq.

Polis serjantının dediklərindən fərqli olaraq kənar şəxs kimi biz asanlıqla universitetin həyətinə girə bildik. Buna rəğmən universitetin mühafizə dəstəsinin rəisi Sabir Atakişiyev deyir ki, hər cür təhlükəsizlik qaydalarına əməl olunur:

- Şübhəli şəxsləri yoxlayırıq, institutun əmlakını mühafizə edirik. Həmişə diqqətliyik, bundan belə də işimizi ayıq-sayıq quracığıq.

İqtisad Universitetində də mühafizə xidmətinin iş prinsipi eynidir. Burada da tələbə biletləri yoxlanılır. Universitetin mühafizə xidmətində çalışan Rüfət Məmmədov:

- Tələbələrdən tələbə biletləri, kənar şəxslər gələndə isə sənədlərini alıb buraxılış vərəqəsi veririk. Çantalar da əgər lap yekə olarsa, kiməsə hədiyyə gətirilibsə, açıb yoxlayırıq, amma belə yoxlamağa ixtiyarımız yoxdur.

Neft Akademiyasında baş vermiş faciə İqtisad Universitetinin tələbələrini də təşvişə salıb. Bəzi tələbələr hesab edir ki, bu hadisədən sonra İqtisad Universitetində də mühafizə gücləndirilib:

- Nəinki universitetdə, ümumiyyətlə nəqliyyat vasitəsində də. Mən metroda da hiss eləyirəm ki, insanlarda bir qorxu var, adamlar təhlükəni hiss edirlər. Yoxlanış yaxşıdır, amma son vaxtlar elə də yoxlamırlar. Həm də ki, tanış uşaqları qapıçılar buraxırlar, amma mən əminəm ki, tanımadığı adamları buraxmırlar.

Qərb Universitetində də mühafizə xidməti eyni qaydada çalışır. Universitetin dosenti Mirələm Ağa müasir yoxlama aparatlarına ehtiyac duyulduğunu etiraf etsə də, hələlik belə sistemin quraşdırılmadığını deyir:

- Xaricdən universitetin mühafizəsini Səbail rayonu polis mühafizə xidməti təmin edir. Biz hər il onlarla müqavilə bağlayırıq. Tələbələrin çantası olanda mühafizəçi şübhələnəndə yoxlaya bilir. Xüsusi aparat yoxdur, bizdə elektron siqnalizasiya sistemi qurulacaq. İstərdim ki, mühafizə xidməti güclü olsun.
XS
SM
MD
LG