Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:49

Yaxın Şərq böhranı azərbaycanlı təhlilçilərin gözü ilə…


Livan ailəsi Suriyaya qaçır, 17 iyul 2006
Livan ailəsi Suriyaya qaçır, 17 iyul 2006

Bir neçə gündür ki, İsrail ordusu Livan ərazisində hərbi əməliyyatlara başlayıb. Məsələyə münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyi Yaxın Şərqdə zorakılığın alovlanmasından narahatlıq bildirib. Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə deyib ki, Azərbaycan Yaxın Şərqdə zorakılığın dayandırılması üçün İslam Konfransı Təşkilatının BMT rəhbərliyinə müraciət etməsi təşəbbüsü ilə çıxış edib: «Biz hesab edirik ki, zorakılıq heç bir problemin həllinə kömək etməyəcək. Azərbaycan hər iki tərəfə müraciət edərək, onları zorakılığı dayandırmağa çağırır. Hesab edirik ki, tərəflər, o cümlədən də İsrail çağırışlara adekvat reaksiya bildirməlidir».


Ancaq hökumətin mövqeyini bir qədər yumşaq hesab edən qüvvələr də var. Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu hesab edir ki, Azərbaycan hökuməti Yaxın Şərqdə dinc müsəlman əhalisinin öldürülməsini qəti şəkildə pisləməlidir. Onun sözlərinə görə, onlar Yaxın Şərqdə baş verən hadisələrə etiraz əlaməti olaraq kütləvi etiraz aksiyalarına da başlamaq niyyətindədirlər: «İsrail təcavüzkar siyasətini açıq şəkildə ortaya qoyub. İş o yerə çatıb ki, İsrail BMT-ni də tanımır. Bu, Yaxın Şərqdə müharibəni yenidən alovlandırır».


Bir sıra təhlilçilər isə Yaxın Şərq münaqişəsinə daha soyuqqanlı yanaşmağa çalışırlar. Prezidentin Xarici Siyasət Məsələləri üzrə keçmiş müşaviri Vəfa Quluzadə deyir ki, Azərbaycan indi özünü neytral aparmağa çalışsa da, daha çox İsraili müdafiə etmək məcburiyyətindədir: «Azərbaycan Yuqoslaviyada da, Əfqanıstanda da, İraqda da ABŞ-ın yanında olub. İndi də İsraili müdafiə etməli olacaq».


Cənab Quluzadə deyir ki, İsrail bütün müsəlman ölkələrini Misir kimi neytral görmək istəyir. Ona görə də Fələstində xalqın iradəsi ilə hesablaşmayaraq «Həmas»la əməkdaşlıq etmək istəmir.


Başqa bir təhlilçi, Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə, Yaxın Şərq böhranını dəyərləndirərkən Azərbaycanla paralellər aparır. Onun sözlərinə görə, Azərbaycan kimisə müdafiə etməkdənsə, bu hadisələrdən istifadə edərək öz haqqını dünyaya çatdırmalıdır: «İsrail bir neçə əsgərindən ötrü, müharibəyə başlayıb. Bəs ərazisinin 20 faizi işğal olunan Azərbaycanın necə öz haqqını müdafiə etməyə hüququ varmı? Məsələ belə qoyulmalıdır».


«Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov isə, deyir ki, Yaxın Şərq böhranında balanslı siyasət yeritmək daha düzgün olardı. Onun sözlərinə görə, Azərbaycan nə müsəlman ölkələri ilə, nə də İsraillə dostluq əlaqələrindən əl çəkməməlidir: «Biz İslam Konfransı Təşkilatının üzvüyük. Qarabağ münaqişəsinin BMT-yə çıxarılması zamanı həmin təşkilata üzv olan ölkələr Azərbaycanı müdafiə etdilər. Biz erməni lobbisinə qarşı mübarizədə İsrailin də imkanlarından istifadə edirik».


Cənab Namazov deyir ki, Azərbaycan Yaxın Şərq məsələsində BMT-nin tutduğu xətdən kənara çıxmamalıdır. Onun sözlərinə görə, belə siyasət nə Azərbaycanın mənafeyinə, nə də neytrallığına ciddi xələl gətirəcək.


XS
SM
MD
LG