Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:28

«Günü sabah Şuşada konsert verməyə hazıram!»


Ceyhun-Klement Hacıbəyli
Ceyhun-Klement Hacıbəyli

«İz» proqramından bilirsiniz ki, Bakıda keçirilən beynəlxalq caz festivalına Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin nəvəsi, həm də adaşı – Ceyhun-Klement Hacıbəyli də qatılıb. Müsyö Klement və ya Ceyhun bəy «Azadlıq» radiosunun qonağı olub.


AZADLIQ: Azərbaycanda çox sevilib-seçilən bir nəsli təmsil etdiyinizin fərqindəmisiz?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Təbii ki, fərqindəyəm. Mənim də aid olduğum Hacıbəylilərin Azərbaycanın ictimai və mədəni həyatında mühüm rol oynadığını bilirəm.


AZADLIQ: Həmin soya mənsubluğunuz həyatınızın gedişinə nə cür təsir edib?


CEYHUN-KLEMENT HACIBƏYLİ: İş elə gətirib ki, milliyyətcə fransız olan nənəm də musiqiçilər ailəsində yetişib: o nəsildə də pianoçular, violaçalanlar və b. var. Deməli, əslinə qalsa, hansı nəslə mənsub olsam, musiqiçi olacaqdım.


AZADLIQ: Klement-Klement adını Sizə kim verib? Bolşevik general Voroşilovla adaş olduğunuz üçün bunu soruşuram…


CEYHUN-KLEMENT HACIBƏYLİ: Heç bir bağlılıq yoxdur. Mənim adım Ceyhundur. Atam – Temuçin Hacıbəyli mənə atasının adını qoyub. Anam da Ceyhunu fransızcaya uyğunlaşdırıb və beləcə olmuşam Ceyhun-Klement...


AZADLIQ: Bu Caz Şənliyində 2 önəmli soyadını eşitdik - Sarabski və Hacıbəyli. Bir vaxtlar muğam sənəti və milli musiqi ilə bağlı bu soyadları indi cazla bağlantılıdır. Təəccüblənmirsiniz buna?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Qətiyyən. Əvvəla, atamın söylədiyinə görə, onun əmisi Üzeyir bəy də cazı sevirmiş, hətta 40-cı illərdə «Karvan» qrupunun ifalarını sevə-sevə dinləyirmiş. (Çox güman, Tofiq Quliyevin caz orkestrini nəzərdə tutur.) Yəqin, sovetlər zamanı caz əslində yasaq sayıldığından bunu açıq-açıq dilə gətirməyib. Digər tərəfdən, həm muğamda, həm də cazda mətn və musiqi var, hər ikisində improvizə çox önəmlidir. Muğamatçıların cazmenlərə çevrilməsində təəccüblü heç nə yoxdur. Əksinə, məhz qanunauyğunluq var.


AZADLIQ: Publika necə, ürəyinizcə oldumu?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Əlbəttə, biz onlarla, onlar bizimlə və daha çox, təbii ki, məşhur cazmenlərlə birbaşa təmas qurdular. Dinləyicilərimizdən çox razıyam.


AZADLIQ: Şuşa Hacıbəylilərin dop-doğma şəhəridir. Belə bir festivalın orada da keçirilməsi ağlınıza gəlməyib?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Son dəfə elə dünən axşam bu barədə danışmışıq. Çox böyük həvəslə, ləzzətlə bunu edərdim. Günü sabah Şuşada konsert verməyə hazıram!


AZADLIQ: Baba yurduna gəlişiniz çox uzun sürdü. Bu gəlişə Aleksey Tolstoyun ünlü bir romanının adı - «Əzablı yollarla» adı uyğun gəlir?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Çox uyğun addır. Bundan əvvəl Dünya Azərbaycanlılarının Konqresinə dəvət olunmuşdum. Azərbaycan prezidenti dəvət etmişdi. Qohumlarımla o zaman görüşdüm. O qədər isti münasibət gördüm, o qədər yerə getdim ki, lap sarsılmışdım. Amma əzablı yollar adı daha çox atama uyğun gəlir. O, sağlığında - ötən əsrin 60-cı illərində Azərbaycana gələ, hətta Şuşanı görə bildi.


AZADLIQ: Babanız Ceyhunla Sizi nə birləşdirirdi. Təbii ki, adınızdan və qohumluqdan başqa…


CEYHUN-KLEMENT HACIBƏYLİ: O, 1962-ci ildə dünyasını dəyişib. Uzun illər Fransanın Xarici İşlər Nazirliyində – mətbuat departamentdə çalışıb. Həmişə sovet qəzetlərini oxuyub və müəyyən xəbərləri, nə qədər uşaq olsam da, mənə də danışıb. Azərbaycan haqqında çox şey danışıb mənə. Şuşa haqqında, Qarabağ haqqında. Babamı çox sevirdim. Qaraqabaq və özünəqapalı olsa da, o da məni çox sevirdi. Mən özümü həmişə azərbaycanlı saymışam. Mən də Ceyhun Hacıbəyliyəm və babamla da, Üzeyir Hacıbəyli ilə də fəxr edirəm. Həmin soya mənsubluğumdan qürur duyuram.


AZADLIQ: Caz bir möcüzə göstərib insanları yaxınlaşdırıb. Sizcə, Qarabağ düyününü də caz çözə bilərmi?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Fransızların bir məsəli var: musiqi sərhəd tanımır. Bilirəm ki, yalnız siyasətlə konflikti çözmək olar. Buna musiqinin gücü yetməz.


AZADLIQ: Son sual: Qrupunuzun adı «Qaçaqaç»dır. Babanızın mühacir keçmişinə dəxli var bu adın?


CEYHUN-KLEMENT HACIBƏYLİ: Təsadüfi uyğunluqdur. Rain Sultanovla dostam. Əsərlərini də sevirəm. «Qaçaqaç» adı da onun bəstələrindən birinin adıdır. Sevdiyim üçün götürdüm.


AZADLIQ: Təşəkkür edirik, müsyö Klement – cənab Hacıbəyli! Vətəninizə xoş gəlmisiniz. Həmişə gözümüz üstündə yeriniz var…


CEYHUN-KLEMENT HACIBƏYLİ: Çox sağ olun. Mən azərbaycanlıyam və bura mənim evimdir.


Buna da bax:

XS
SM
MD
LG