Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:51

İyulun 20-də Hacı Məmmədovun məhkəməsi başlanır


Sabiq polis polkovnik-leytenantı Hacı Məmmədov
Sabiq polis polkovnik-leytenantı Hacı Məmmədov

Sevil Həmidovanın oğlu 5 il əvvəl öldürülüb. Bu yaxınlarda məlum olub ki, o da çoxsaylı insanları qətlə yetirməkdə və adam oğurluğunda ittiham edilən Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməkdaşı polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.


Dəstə üzvləri ötən ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «qara kəmər» əməliyyatı zamanı həbs ediliblər. Daha sonra istintaqın gedişində DİN-in bir sıra yüksək rütbəli zabitlərinin də Hacı Məmmədovla bağlı olduğu və ölkədə çox sayda səs-küylü qətllərin məhz onlar tərəfindən törədildiyi bildirildi.


İyulun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu iş üzrə 26 nəfərin məhkəməsi başlanacaq. DİN-in ən yüksək postlarında işləmiş məmurların məhkəməsinin açıq olacağı bildirildiyindən prosesdə hökumətin müxtəlif qollarında təmsil olunan şəxslər haqqında maraqlı açıqlamaların olacağını gözləyənlər çoxdur. İstintaq materiallarında dəstəyə rəhbərlik etdiyi bildirilən Hacı Məmmədovun vəkili Səməd Əliyev də belə açıqlamaları istisna etmir: «Açıqlamalar da, sürprizlər də ola bilər. Hər şey məhkəmədə məlum olacaq». Vəkil onu da əlavə edir ki, DİN-də yüksək vəzifədə işlədiyi on il ərzində Hacı Məmmədovun fəaliyyətindən daha yüksək vəzifəlilərin xəbər tutmamağı inandırıcı görünmür.


«Bir gün bir adam işə gəlməyəndə ondan bunun səbəbini soruşurlar. Deyə bilmərəm, müdafiə elədiyim adam 10 il necə işləyib, necə olub ki, hadisələr bu həddə çatıb. Ancaq məsəl var deyirlər ki, balıq başdan iylənir, quyruğundan təmizlənir».


Vəkil Səməd Əliyev deyir ki, buna görə müdafiə tərəfinin güc strukturları rəhbərlərini məhkəməyə şahid kimi çağırmaları gözləniləndir.


Zərərçəkənlərdən olan Sevil Həmidova isə məhkəmədən ədalətli qərar gözləyir. Sevil xanım oğlunun doğurdan da dəstə üzvlər tərəfindən öldürüldüyü sübuta yetirilərsə oğlunun uşaqlarına görə kompensasiya tələb edəcək: «Bu 5 ildə 3 uşağı necə əzabla saxlamışam. Məhkəmədən həmin illərlə görə zərərin ödənməsini də tələb edəcəyəm».


XS
SM
MD
LG