Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:53

Əsirlikdə olduğuna görə, heç bir vətəndaşın təqib və mühakimə edilmədiyi bildirilir


Azərbaycan hakimiyyəti əsirlikdə olduğuna görə, heç bir vətəndaşını təqib və mühakimə etmədiyini bildirir. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla bağlı Dövlət Komissiyası İşçi Qrupunun iyunun 23-də yaydığı bəyanatda deyilir ki, indiyədək əsirlikdə olmuş 1388 nəfərdən yalnız 20-si cinayət məsuliyyətinə cəlb olunub. Onlar da əsirlikdə olduqlarına görə yox, başqa cinayət əməllərinə görə azadlıqdan məhrum olunublar. Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Firudin Sadıqov: «İndiyədək cəmi iyirmi nəfər məhkum olunub. Bu, çoxdu, azdı siz müəyyənləşdirin».


Cənab Sadıqov əlavə edir ki, hər iki tərəfdən itkin düşənlər Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdə yoxa çıxıblar və axtarışlar da həmin ərazidə aparılmalıdır. Əsir düşmüş şəxslərin axtarılması ilə məşğul olan Beynəlxalq İşçi Qrupunun həmsədrləri isə Dağlıq Qarabağda bütün qapıların qrupun üzünə açıq olduğunu iddia etsələr də, onların dəfələrlə regiona səfəri heç bir insanın taleyinə aydınlıq gətirməyib. Əksinə, həmsədrlər sağ qalan adamlar haqqında özlərinin dediklərini şübhə altına alır, onların tapılmasına çox az ümid olduğunu bildirirlər.


Əsir düşmüş şəxslərin axtarılması ilə məşğul olan Beynəlxalq İşçi Qrupun həmsədrləri bu günlərdə bəyanat yayaraq Azərbaycanda keçmiş hərbi əsirlərlə qeyri-humanist rəftar olunduğunu, ölkəyə qayıtdıqdan sonra onların təqib və həbs olunduğunu bildirmişdi. Həmin qrupun Azərbaycandakı koordinatoru Əvəz Həsənov bildirir ki, onlar hərbi əsirlərin Azərbaycana qorxmadan qayıtmalarını, böyük çətinliklərdən keçmiş adamların yenidən təqiblərə məruz qlamamasını istəyirlər.


Cənab Həsənov Dövlət Komissiyasının onların imkanlarını yüksək qiymətləndirdiyini düşünür: «Bizim imkanlarımız həm də ona görə məhduddur ki, hər iki tərəfin Dövlət komissiyaları əməkdaşlıq etmək istəmirlər. Məncə, Azərbaycanla Ermənistanın əməkdaşlığı daha effektli olar, nəinki beş-altı nəfərlik bir qurumun».


Bununla belə, Əvəz Həsənov Azərbaycan Dövlət Komissiyasının peşəkarlığını yüksək qiymətləndirdiklərini, onları hətta Ermənistanda da nümunə göstərdiklərini deyir.


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla bağlı Dövlət Komissiyasının məlumatına görə, itkin düşən azərbaycanlıların sayı 4581, ermənilərin sayı isə 414 nəfərdir.


XS
SM
MD
LG